Cəmiyyət

Şəhid jurnalist Salatın Əsgərovanın doğum günüdür

Azərbaycan xalqının qürurla adını anacağı Milli Qəhrəmanlarmızdan biri də unudulmaz insan, Azərbaycan Mətbuatının qeyrətli jurnalisti Salatın Əsgərovadır. Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib və Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın xanım jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” (Azərbaycan Gəncləri) qəzetində işləməyə başlayıb. Salatın xanım müxtəlif mövzularda yazırdı. Onun toxunduğu mövzular o illərin ən vacib və ən öndə gələn məsələləri idi. Lakin 1990-cı il 20 yanvar hadisələri, Qarabağ problemi, ermənilərin Qarabağda millətə qarşı hücumları Salatın xanıma dəfələrlə hadisə yerinə getməyi milli məsələ halına gətirmişdi. Peşəsini sevən və ona sadiq olan bu qorxmaz gənc qadın Qarabağın ən odlu nöqtələrində olurdu
1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.
Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
Qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qaldı. Hazırda o da anasının yolunu davam etdirərək jurnalist kimi fəaliyyət göstərir.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button