Araşdırma

Qəhrəman mirzə Salur: Gündəliyindən görünən adam-ƏNVƏR ÇİNGİZOĞLUNUN ARAŞDIRMASI

Qəhrəman mirzə Salur Qacar elinin Qovanlı (Qoyunlu da deyilir) oymağına mənsubdur. Qacarlar sülaləsinin 3-cü hökmdarı Qazi Məhəmməd şah Qacarın nəvəsidir. Nənəsi türkmənlərin Salur boyundan olduğundan bu soyadı daşıyırdılar.

Əbdüssəməd mirzənin ikinci oğlu Qəhrəman mirzə Salur 21 yanvar 1871-ci ildə Tehran çəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. İngilis və frnasız dillərini bilirdi. Eynəssəltənə ləqəbi daşıyırdı.

Qəhrəman mirzə Salur orduda xidmətə başlamışdı. Acudani-hüzur ləqəbini almışdı. Sonra müavin (naibülhükəma) kimi Xəmsə əyalətində atasına yardım etmişdi.

Qəhrəman mirzə Salur 1890-cı ildən 1898-ci ilədək Nəhavəndin hakimi olmuşdu. Orda Fars əyalətinə dəyişilmişdi. 1900-cü ilədək əyalətin vilayətlərinin hakimi olmuşdu. Vali Əbdülvahab xan Nizamülmülkün müavini idi.
Qəhrəman mirzə Salur 1901-ci ildən 1903-cü ilədək Zəncana başçılıq etmişdi.

Qəhrəman mirzə Salur Məşrutə hərəkatından sonra Ələmuta yollanmışdı. Burda mülk almış, 12 il əmlakını idarə etmişdi. Saidəddövlə Ələkbər xan Məhəmmədəli oğlu Xələtbari onun əmlakına göz qoymuşdu. Ordan Tehrana gəlmiş, əyalətlərdəki mülkünü idarə etməklə güzəran keçirmişdi.

Qəhrəman mirzə Salur 1 oktyabr 1945-ci ildə vəfat edib.

Qəhrəman mirzə Salur Zeynəb xanımla, Kövkəb xanımla və İmadəssəltənə xanımla ailə qurmuşdu. Abbas mirzə, Məsud mirzə adlı oğlanları, Nüzhətəlmülk xanım, Hurəleyn xanım adlı qızları vardı.

Qəhrəman mirzə Salurun xatirəsi “Ruznaməyi xatərat” (Xatirələr gündəliyi”) adlanır. (Qəhrəman Mirzə ʿEynəssəltənə Salur, Ruznamə-ye xaṭərat, red. Məsud Salur və İrəc Əfşar, 10 cilddə, Tehran, 1995-2001.)

Bu xatirənin əhəmiyyəti onun yalnız həsr olunduğu şəxslərin ömür və yaradıcılıq yolunu izləməklə məhdudlaşmır, həmin şəxslərin doğulduğu, yaşadığı, yaratdığı bütöv bir tarixi dövrü və mühiti öyrənmək üçün də ilkin, etibarlı və mühüm bir mənbə funksiyası daşıyır. Bu baxımdan Qəhrəman mirzə Salurun xatirəsi Qacarlar dövrünün yalnız ədəbi-mədəni irsinin deyil, tarixinin öyrənilməsi üçün də qiymətli mənbə sayılır.

Qəhrəman mirzə Salur xatirə gündəliyinin əvvəlində öz nəsli-kökü, ata, ana və babaları haqqında maraqlı məlumat verir.

Qəhrəman mirzə Salur dövrünü xatirəsində uğurla canlandırılmış, həyat həqiqəti əhatəli və dolğun şəkildə əks olunmuşdur. Xatirədə Qacar şahzadəsinin şəxsi keyfiyyətləri, mərdliyi, bir şəxsiyyət və bir ictimai xadim kimi daxili mədəniyyəti, heç nədən çəkinmədən həqiqəti deməsi açıq-aydın görünür.

Qeyd etməliyik ki, bu tipli gündəliklərin, qeydlərin, xatirələrin və digər sənədli əsərlərin əhəmiyyəti onların təkcə real hadisələr və insanlar haqqında məlumatın olması ilə deyil, həm də ideya məzmunu: müəllifin və onun qəhrəmanlarının mənəvi zənginliyə, ictimai və estetik ideallara münasibəti ilə təyin olunur. Bunun üçün yalnız faktları tapmaq və təsvir etmək, keçmişin real hadisələrini yaratmaq bacarığına malik olmaq azdır, həmçinin keçmişin real səhnələrini təkrar yaratmaq, geniş dünyagörüşə malik olmaq, ideya məqsədinə doğru yönəldilmə, həyatı dərindən başa düşmək lazımdır.

Hər bir qaynaq tipindən asılı olmayaraq qiymətlidir. Çünki hər bir müəllifin həyatı, dövrü, mühiti haqqında mülahizə yürüdərkən onun öz əsərləri qədər dəyərli mənbə, demək olar ki, yoxdur. Bu mənbə həm də çox vaxt digər tanınmış şəxsiyyətin həyat və fəaliyyətinin ayrı-ayrı cəhətlərini açıqlayır, onun ömür yoluna işıq salır. Qəhrəman mirzə Salur mühitinə mənsub olan öz müasirlərini birər-birər əks edib.
Xatirələrində o, yeri gəldikcə dövrün ictimai-siyasi durumuna da toxunur, açıqlama verir. Qəhrəman mirzə Salurunun xatirələri İran tarixinin, eləcə də müəllifin özünün sənət və həyat yolunu işıqlandırmaq baxımından qiymətli qaynaqlardan hesab oluna bilər.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button