Cəmiyyət

Deputatın oteli 40 şəhid verən Lerikdə şənlik hayında – Foto

Lerikdə yerləşən “Relax” istirahət mərkəzi sərtləşdirilmiş karantin rejimi dönəmində Yeni il bayramı üçün endirim kampaniyası elan edib.Reportyor.info-nun verdiyi xəbərə görə, bu haqda otel tərəfindən reklama başlanıb və müştərilərə müxtəlif paketlər təklif olunur.Kampaniya “2021 – Yeni ili Relaxda qeyd elə” şüarı ilə aparılır. Rezerv üçün vatsap nömrəsini yerləşdirən otel rəhbərliyi qiymətləri açıqlayıb.
Məlum olur ki, 30 dekabrdan 3 yanvaradək ikinəfərlik bir otaq səhər yeməyi də daxil 299 manatdır. Və beş gün üçün hədiyyə də vəd edilir.

Bu endirim kampaniyasının detallarını açıqlamaqda məqsədimiz heç də “Relax”ı reklam etmək deyil. Əksinə, real olduğunu çatdırmaqdır.Çünki istirahət mərkəzi ilk növbədə bütün qanunları pozaraq, karantin rejiminə zidd addım ataraq Yeni il şənliyinə hazırlaşır.Halbuki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Yeni ildə bütün kütləvi tədbirlərin qadağan edildiyi barədə xəbərdarlıq olunub. “Relax” isə nə qanun, nə DİN, nə dövlətin qərarını sayır.

Deməli, virusa yoluxmanın artması, pandemiya ilə bağlı gedişat oteli maraqlandırmır, əsas məsələ kütləvi yığıncaq təşkil etməklə gəlir əldə etməkdir. Bu, məsələnin qanuni və hüquqi aspektidir.Reportyor.info bir də məsələnin mənəvi tərəfini diqqətə çatdırmağı vacib bilir. Əvvəla, Lerik rayonu Vətən müharibəsində 40 şəhid verib.

Ümumiyyətlə, lerikli əsgərlərimiz, zabitlərimiz, xüsusi təyinatlılarımız Qarabağın azad edilməsində böyük qəhrəmanlıq nümayiş etdirib.

Təsadüfi deyil ki, Şuşanın azad olunması barədə raportu Ali Baş Komandana məruzə edən hərbçimiz də əslən leriklidir.
Amma “Relax” istirahət mərkəzi şəhidlər verən lerikli ailələrə və bütövlükdə Azərbaycan xalqına hörmətsizlik göstərərək şadyanalıq edir.

2873 şəhidi olan, yarası sağalmayan millətə bu nə münasibətdir, necə şənlənmək, əylənmək, bayram qeyd etmək olar?!
Təbii, hər bir vətəndaşın bayramı istədiyi şəkildə keçirmək hüququ var, bunu kimsə qadağan etmir, amma işin mənəvi tərəfi var axı?!

Nəhayət, ən dəhşətlisi budur ki, həmin otel Lerikin deputatı İqbal Məmmədova məxsusdur.
Gecə-gündüz şəhid dəfnlərində iştirak etdiyini, şəhid ailələrinə, qazilərə diqqət, qayğı göstərdiyini deyən İ.Məmmədovun otelində bayram təşkil edilir.

Lerikli şəhidlərin ruhu inciməzmi, anaların qəlbinə dəyməzmi? Ümidvarıq ki, “Relax”ın bu addımından İ.Məmmədov xəbərsizdir.
Yada salaq ki, ötən il deputatın oğlu və qardaşı uşaqları adıçəkilən istirahət mərkəzində vergi əməkdaşlarını döydüklərinə görə həbs olunmuşdular.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button