Cəmiyyət

Milli Onkologiya Mərkəzi bir pasiyentin gözü ilə…

“…Doğru deyiblər ki,əgər yaxşılıq etmək istəyirsənsə həkim ol…”

Son illərin ən qorxulu xəstəliklərindən biri hesab edilən onkoloji xəstəliklər Azərbaycanda insan ölümünün əsas səbəbləri barədə rəsmi statistikada ikinci yerdə qərarlaşır. Erkən diaqnoz olarsa asanlıqla müalicə edilə bilən xərçəng xəstəliyinin geniş yayılmasındakı əsas səbəb insan oqranizmində gizlin inkişaf etməsi və gec aşkarlanmasıdır. Lakin xəstəliyin bir çox növləri hətta gec aşkarlansa belə peşəkar həkim əlində ram edilə bilir. Eynilə həmsöhbətimizin hekayəsində olduğu kimi…

Sevda Axundova ilə tanışlığımızın tarixi 7 il əvvələ uzanır. Oğlumun 1-ci sinfə qəbulu üçün məktəbə getmişdim, elə girişdə üzündən təbəssüm yağan bir müəllimə ilə rastlaşdım, kiçik bir söhbətdən sonra Sevda müəllimənin də həmin il birinci sinif qəbul etdiyini öyrəndim və oğlumu onun sinfinə yazdırdım. 4 il sonra yaşayış yerimizi dəyişməli olduğumuz üçün övladımın məktəbi də dəyişdi. 3 ildir Sevda müəlliməni görmürdüm, amma əlaqəmizi kəsməmişdik, telefonla hal-əhval tuturduq. Bu günlərdə əməliyyat olunduğunu öyrəndim və bu yazının tarixçəsi də o əməliyyatla bağlıdır.

Belə ki, Sevda müəllimə 2020-ci ilin sentyabr ayında Milli Onkologiya Mərkəzinə müraciət edib. Ona 3-cü mərhələ döş xərçəngi diaqnozu qoyulub. Yaxınları ona ölkə xaricində müalicə almağı məsləhət görsə də Sevda xanım Bakıda müalicə olunmaq istəyir. Deyir ki bu qərarına səbəb Prezident İlham Əliyevin təməlinin atılmasında və açılışında iştirak etdiyi Onkoloji Mərkəzin həkimlərinə güvənməsi olub: “Düşündüm ki, bir mərkəz ki ölkə rəhbərinin tapşırığı ilə inşa edilə, hər cür şəraitlə təmin edilə, orada pis həkim olmaz. Ona görə də yaxınlarıma dedim ki mən öz həkimlərimizə etibar edirəm”.

İlk günlər kimyəvi terapiya almağa başlayan Sevda müəlliməyə üç prosedurdan sonra əməliyyat təyin olunub. Onun cərrah-onkoloq Cavid Qəribovla tanışlığı da buradan başlayıb: “ Bu həkimlə ilk görüşümüz mənə tezliklə sağalacağım və hər şeyin yaxşı olacağına ümid verdi. Yüksək peşəkarlığı məni inandırdı ki, mən yalnız sağalmayacam, eyni zamanda çox sevdiyim müəllimlik peşəmə də geri dönə biləcəm. Bunun üçün sidq ürəklə həkimimə minnətdarlığımı bildirmək istəyirəm. Cavid doktor onun yanına gələn bütün pasiyenlərə allahın lütfüdür, onun pasiyentlərə münasibəti, qayğısı, peşəkarlığı insanı əməliyyatsız da sağalmağa inandırır. O məni dünyaya yenidən qaytardı, sağlam və əvvəlki Sevda olaraq yenidən həyata başladım”.

Müsahibim deyir ki, Cavid Qəribov incə bir ruha və sonsuz mərhəmətlə dolu bir qəlbə sahibdir, hər zaman bütün pasiyentlərinə vaxt tapmağa və bütün sualları cavablandırmağa hazır olan bir insandır: “Möhtəşəm bir əməliyyat keçirdim, sağlamlığıma qovuşdum. Xəstələrə diqqətli yanaşma, palatalardakı təmizlik və rahatlıq üçün bu mərkəzə, xüsusilə Cavid doktora təşəkkür edirəm. Sağalan hər xəstəsinə görə mən onun nə qədər xoşbəxt olduğunun şahidi oldum. Mən onun simasında əsl həkimi gördüm – şəfa verən, sağlamlıq paylayan əsl təbibi gördüm. Səmimiyyətinə, xoşməramlılığına görə ona təşəkkür edirəm. Ümumilikdə MOM-nin cərrahiyyə şöbəsinə, bütün işçilərə, bütün tibbi personala, tibb bacılarına, terapevtlərə təşəkkür edirəm. Doğru deyiblər ki,əgər yaxşılıq etmək istəyirsənsə həkim ol. Mən bu deyimin reallığını MOM-da gördüm”.

Sevda müəllimə Milli Onkologiya Mərkəzinin şəraitindən, təmizliyindən, Covid-19 virusu ilə mübarizəsindən də ətraflı danışdı: “Evdən yemək gətirməyə icazə verilmir, amma o qədər ləziz yeməklər təklif edirlər ki, evdən yemək gözləmirsən. Yediyimiz həm sağlam qida idi, həm də ləziz, təzə meyvəmiz, meyvə şirəmiz öz yerində. Sarğılar vaxtına yenilənir, iynələr vaxtında vurulur, paltarımızı dəyişdirirlər, yataq üzləri o qədər təmizdir ki xəstəxanada olduğuna inanmırsan. O qədər qayğı göstərirlər ki heç darıxmağa fürsətin olmur. Ölkəmizin Covid 19 virusu ilə mübarizə apardığı bir məqamdır, ona görə gigiyenaya ciddi riayət edilir, pasiyenlərin sağlamlığına ciddi nəzarət edilir”.

MOM-da bir çox insanla tanış olduğunu deyən Sevda müəllimə əlavə edir ki, pasiyentlər arasında Rusiyaya, İrana, Türkiyəyə gedənlər olub: “Burada danışırlar xəstələr, Türkiyəyə, İrana gediblər müalicə almağa, əməliyyat olmağa. Amma sonra hamısı buranı seçir. Niyə gedirlər ki xaricə? Çünki onlar elə bilirlər ki bizim bacarıqlı həkimimiz yoxdur. Niyə elə bilirlər? Çünki Cavid doktor kimi insanları cəmiyyətimiz tanımır, bilmirlər ki belə həkimlərimiz var. Əslində bizim Cavidlərimiz çoxdur, onları tanıtmaq lazımdır.”

MOM-da tanış olduğu bir pasiyentin dediklərini də danışır müsahibim: “Palata yoldaşım bura gəlməzdən əvvəl Moskvaya, Babkina adlı Onkoloji Mərkəzə gedib. Orada rus həkimlər ona deyib ki sizin ölkənizdə o qədər peşəkar onkoloqlar var, siz niyə bura gəlirsiniz? Onu orada əməliyyat etməyiblər, burda olunmağını məsləhət görüblər. O xanım da bura gəlib əməliyyat oldu, çox uğurlu əməliyyatı keçdi. Allah Prezidentimizin canını sağ etsin, o vaxtında buranın tikilməsinə göstəriş verməklə çox böyük yaxşılıq edib insanlara, şiş xəstəliklərinin bu qədər artdığı dövrdə buranın tikilməsinə göstəriş verməklə çox böyük yaxşılıq edib insanlara, şiş xəstəliklərinin bu qədər artdığı dövrdə belə bir peşəkar mərkəzin olmağı bizim şansımızdır. Bu cür xəstəliyi olanlar da qorxmasın, sağlamlığını Cavid Qəribov kimi peşəkarlara əmanət eləsinlər. Mənə və mənimlə birlikdə burada müalicə alan, cərrahi əməliyyatla sağlamlığına qovuşan bütün pasiyentlərə göstərdikləri qayğıya görə Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev başda olmaqla bütün tibbi heyətə təşəkkür edirəm”.

Sevda müəllimə ilə olan söhbəimizdən sonra mən bu yazını yazmaya da bilərdim, “nəyimə lazımdır” deyib yaxamı kənara da çəkə bilərdim, amma Milli Onkologiya Mərkəzində aparılan uğurlu əməliyyatlar barədə ictimaiyyətin məlumatlandırılmağa ehtiyac olduğunu düşündüyüm üçün yazmağa qərar verdim. “Onkoloji xəstəlik” dedikdə insanlarda elə bir dəhşət formalaşır ki müalicəsi mümkün olan xəstəliklər belə sağalmaz görünür. Amma bu xəstəlikdən sağalan minlərlə insanın olduğunu da unutmayaq. Bunun üçün bizim əlləri şəfalı təbiblər barədə daha çox yazmağa, onları daha çox tanıtmağa ehtiyac var deyə düşünürəm.

Hesab edirəm ki, efirləri bəzəyən saxta “uzman”ların yağışdan sonra boy atan göbələk kimi ölkəni cənginə aldığı vaxtda xalq gerçək təbibləri tanımalı, sağlamlığını etibarlı əllərə etibar etməlidir. Şəfa paylayan bütün həkimlərə salam olsun…

Lalə Mehralı

Xəbəri qiymətləndir
[Ümumi: 22 Ortalama: 4.4]

Back to top button