Ölkə

“Sahil Babayev deyən kimi 190 manat məsələsində vətəndaşları prosesdən uzaq saxlamaq üçün uydurulan bəhanələr və yalanlar gələcək”-AÇIQLAMA

Son günlərdə tənqid olunan qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bir çox insanlar təqaüdlərin və müavinətlərin verilməsində nazirlik tərəfindən yol verilən süründürməçilik hallarından narazıdır. Bundan əlavə, son günlər sosial şəbəkələrdə şəhid və qazi ailələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etinasız yanaşması ilə bağlı fikirlər də səsləndirilir.Mövcud problemlə bağlı KONKRET.az-la fikirlərini bölüşən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işinin öhdəsindən gələ bilməməsi xüsusi təəssüf doğuran məsələdir: “Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial durumu aşağı olan ailələrlə işləyir. Ona görə də nazirlik digər qurumlardan fərqli olaraq nəinki daha keyfiyyətsiz, əksinə dinamik və sürətli fəaliyyət göstərməlidir. Bu baxımdan qeyd olunan problemlərin aradan qaldırılması üçün həm nazirlik strukturlarında müəyyən dəyişikliklərin aparılması, eləcə də struktur islahatlarının həyat keçirilməsi mümkündür”.

Ağ Partiyanın sədri Tural Abbaslı vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bir imza ilə bu vəzifəyə təyin olunubsa, bu formada da göndərilə bilər: “Sahil Babayevin özü də yeni kadrdır. Onun gördüyü işlər xalqda heç vaxt müsbət fikir formalaşdırmadı. Bilirsiniz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsasən cəmiyyətin ən həssas təbəqəsi ilə işləyən qurumdur. Burada daha çox bu insanların dərdini bilən, problemlərinin həllinə çıxış yolu axtaran, qabiliyyətli və bacarıqlı insanlar lazımdır. Amma təəssüf ki, bizim bu məsələdə heç vaxt bəxtimiz gətirməyib. Mən düşünürəm ki, Sahil Babayevin həvəsi olsaydı, nələrisə düşünüb reallaşdıra bilərdi.

Bu gün adi insanlar arasında sorğu keçirsək, görərik ki, Sahil Babayev deyən kimi onların ağlına 190 manat məsələsində vətəndaşları prosesdən uzaq saxlamaq üçün uydurulan bəhanələr və yalanlar gələcək. Ən önəmlisi isə şəhid ailələri və qazilərimizə olan diqqətsizlik, qayğısızlıq yada düşəcək. Bu gün hələ də şəhid ailələri və qazilərimiz lazım olan sənədləri qapı-qapı gəzərək, özləri yığıb nazirliyə təqdim edirlər ki, dövlətin təyin etdiyi təqaüdü və pensiyanı ala bilsinlər. Bu, biabırçılıqdır. Nazirlikdə bir insan tapılmır ki, bu işlərlə məşğul olsun. Qazilərin dərman, xəstəxana və sosial problemləri nazirlik tərəfindən həll edilmir. Ola bilər ki, belə sistem olmasın və dövlətin maddi imkanları çatmaya bilər. Hansı ki, bu problemlər var”.

Partiya sədri daha sonra bunları vurğulayıb: “Bu illər ərzində göründü ki, Sahil Babayevdə mövcud problemləri həll etmək üçün istək və həvəs yoxdur. O, nə vaxt ağzını açsa, ancaq bəhanələr dilə gətirir. Ona görə də bu insan istefaya göndərilməlidir. Sahil Babayevdən təkcə sadə vətəndaşlar narazı deyil. Mənə kütləvi müraciətlər var ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4-5 minə yaxın işçısini heç bir əsas göstərmədən və hamısına standart bəhanələr yazaraq işdən çıxarıb. Hansı ki, o insanların çoxu nazirlikdə ilk gündən işləyən və bu sistemi bilən şəxslərdir. Ona görə də düşünürəm ki, Sahil Babayevin yerinə bu işi bilən, xalqına can yandıran, çıxış yollarını axtaran nazirin təyin edilməsi çox vacibdir. Mən müxalifətəm. Bu gün tənqid etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxşı obyektdir. Amma iqtidar düşünməlidir ki, onun müharibə dövründə əldə etdiyi uğurları belə yarıtmaz nazirlər gözdən və dəyərdən salır. Xalqın yanında qazandıqları bütün müsbət qiymətləri sıfıra endirir. Ona görə də iqtidar belə yüklərdən nə qədər tez canını qurtarsa, bir o qədər yaxşıdır. Tək Sahil Babayev deyil, bir çox məmurlar var ki, onlardan can qurtarmaq vaxtıdır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button