Müharibə

Şimal cəbhəsində həlak olan əsgərlərin cəsədlərinin axtarışı niyə aparılmır? – ŞİKAYƏT

Qarabağdakı müharibə ay yarımdır ki başa çatıb. Bu müddətdə razılaşmaya uyğun olaraq əsir və cəsədlərin dəyişdirilməsi prosesi davam edib. Lakin hələ də bəzi hərbçilərimizin nə öldüsü, nə qaldısı xəbəri var. Övladları nə dəyişdirilən əsrilər, nə də cəsədlər arasında olmayan valideynlər narahatlıqlarını ifadə edirlər. Belə valideynlərdən bir qrupu redaksiyamıza müraciət edərək bu məsələdə onlara kömək göstərilməsini xahiş edirlər.

Həmin valideynlərin övladlarının xidmət etdiyi hərbi hissənin əsgərləri müharibənin ilk günlərindən Murov istiqamətində hücuma keçib və Ağdərə-Kəlbəcər arasında mühasirəyə düşüblər. Müxtəlif qruplara bölünən və fərqli istiqamətlərdə irəliləyən hərbi bölüklərdən sağ qayıdanlar və başqa cəbhədə döyüşü davam etdirənlər olub. Lakin bu qruplardan biri mühasirəyə düşüb, digər bölmələrlə əlaqəsi itib və onlardan indiyədək heç bir xəbər yoxdur.

Redaksiyamıza edilən müraciətdə qeyd olunur ki, oktyabr 1-dən 2-nə keçən gecə N saylı hərbi hissənin 4-cu taborunda xidmət edən hərbi qulluqçular​ Qamış dağı istiqamətindən Ağdərə rayonunda yerləşən Qara Göl istiqamətindəki Cinqıllıq​ deyilən yerə hücuma keçib. Hücum əməliyyatı tam baş tutmadığından, o istiqamətdə əməliyyatlar dayandırılıb. Həmin zonada hərbi əməliyyatlar dayandıqdan sonra ərazi ermənilərdə qalıb. Həmin yerdə hazırda ermənilər yaşayır, onların orada 4 postu var və axtarışlar aparmaq üçün əraziyə daxil olmağa imkan vermirlər.

Həmin döyüşdə iştirak edən və haqqında hələ də heç bir məlumat olmayan hərbi qulluqçular aşağıdakılardır;

1. İbrahimov Murad Valeh oğlu

2. Hüseynov Mirzə Xəlifə​ oğlu

3. Verdiyev Eldəniz Rabil oğlu

4. Həsənov Tarix Sücayət oğlu

5. Məmmədov İlkin Cəmil oğlu

və başqaları.

Oktyabrın 2-dən etibarən onlardan heç bir xəbər yoxdur. Valideynlər dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsələr də, oradan bilidrilib ki, həmin əraziyə hərbi birliklərin girişinə icazə yoxdur, ona görə orada axtarış apara bilmirlər.

Təbii ki, sülh razılaşmasının tələblərinə uyğun olaraq hərbi birləşmələr olduğu yerdə qalır və mülki ermənilərin yaşadığı yaşayış məntəqələrinə daxil olmurlar. Bu halda Müdafiə Nazirliyinin həmin əraziyə daxil olmaması başa düşüləndir. Lakin valideynlər keçən vaxt keçdikcə cəsədlərin tanınmaz hala düşəcəyini bildirərək, bu axtarışın qeyri-hərbi təşkilatların vasitəçiliyi ilə aparılmasını tələb edirlər. Qeyd edirlər ki, FHN, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və sülhməramlı missiya nümayəndələrinin iştirakı ilə axtarış aparıla bilər və o ərazidə qalmış cəsədlər götürülə bilər.

Bu ərazilər Azərbaycana məxsusdur və Azərbaycan dövlətinə daxildir. Bu halda dövlətimizin müvafiq təşkilatları orada həlak olmuş əsgərlərimizin cəsədlərinin axtarışı ilə bağlı hər cür tədbirlər görə bilər. Əminik ki, müvafiq dövlət orqanları bu məsələnin həlli üçün qısa vaxtda lazımi tədbirlər görəcəklər.

Elçin Bayramlı

Fotoda həmin əsgərlərdən biri – İbrahimov Murad Valeh oğlu//sia.az//

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button