Cəmiyyət

Razi Nurullayev: “Əli Kərimli, Əli İnsanov, bu kişi torpağı alıb, nə istəyirsiniz?”

“Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında zəfər çalıb. Buna kölgə salmaq istəyənlər şəhidlərimizin ruhunu incidir. Onlara qarşı ən sərt qınama kampaniyası olmalıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bəziləri milli birliyi unudub, nifrət dolu çıxış edirlər: “44 gün səssiz qaldınız, sağ olun. İndi isə ağıllı söhbətlər edək. Nə qədər ürəkbulandırıcı danışmaq və qaragünlü olmaq olar? Əli Kərimli, Əli İnsanov və xaricdə olan blogerlərin bəzisi köhnə peşələrinə qayıdıblar. Əli İnsanovun dünənki müsahibəsi nifrət doludur. Köhnə ritorikanız sizə və xalqa nəsə qazandırmır. Qarabağ zəfərini aşağılamaq cəhdiniz qəbuledilməzdir. Əli Kərimli də Qarabağ zəfərini kiçildir, çünki içində vəzifə tutanlara nifrəti var. Deyir ki, zəif düşməni udmağa nə var idi ki? Vallah-billah, Allah haqqı ayıbdır və orada tökülən şəhid qanlarına sayğısızlıqdır. Bu xalq gözəl xalqdır, hər şeyindən keçdi ki, qələbə qazanaq. Bu xalq oğlundan keçdi ki, torpaq qayıtsın. Bu xalqın oğlanları əlini, ayağını itirdi ki, namusumuz təmizlənsin. Danışmaqla heç kimin qarnı doymur, nələrsə edin ki, xalq onu görsün və dəstəkləsin. Çıxış yolu yalnız nifrət dolu tənqiddirmi? Bütün günü fikirləşirsiniz ki, necə edək ki, Prezident İlham Əliyevi nüfuzdan salaq. Başqa işiniz gücünüz yoxdur? Daha bu kişi torpağı alıb da. Nə istəyirsiniz?”

 

Deputat vurğulayıb ki, həmin adamlar narazı olanların xoşuna gələn şeylərdən danışıb, tərəfdar toplamağa çalışırlar: “Sizin hərəkətləriniz ona dəlalət edir ki, xalq həmişə pis yaşasın. Qəlbimdən keçənin çoxunu demirəm ki, sizə bənzəməyim. Hər kəsin gözü Prezidentdədir ki, bundan sonra daha gözəl işlər görəcək. İmkan verin, etsin də. İlham Əliyevdən başqa mövzunuz yoxdur? Biabırçılıqdır, sizin işiniz. Bəsdirin. Nifrət tökə-tökə bir də görəcəksiniz ki, o nifrətin içində özünüz də boğulursunuz. Bu, müxalifətçilik yox, düşmənçilikdir. 5 adamı idarə edə bilməyənlər idarəçilikdən, cibindən beş manatı çıxarıb yaralıya verməyə ürəyi gəlməyənlər milyonlardan danışır. Bir olaq, xalqa xidmət edək”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button