Ölkə

Ən böyük Azərbaycanlı…

Milli lider, qalib sərkərdə və böyük dövlət rəhbəri İlham Əliyev kimi öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı

 

Dünya reallığı qüdrətli və böyük dövlətlərin liderlərinin daha çox nüfuza malik olduğunu həmişə göstərib. Kiçik dövlətlərin liderləri çox nadir hallarda dünya səviyyəsində tanınan, nüfuza malik olan şəxsiyyət olur. Belə azsaylı istisnalardan biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. İlham Əliyev öz fəaliyyəti ilə göstərdi ki, dövlətin kiçik və ya böyük, güclü və ya zəif olmasının onun liderinin beynəlxalq aləmdə nüfuz və hörmət sahibi olmasına o qədər də təsir göstərmir.

Öz fəaliyyəti ilə regionun və dünyanın nüfuzlu liderlərindən birinə çevrilən İlham Əliyev bu statusu həm daxili, həm xarici siyasəti sayəsində qazanıb. Qısa müddətdə rəhbərlik etdiyi ölkəni sürətli inkişaf modelinə çevirən, demokratik dövlət quruculuğu və sosial-mədəni institutların təqdirəlayiq fəaliyyəti ilə dünyada tanıdan, beynəlxalq dialoqlar və yarışlar məkanına çevirən bir liderin dünyada nüfuzu təəccüblü görünə bilməz.

Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması təbii ki, onun fəaliyyətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev dünya səviyyəsində Azərbaycanın söz sahibi olduğunu, həmçinin XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu.

Az vaxtda nümunəvi dövlət modelinin yaradılmasını dünyanın nüfuzlu liderləri təqdir edirlər. Azərbaycan həm regionda, həm də islam dünyasında lider dövlət kimi qəbul olunur.

Azərbaycan Prezidentinin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi, həmçinin bu sahədə beynəlxalq mükafatlar alması faktlarının sayı çoxdur.

Azərbaycan Prezidenti bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunub, ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub, müxtəlif sorğularda lider seçilib. Məqsədimiz onları burda sadalamaq deyil. Lakin ən böyük qiyməti ona həmişə Azərbaycan xalqı verib- 3 dəfə ardıcıl özünə dövlət başçısı seçməklə və onun siyasətinə inandığını göstərməklə. Və bu yaxınlarda baş verənlər də xalqın yanılmadığını bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ müharibəsində düşmən üzərində sarsıdıcı qələbə qazandı və özünün 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərini azad etdi. Bu Qələbə Azərbaycanın respublika tarixinə qızıl hərflərlə yazıldı.

Dövlət başçısının apardığı siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilib, bütün ictimai institutlar, ziyalılar Azərbaycançılıq ideologiyası ətrafında birləşərək ümumi maraq və mənafelər uğrunda çalışmağa başlayıb.

Demokratik cəmiyyətin mövcudluğunu şərtləndirən amillərin ölkədə bərqərar olmasına çalışan dövlətimizin bu istiqamətdə atdığı addımlar göz önündədir. Azərbaycan sivil dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirir.

Dünyada demokratiyanın əsas göstəricilərindən biri də söz və mətbuat azadlığının səviyyəsidir. Bu gün ölkəmizdə azad mətbuatın inkişafı uçun normal şərait yaradılıb. Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.

Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik mütəmadi olaraq imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.

Demokratik cəmiyyətin başlıca amillərindən biri də ölkədə çoxpartiyalı sistemin yaradılmasıdır. Ölkəmizdə 50-dan çox siyasi partiya qeydiyyatdan keçib. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı da birbaşa dövlət başçısının apardığı məqsədyönlü siyasətin tərkib hissəsidir. Respublikamızda 4 minədək qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi, onların bir çoxuna dövlət tərəfindən qrantların verilməsi bu sahədə vəziyyəti kökündən dəyişib.

“Əlbəttə ki, müasir ölkə olmaq üçün biz istər iqtisadi, istər siyasi və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübəni Azərbaycanda təbiq etməliyik”- deyə İlham Əliyev qeyd edir.

Azərbaycanda insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Bütün bunlar ölkədə ictimai-siyasi sabitliyə rəvac verir. Vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi sahəsində ciddi addımlar atılır.

Azərbaycan dövlət olaraq dünyada getdikcə daha möhkəm mövqeyə malik olur. Onun beynəlхalq nüfuzu möhkəmlənir. Dünya başa düşür ki, Azərbaycan dövlət olaraq daha sivil və demokratik yol tutub.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Bu siyasət torpaqlarımızın azad olunması uğrunda apardığımız müharibədə dünya ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanın haqq işini müdafiə etməsini təmin etdi.

Qlobal iqtisadi böhran şəraitində inkişaf tempini davam etdirən çox az sayda ölkədən biri də Azərbaycandır. Beynəlxalq təşkilatların hesabat və proqnozlarına görə, Azərbaycan MBD-də və dünyada ən inkişafda olan ölkələrdən biridir.

Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Yüzlərlə iri zavod və fabrik fəaliyyətə başladı və son illərdə neft qiymətlərinin kəskin azalması nəticəsində yaranmış kəsiri qeyri-neft sektorunun inkişafı kompensasiya etdi.

Nəhəng infrastruktur layihələrinin- Olimpiya idman-komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə nəqliyyat sisteminin yenidən qurulması Azərbaycanın dünyaya çıxışını təmin etdi.

İlham Əliyevin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrilib.

“Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir”- İlham Əliyev öz fikrini açıq ifadə edib.

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə aparır. Bunu görməmək, qiymətləndirməmək və buna sevinməmək mümkün deyil. Bunun üçün sadəcə, azərbaycanlı olmaq yetər.

Bu yazını isə, Prezident İlham Əliyevin xalqa verdiyi sözlə bitirmək istərdik- “Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da ləyaqətlə xidmət edəcəyəm”.

Biz isə bu yazıda həmin sözə necə əməl edildiyini göstərməyə çalışdıq.

Bu gün öz xalqı, ölkəsi qarşısında verdiyi sözü tam yerinə yetirən bir milli liderin, bir qalib sərkərdənin, bir böyük dövlət rəhbərinin ad günüdür. Ad günün mübarək, cənab Prezident. Azərbaycan xalqını və dövlətini dünyada sosial, iqtisadi, elmi, mədəni sahələrdə ən ön sıralara çıxarmaq kimi müqəddəs missiyanızda Sizə uğurlar olsun.

Elçin Bayramlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button