KriminalÖlkə

Keçmiş BAŞ HƏKİMİN cinayət işi məhkəməyə göndərildi…

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Abbasova Könül Şahmalı qızının qanunsuz hərəkətləri barədə daxil olmuş material üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəllənin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilmişdir ki, Könül Abbasova Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda ümumilikdə 10 şəxsdən müxtəlif məbləğlərdə olmaqla cəmi 16 min manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq həmin şəxsləri Mərkəzdə müxtəlif vəzifələrə işə götürüb.
Həmçinin, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində müxtəlif vəzifələrdə işləmiş 26 nəfər işçidən hədə-qorxu tətbiq etməklə məcburi qaydada onlara müvafiq bayramlarla əlaqədar mükafat qismində təyin edilib ödənilən cəmi 4 min 593 manat məbləğində bayram pullarını xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə rüşvət qismində qanunsuz olaraq tələb edib alıb.

Bununla yanaşı, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Mərkəz əməkdaşlarından 1 nəfər işçinin 4 aylıq, cəmi 602 manat pulunu da onun bülletenə çıxmasına şərait yaradılmasına görə qanunsuz olaraq rüşvət qismində tələb edib alıb.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Könül Abbasovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq etməklə rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button