ÖlkəSiyasət

Zəngəzur dəhlizi ilə bağlı şad xəbər

Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Yaxın Şərqdə daha fəal olacağı gözlənilir. Azərbaycan, Türkiyə və İraq Kürdüstanı Regionu arasında yeni üçtərəfli əməkdaşlıq mexanizminin yaradılması Azərbaycana hansı üstünlükləri qazandıracaq?Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu Musavat.com-a açıqlamasında bildirib ki, İraqın şimal əraziləri tarixən də Türkiyə və Azərbaycanla qırılmaz tellərlə bağlıdır.

Ekspertin sözlərinə görə, Mosul, Kərkük, Ərbil, Süleymaniyyə kimi tarixi şəhərlər Türk, o cümlədən Azərbaycan tarixi və mədəniyyəti ilə birbaşa bağlı olan bölgələrdir:

“Həmin bölgənin etnik əhalisi olan türkmənlər bizim mədəniyyətimizin, bu bölgələrdəki 2000 illik tariximizin ayrılmaz və vazkeçilməz hissəsidir. Türkiyə, İraq Kürdüstanı ilə əlaqələr də kifayət qədər çoxşaxəli və stratejidir. Bu mənada Prezident İlham Əliyevin Azərbaycan, Türkiyə və İraq Kürdüstanı Regionu arasında üçtərəfli əməkdaşlıq mexanizminin yaradılmasını təklif etməsi bölgə üçün həm yeni geoiqtisadi, həm də geosiyasi imkanlar açır. Nəzərə alsaq ki, iqtisadi əlaqələr baxımından İraqın Kürdüstan bölgəsi Türkiyənin ikinci tərəfdaşıdır və tərəflər arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edir, yeni mexanizmin yaradılması böyük transmilli iqtisadi layihələr üçün geniş imkanlar deməkdir. Türkiyənin bu bölgədə böyük yatırımları mövcuddur.

Prosesin eyni zamanda Yaxın Şərq coğrafiyasının enerji resurslarının Avropa bazarına çıxarılması məsələsinin yenidən aktuallaşması fonunda da nəzərdən keçirilməsi vacibdir. Enerji resurslarının Avropa bazarına çıxışında Bakı-Ankara faktorunun ön plana çıxması olduqca önəmli məqamdır. Bu mənada Zəngəzur dəhlizi də əhəmiyyətlidir. Bu dəhliz Yaxın Şərqlə Qərbi birləşdirəcək önəmli xətlərdən biridir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button