ÖlkəQarabağ

Sülh məramsızları: son proseslər bu cür qənaətə gətirir!.

Düşmən yenidən quduzlaşıb və onun burnu yenidən ovulmağa məhkumdur.

Qarabağda 44 gün davam edən zəfər yürüşünün ardınca dizə gələn, rüsvayçı kapitulyasiya sənədinə imza atan Ermənistan rəhbərliyi və “dqr” marionetlərinin deyəsən yavaş-yavaş “buynuzları” çıxmağa başlayıb. Söz yox ki, bu cür “buynuzçıxarmalar” heç də erməni tərəfinin özünəgüvənlərindən irəli gələn hal deyil. Bu, ilk növbədə üçtərəfli bəyannamə əsasında əldə olunmuş atəşkəsin (sülh razılaşması ilə səhv salınmamalıdır – R.R.) məhz atəşkəs razılaşmasının nəticəsidir ki, həmin bəyannaməyə görə ermənilərin dadına növbəti dəfə yenə də ruslar çatdı. Əgər bu gün məğlub Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan üçün nəzərdə tutulan Zəngəzur dəhlizinin əvəzinə Naxçıvandan yol istədiyini həyasızcasına deyirsə, Araik Arutunyan “dqr”də vəzifə təyinatları həyata keçirirsə, yaxud quldur rejimin “təhlükəsizliyini” təmin edən Vitali Balasanyan açıq-aşkar “artsaxın” Ermənistanın və Rusiyanın dəstəyi ilə geri qaytarılacağını bəyan edirsə, Hadrutda, Xocavənddə və Rusiya sülhməramlı kontingentinin nəzarətinə verilmiş digər ərazilərdən sızaraq Azərbaycan əsgərinə tərəf terrorçu silahı tuşlanırsa (sabah həmin silah mülki vətəndaşlarımıza da tuşlana bilər), Laçın dəhlizində rusların gözləri önündən Ermənistana aid hərbi texnikalar keçirsə – bütün bunların təməlində şübhə deyil, reallığın dayanması artıq faktdır!
Məgər təkcə bu faktın özü rus kontingentinin bilavasitə erməni maraqlarına xidmət etməsini sübut etmirmi?
Artıq o da yavaş-yavaş məlum olmağa başlayır ki, Rusiya sülhməramlısı, sadəcə, rəsmi status daşıyırlar, gerçəklikdə, əməli fəaliyyətdə isə ortada “sülh məramı” adı altında sülh məramsızlığı dayanmaqdadır. Bunun isə kökü Kəlbəcərin, Ağdamın, Laçının boşaldılması zamanına gedib söykənir. Xatırlayırsınızsa, həmin ərəfələrdə Azərbaycandan əlavə vaxt istəyən ermənilər bu vaxt ərzində öz kirli, idbar əməllərini davam etdirdilər – illər boyu işğal etdikləri azərbaycanlıların evlərinə od vurdular, ağacları baltaladılar, meşələri yandırdılar, özü də məhz Rusiya sülhməramlılarının gözləri önündə. İndi davam edən prsoeslər də həmin məsələlərin təməlinə söykənir. Ən adi bir detala diqqət yetirək: nəyə görə Azərbaycan vətəndaşı Kəlbəcərdə yerləşən və tariximizin incisi sayılan Xudavəng alban monastırına rahat şəkildə gedə, oranı ziyarət edə bilmir, yaxud rus sülhməramlılarının rəsmi icazəsini almalı olur, amma ermənilər həmin monsatıra rahat qaydada gedir, üstəlik, nikah və s. mərasimlərini həyata keçirirlər. Üstəlik, bu da azmış kimi, azərbaycanlıların nəinki monastırın ərazisinə, eləcə də daxilinə girməsinə qadağalar qoyulur – Azərbaycan torpağında! Məgər təkcə bu faktın özü rus kontingentinin bilavasitə erməni maraqlarına xidmət etməsini sübut etmirmi?
Belə davam edərsə, qarşıya növbəti problemlərin çıxacağını, ya da qəsdən yaradılmasını da istisna etmək olmaz!
Məgər bu gün Qarabağdakı quldurlar dəstəsinin rəhbərləri yenidən hədyan tipli bəyanatlar səsləndirirlərsə, bu imkanı onlara yaradan da rus kontingenti deyilmi? Rusiya sülhməramlıları nəyə görə yalnız ermənilərin məskunlaşdığı ərazilərə gün ərazində yüzlərlə mənşəyi bilinməyən “mülki” şəxsləri kütləviliklə həmin ərazilərə doldurmaqla məşğuldur? Bəs Xocalıdan, elə Xankəndinin özündən, eləcə də digər ərazilərimizdən erməni işğalı, terroru nəticəində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların taleyi ilə hansı səbəbdən maraqlanmırlar? Suallar açıq qalmaqda davam edir və belə davam edərsə, qarşıya növbəti problemlərin çıxacağını, ya da qəsdən yaradılmasını da istisna etmək olmaz!
Düzdür, bəzi məsələlərdə bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan edir, amma bu bəyanatın kökündə səmimiliyə necə inanmaq olar?
Azərbaycan xalqı arasında böyük nüfuza malik, həm də səmimi dostumuz hesab edilən Maksim Şevçenkonun bugünlərdə səsləndirdiyi bir fikrini xatırlatmaq yerinə düşərdi…
Tanınmış Rusiya jurnalisti, Azərbaycan xalqı arasında böyük nüfuza malik, həm də səmimi dostumuz hesab edilən Maksim Şevçenkonun bugünlərdə səsləndirdiyi bir fikrini xatırlatmaq yerinə düşərdi. O, bildirir ki, Putin həmin bəyanatı səsləndirir, amma Rusiya dövlətinə, Kremlə bağlı telekanallarda Xankəndi açıq-aşkar tanınmayan “Dağlıq Qarabağ Respublikası” adlandırılır, üstəlik “stepanakertin” (Xankəndinin) “dövlət strukturlarının” fəaliyyəti barədə söhbətlər aparılır, rus sülhməramlıları ilə qarabağlı ermənilərin arasındakı səmimilik reklam edilir. Hətta məktəblərdə Rusiya Federasiyasının bayrağı ilə “dqr”in əski parçası yanaşı qoyulur (?!) Məgər bu faktın özü də bəlli nəticələrə gəlməyə zəmin yaratmırmı? Və ya rus sülhməramlılarının, əslində, yumşaq desək, sülh məramsızları olduğunu isbatlamırmı? Bu xüsusdan çıxış edən Şevçenko erməni poliqoloqu İskəndəryanın proqnozunu da mümkün hesab edir. O bildirmişdi ki, proseslər üçüncü Qarabağ müharibəsini qaçılmaz edir!
Çətin və kifayət qədər mürəkkəb bir proses olmasına baxmayaraq, qardaş Türkiyə silahlı qüvvələrinin ölkəmizdə, xüsusilə Qarabağa gəlişinə yol açıqdır
Yeri gəlmişkən, gündə rəsmi məruzələrində ermənilərin yaşadıqları anklav ərazilərin xəritəsində hətta bir kəndin yarısını belə nəzarət etdikləri ərzilərə qatmaq, ardınca isə onu ictimailəşdirmək planlarını necə başa düşmək olar?
Bu gün haqlı olaraq suallar qüvvəsində qalmaqdadır ki, hansı səbəbdən Türkiyə sülhməramlı kontingentinin Azərbaycana gəlişi gecikir? Əslində, bu sualın özündə də siyasi məqamlar dayanır və əsasən Cənubi Qafqaz regionunun nəzarətdə saxlanılması amili daha çox önə çıxmağa başlayır. Çətin və kifayət qədər mürəkkəb bir proses olmasına baxmayaraq, qardaş Türkiyə silahlı qüvvələrinin ölkəmizdə, xüsusilə Qarabağa gəlişinə yol açıqdır və həmin prosesin tezliklə reallaşdırılacağına da şübhə etmək olmaz. Sadəcə, bu məsələdə də məlum rus səddinin dayanması gerçəklikdir, amma indiki dünyada hər şey dəyişir və müasir siyasi texnologiyalar, strategiyalar imkan verir ki, Türkiyə – qardaş ölkə olaraq bu məsələdə də qısa müddətdə Azərbaycanlı qardaşlarının yanında olacaq. Əslində yanındadır, çünki bu gün hərbi strateji tərəfdaşımız olan Türkiyənin hərbi heyətinin bir hissəsi Azərbaycandadır və qısa müddətdə gözlənilməyən anda hərəkətə keçmək gücünü saxlamaqda davam edir.
Beləliklə, hadisələr bir-birini tez-tez dəyişir və Qarabağımızda 44 gün ərzində düşmən tapdağından azad edilən ərazilərimizlə yanaşı, yerdə qalan hissəsinin də birdəfəlik təmizlənməsi prosesinə start verilə bilər. Artıq bu proqnozların işartıları görünməyə başlayır və rus sülhməramlılarının gerçəkdə sülh məramsızları, hətta təhrik məramlı addımları da bu cür nəticələr hasil edir.

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button