Cəmiyyət

“Azərsu” ilə BP Eksploreyşn Limited şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Memorandum Təlim və İnnovasiyalar Mərkəzinin kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsinə xidmət edəcək

Su təsərrüfatı işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının yüksəldilməsi məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.
Memorandum “Azərsu” ASC-nin Təlim və İnnovasiyalar Mərkəzinin kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsinə xidmət edəcək əməkdaşlıq çərçivəsini müəyyənləşdirir.
Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhəri, Hövsan qəsəbəsinin yaxınlığında yerləşən Hövsan Aerasiya Stansiyasının ərazisində sahəsi 5000 kvadratmetr olan 3 mərtəbəli binada Təlim və İnnovasiyalar Mərkəzi yaradılıb və burada eyni anda 300 nəfərədək işçiyə təlim keçmək imkanları mövcuddur. Mərkəzdə nəzəri sinif və startap otaqları, SƏTƏM, SCADA, energetika, mexanika, avtomatika, metrologiya və nəzarət ölçü cihazları kabinetləri, suyun analizi, tədrisin inkişafı laborotoriyaları yaradılıb. Regionlardan təlimə cəlb olunacaq işçilərin rahatlığını təmin etmək üçün Mərkəzdə yataqxana da yaradılıb. Mərkəzin ərazisində Təcrübə Poliqonu tikilərək istifadəyə verilib və təlimə cəlb olunan işçilərlə təcrübə məşğələləri burada aparılır.

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button