QarabağSiyasət

Qarabağdakı erməni terrorçuların planları nədir? – TƏFƏRRÜATLAR

Qarabağda, rusiyalı sülhməramlıların operativ nəzarət ərazisində qalan ermənilər arasında silahlıların sayı həddən ziyadədir. Təqribi hesablamalara görə, hazırda həmin ərazilərdə 6 mindən artıq silahlı erməni mövcuddur.

Onların istisnasız olaraq hamısı hərbçilərimizlə yanaşı, elə yerli qarabağlı ermənilərin özləri üçün potensial və real təhlükə mənbəyidir.

Rusiyalı sülhməramlılar nə üçün onları tərksilah etmirlər?

Sual ritorikliyini çoxdan itirib, çünki Xocavənd və Hadrut rayonlarında erməni terror qruplarının hərbçilərimizə, mövqelərimizə və postlarımıza hücumları var.

Həmin hücumlara cavab olaraq keçirilmiş antiterror əməliyyatları nəticəsində erməni terrorçular məhv edilsələr də, onların yaxın vaxtlarda passivləşəcəyi ehtimalı çox azdır.

Yaxın günlərdə Ağdamda birgə Rusiya-Türkiyə Monitorinq mərkəzi fəaliyyətə başlayacaq, rusiyalı sülhməramlılarla yanaşı, türk hərbçilər də Qarabağda atəşkəs rejiminin şərtlərinə əməl olunması prosesinə nəzarət edəcəklər.

Həmin nəzarətin hansı formada olacağı bəllidir, lakin Qarabağda qalmış erməni silahlılarla bağlı problemin çözüm yollarının legitimləşdirilməsi yolları hələlik naməlumdur.

Üstəlik, işğaldan azad edilmiş bəzi rayonlarda, xüsusilə də Laçın, Kəlbəcər, Hadrut və Xocavənddə sığınacaq tapmış erməni silahlılar nə Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbərliyinə, nə də Ermənistanın Müdafiə Nazirliyinə tabe olmadıqlarını bəyan ediblər.

Onlar özlərini “cokatneri”, yəni “könülüllər” adlandırır, silahlanmış yerli sakinlər olduqlarını deyirlər. Fəqət, reallıqda isə həmin şəxslər Suriya və Livandan gəlmiş muzdlular, habelə Ermənistan sakinləridir.

Aralarında müəyyən sayda qarabağlı ermənilər də var.

Ermənistan rəsmiləri bu “cokat”ları Qarabağ savaşının fəsadları və residivləri adlandıraraq məsuliyyətdən yaxalarını kənara çəkməyə çalışsalar da, terrorizmlə məşğul olan həmin silahlılar bir mərkəzdən idarə olunurlar.

Hər halda onların tam əksəriyyəti bu formatda “fəaliyyət” göstərirlər.

Çox az sayda isə yerli qarabağlı ermənilərdir ki, onlar 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun sürətli hücumları nəticəsində mütəşəkkil şəkildə geri çəkilə bilməyən düşmən hərbi hissələrinin qalıqları sayıla bilərlər.

Onlar ayrı-ayrı kəndlərdə və meşəliklərdə gizləndiklərini deyirlər.

Ermənistan Müdafiə Nazirliyinin və Qarabağdakı terrorçu xuntanın rəhbərliyinin tələsik bəyanatlarının səbəbləri aydındır.

Onlar anlayırlar ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinin kobud şəkildə pozulması Azərbaycan Ordusuna təxirə salınmadan hərbi əməliyyatlara başlamaq, daha doğrusu, həmin əməliyyatları bərpa etmək hüququ verir.

Əməliyyatların bərpası isə Qarabağda hazırda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərin işğaldan azad edilmiş torpaqlar statusu alması ilə nəticələnəcək.

Dağlıq Qarabağla Ermənistan arasında olan Laçın dəhlizinin də rusiyalı sülhməramlıların tam, azərbaycanlı sərhədçilərin isə hələlik qismən nəzarətində olması Ermənistandan Qarabağ hərbçilərin göndərilməsi və ya Qarabağdakı mövqelərdə onların yenilənməsini mümkünsüz edib.

Məhz bu səbəbdən erməni yaraqlılar Laçın dəhlizinə Qarabağ tərəfdən yaxınlaşaraq oradan cənuba sızmağa, terror aktlarını gerçəkləşdirərək geriyə, sığınacaqlarına və bazalarına qayıtmağa can atırlar.

Qarabağda qalmış erməni hərbçilər, xüsusilə də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin şəxsi heyəti olan şəxslər mütləq qaydada mövqelərini tərk etməli olacaqlar.

Onların loqistik təminatı, sursat və texniki vasitələrlə təchizatı da artıq yox səviyyəsindədir. Ayrı-ayrı, əlahilddə dəstələr formasında qalan erməni silahlıların vahid komandanlığı hələlik Xankəndidən həyata keçirilir və nə qədər paradoksal olsa da, onların aktivliyində Ermənistan Müdafiə Nazirliyi yox, Fransanın xüsusi xidmət strukturları maraqlıdır.

Fransanın Xarici Əks-Kəşfiyyat Xidmətinin (Service de documentation extérieure et de contre-espionnage, SDECE) emissarlarının Ermənistanda illərdən bəri asudə, rahat fəaliyyət göstərdikləri bəllidir.

44 günlük Vətən Müharibəsi nəticəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransanın Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarda qalması təbii ki, rəsmi Parisi qıcıqlandırıb.

Azərbaycanın Türkiyə ilə çox sıx, qardaşlıq münasibətləri də Parisin geosiyasi planlarına, xüsusilə Cənubi Qafqazla bağlı strategiyasına əsla uyğun deyil.

Bu səbəbdən Fransa bütün vasitələrini və imkanlarını işə salaraq Qarabağdakı situasiyanı gərginləşdirməyə, Rusiyanın sülhməramlı kontingentinin “BMT mandatı olmadan münaqişə bölgəsinə yeridilmiş hərbi qüvvə” qismində qələmə verilməsi ilə yanaşı, rusiyalıların fəaliyyətsizlik və bacarıqsızlıqlarını vurğulamaqla bölgəyə Minsk Qrupunun egidası ilə yeni sülhməramlı kontingentin yeridilməsinə çalışır.

Daha aydın desək, Fransa yenidən prosesə qayıdaraq aktiv rol oynamaq, imkanlar yaranarsa öz hərbçilərini Qarabağda yerləşdirmək və bu minvalla Azərbaycanla Ermənistana sürəkli təsir, habelə təzyiq rıçaqları əldə etməyə çalışır.

Fransanın aşkar şəkildə dəstəklədiyi Ermənistan da Parisin geosiyasi reverenslarından və Qarabağla bağlı proseslərə yenidən qatılmaq istəyindən bəhrələnməyə çalışır. İrəvanın Moskva ilə son vaxtlardakı anlaşılmaz davranışı, noyabrın 10-dan sonra Rusiyanın açıq şəkildə iki dəfə İrəvana xəbərdarlıq etməsi də bəhs etdiyimiz prosesin yaratdığı amillərdir.

Rusiya Qaraabğdakı sülhməramlılarının sayını və heyət miqyasını artırmaq fikrində deyil. Lakin Rusiya prezidenti Vladimir Putin “zərurət yaranarsa, sülhməramlı kontingentin sayı artırıla bilər” deməklə əslində Ermənistana və dolayısı ilə Fransaya xəbərdarlıq edərək, operativ nəzarət ərazilərində terror aktivliyinin, aşkar itaətsizliyin və kollaborasiyaların davam edəcəyi təqdirdə Qarabağa Rusiyanın Fövqəladə Hallar Nazirliyinin hərbçilərindən ibarət yeni birləşmələrin göndərilə biləcəyini istisna etməyib.

Bu isə birmənalı olaraq Azərbaycanın razılığından sonra mümkündür və Moskva da Bakını qıcıqlandırmamaq üçün hələlik məramlarını açıqlayır.

Qarabağdakı sülhməramlı kontingentinin öhdəsində olan vəzifələri yerinə yetirmə səviyyəsinə gəldikdə isə, yaşananlar və bəzi hadisələr Azərbaycanda haqlı narazılıq, hətta qəzəb doğurur. Belə ki, rusiyalı sülhməramlılar arasında yerli ermənilərin separatçılığına dəstək kimi anlaşlıacaq hərəkətlər, onların Qarabağdakı terrorçu xuntanın “bayraq” addandıırlan əski parçasına ifrat dözümlük və tolerantlıqla yanaşması, çoxsaylı silahlı ermənilərin tərksilah prosesini uzatmaları və s. qəbildən olan davranışlar müvafiq şəkildə dəyərləndirilməlidir.

General-leytenant Rüstəm Muradovun komandanlıq etdiyi sülhməramlı kontingentin sıravi və kiçik zabit heyətinə deyəsən, hələ çatdırılmayıb ki, Qarabağ ərazisində erməni separatçılarla belə üzdəniraq mehriban təmaslar separatçılığın dəstəklənməsi kimi qiymətləndirilə bilər. Azərbaycanın Cinayət Məcəlləsində isə həmin əməlin ağır cəzası var və prosedur diplomatik müstəviyə inikas edilərsə, Rusiyanın sülhməramlı kontingentinin Qarabağdakı missiyası üçtərəfli bəyanatda göstərilmiş 4 il 6 aydan sonra başa çatar.

Qarabağdakı erməni terrorçular isə revanş arzusundadırlar. Onlar işğaldan azad edilmiş ərazilərimizi “işğal edilmiş erməni əraziləri” adlandırır və yeni savaşa hazırlaşdıqlarını deyirlər.

Fəqət, belə savaş mümkündürmü?

Ermənistanın müdafiə imkanlarını, hərbi-texniki potensialını, cəmiyyətdəki vəziyyəti, iqtisadiyyat və maliyyə sektorlarını, səfərbərlik imkanlarını və s. nüansları nəzərə alsaq, hərbi əməliyyatların bərpası Ermənistanın bir dövlət kimi fiziki məhvinə səbəb olacaq.

Rəsmi İrəvan bunu dərk edir.

Qarabağdakı “cokat”lardan fərqli olaraq.

Onların aktivliyi isə iki yolla bitə bilər: ya silahı yerə qoyub təslim olmalıdırlar, ya da əks təqdirdə məhv ediləcəklər.

Hər şey göründüyündən də bəsitdir.Milli.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button