Qarabağ

Kəndimizin döyüşçüləri-GÜLNAR SƏMA YAZIR

Kəndimiz 2020-ci ildə mətbuatda, bəlkə də, ən çox adı çəkilən kənd oldu. İyul hadisələri zamanı erməni separatçılarına layiqli cavab verən Tovuz rayonunun Dondarquşçu kəndi, eyni zamanda mərmi yağışına məruz qalması ilə gündəmə gəldi. Bundan əvvəl, ilin lap başlanğıcında Nərminin qətli ilə bağlı olaraq kəndimizin adı mediada dəfələrlə hallandı.

İlin sonunda isə dörd doğma qardaşın Vətən müharibəsində iştirakı və qalib olaraq dönmələri yenidən mətbuatın diqqətindən yayınmadı.

Bunları xatırlatmaqda məqsədim odur ki, doğma kəndimin həmişə diqqət mərkəzində olmağı bacarmasını yada salım. Bu sıraya kəndimizin müharibədə canla-başla iştirakını da əlavə edə bilərik. Kəndimiz Vətən müharibəsinə üç mayor, iki baş leytenant, bir leytenant, onlarla MAHHXHQ, əsgər kimi hərbi xidmətdə olanlar və başqaları ilə qatıldı. Zabitlərimiz Səməd (mayor), Elnur (mayor) və Kamran (baş leytenant) Hüseynov qardaşları, mayor Orucov Seyran Zahir oğlu, baş leytenant Eyvazov Seymur Məhəmməd oğlu, leytenant İsmayılov Samir Əli oğlu İkinci Qarabağ savaşında tarix yazanlardan oldular.

“4 qardaş 44 günlük döyüşlərdə” məqaləmdə Hüseynov qardaşlarının döyüş yolundan bəhs etmişəm. Zabit kəndçilərimdən Səməd “Vətən uğrunda”, Seyran və Seymur “Kəlbəcərin azad olunmasına görə” medalına layiq görüldülər.
Bu müharibədən bizim kəndimiz də şəhidlərsiz ötüşmədi. 90-cı illərdə 15, bu dəfə isə üç şəhidimiz oldu. Üç şəhidimizin üçü haqqında da mətbuatda yazılarım yayımlanıb. Quliyev Ruslan Şəxsəddin oğlundan (20.11.1984-11.10.2020) bəhs edən “Ürəyindən vurulan şəhid”, Quliyev Hüseyn Həbib oğlundan (26.06.2002-25.10.2020) söz açdığım “Kəndimizin 18 yaşlı şəhidi”, Əliyev Əmrah Rüfət oğlunu (04.07.1997-08.11.2020) tanıdan “Kəndimizin könüllü şəhidi” məqalələrim bir neçə mətbu orqanda yayımlanıb. Hər üç şəhidimiz “Vətən uğrunda” medalı ilə, Ruslan həmçinin “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Döyüşlər zamanı kəndimizin igid oğullarından yaralananlar da oldu. Qazilərimiz Məmmədov Şəmsi Lətif oğlu, İsmayılov Samir Əli oğlu, Mustafayev Şaban Əli oğlu əsl qəhrəmanlıq göstərən döyüşçülərdən oldular. Şəmsinin döyüş tarixçəsini “Kəndimizin Şuşa uğrunda yaralanan qazisi” məqaləmdə, Samirin döyüş tarixçəsini “Kəndimizin Suqovuşanda yaralanan qazisi” məqaləmdə işıqlandırmışam. Şəmsi “Kəlbəcərin azad olunmasına görə”, Samir isə “Cəsur döyüşçü”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə mükafatlandırılıb.

Həmkəndlim Elmarın döyüş tarixçəsini isə xüsusi vurğulamaq istəyirəm. Kiçik çavuş kimi döyüşlərə qatılan Xəlilov Elmar Qabil oğlu 1 noyabr 1993-cü ildə Tovuz rayonunun Dondarquşçu kəndində doğulub. Orta məktəbi öz kəndimizdə oxuyub və 2011-ci ildə məzun olub. Elmar 4 noyabr 2015-ci ildən 065 nömrəli hərbi hissədə xidmətə başlayıb və 5 il orada çalışıb. Sonra onları Ağstafaya yerdəyişmə ediblər, orada xidmətini ön cəbhədə davam etdirmək üçün raportla hərbi hissə komandirinə müraciət edib. Bunu nəzərə alaraq Elmarı xidmətini davam etdirmək üçün 181 nömrəli hərbi hissəyə göndəriblər. Həmin hərbi hissənin artileriya divizionunun 3-cü batareyasına top komandiri vəzifəsinə təyin olunub. Vəzifəyə təyin olunduğu gün iyul ayının 12-nə, yəni Tovuz hadisələrinin başladığı vaxta təsadüf edir. Həmin gündən etibarən cəbhə yoldaşları ilə birlikdə çöl çıxışında olub. Onlar sentyabrın 23-də artıq döyüşə tam hazır idilər.

Elmargil sentyabrın 27-i səhər saat 7-yə 15 dəqiqə qalmış döyüşə başlayıblar. Düşmənə ağır artileriya zərbələri endirib, dayanmadan saat yarım atəş basqını ediblər.

Füzuli istiqamətində ən ağır döyüşə atılıblar. Döyüşün başladığı bir saat olarmış ki, 3 nəfər döyüşçümüz gözləri önündə vətən yolunda şəhid olub. Bu heç kimi döyüşdən ayırmağa, fikrini yayındırmağa əsas verməyib. Döyüşün başlamasının 22-ci günündə düşmənin ən güclü briqadası olan 532-ci alayını darmadağın ediblər, bununla da Füzuli səthi yarılıb. Həmin gün Qubadlıya yola düşüblər. 8 gün Qubadlıda ağır döyüşdən sonra Hadrut istiqamətinə gəliblər. 3 gün Hadrutda döyüşdən sonra Xocavəndi işğaldan azad edərək Xocavəndin Canqcı kəndinə çatıblar. Çox əziyyətli bir yol keçiblər, Elmar həmin gün 3 yaralımızı meşədən çıxara bilib. Yolda maşınlarımız vurulduğundan yaralı və şəhidlərimizin sayı dəqiqəbədəqiqə artırmış. Çoxlu sayda yaralı və şəhidlərimizi görən, onlara kömək edən Elmarın gözlərini qan örtüb, düşmənə nifrəti daha da artıb. Nəhayət, Canaqcıda mövqe tuta biliblər və Şuşa, Xankəndi uğrunda döyüşlərə başlayıblar.

Döyüşlər zamanı bir dəfə qratın vannasına, bir dəfə isə öz topunun tam atımının vannasına düşdüyündən Elmarın qulağından qan gəlməyə başlayıb. Utandığından böyük rəislərə bildirməyib ki, kimsə pis başa düşər, döyüşdən yayınmaq istədiyini fikirləşər, ona görə heç kimə heç nə demədən döyüşməyə davam edib. Bunu yüksək qiymətləndirən komandiri onu “Xidmətdə fərqlənməyə görə” təltifinə layiq bilib.

Döyüşlər bitdikdən sonra isə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalı və gizir hərbi rütbəsi ilə təltif olunub. Elmar yanvarın birində ad gününü Qarabağ torpaqlarında sevinc və qürur hissi ilə döyüş yoldaşlarıyla qeyd edib. Hazırda xidmətini Şuşa şəhərində qürurla davam etdirir.
Elmarın qəhrəmanlıq yolu bir neçə döyüş bölgəsindən keçsə də, həmkəndlilərimin çoxu Murov-Kəlbəcər uğrunda döyüşlərdə fəal iştirak ediblər.

Həmin yerlərdə vuruşan qardaşımın döyüş yolundan isə “Qardaşım Afiq Murov döyüşlərində” məqaləmdə söz açmışam. Onunla eyni səngərlərdə, Murovun yüksəkliklərində əsl rəşadət göstərən həmkəndlilərimə Abdıyev Elşad Müzəffər oğlunu, Abdullayev Turan Yusif oğlunu, Məmmədov Elşad Cəbrayıl oğlunu, Hüseynov Tural Bayram oğlunu, Qasımov İlyas Qurban oğlunu, Həsənov Vasif Ədalət oğlunu, Hüseynov Afiq Mahir oğlunu, Quliyev Aslan Şəxsəddin oğlunu və başqalarını nümunə göstərə bilərik. Bunların hər biri döyüşlərdən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button