Son dəqiqə

Bolşevik işğalı və mübarizəmiz (siyasi miihacir xatirələri) adlı kitab haqqında

AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Təbriz Abdulla oğlu Yadigarovun, texnika elmləri namizədi, Hacıbayramlı Fəxrəddin Hacıkişi oğlunun rəhbərliyi ilə ilə çapdan çıxmış Hacıbayramlı Nağı Bayramgil. Bolşevik işğalı və mübarizəmiz (siyasi mühacir xatirələri) adlı kitabı haqqında məlumatlarını təqdim edirik.

Tanınmış yazıçı-publisist, tədqiqatçı Nəriman Əbdülrəhmanlının redaktorluğu ilə Hacıbayramlı Nağı Bayramgil. “Bolşevik işğalı və mübarizəmiz” (siyasi miihacir xatirələri) adlı kitab Qanun nəşriyyatında 2020-ci ildə çapdan çıxmışdır.
Kitabda Hacıbayramlı Nağı Bayramgilin1936-cı ildə Varşavada çıxan “Şimali Kafkasya”, 1950-1960-cı illərdə Türkiyədə nəşr edilən “Türk İzi” dərgisindəki məqalələri toplanaraq türkçəmizdə çap edilmişdir. Kitabın redaksiya heyyəti və türkcəmizə çevirənləri Qaraçöpün adlı-sanlı ziyalılar nəslindən olan Hacıbayramlılar nəslinin layiqli davamçıları Fəxrədin Hacıkişi oğlu ilə bərabər Nağı Aydın oğlu, Kənan Fəxrəddin oğlu, Anar Aydın oğlu və Aysu Kənan qızı Hacıbayramlılardır. Kitabda 1920-1930-cu illərdə kommunist-bolşevik işğalına qarşı mübarizədə Müsavat Partiyasının “Qarayazı” gizli təşkilatına və silahlı üsyana rəhbərlik etmiş xalqımızın milli azadlıq və istiqlal tarixində öz yerləri olan Qurban, İsaxan və Nağı Hacıbayramlılar haqqında təqdimatlar verilmişdir.
Kitabda Hacıbayramlı Fəxrəddin Hacıkişi oğlu tərəfindən Hacıbayramlı Nağı Bayramgilin həyat və fəaliyyəti haqqında geniş məlumatlar dərc edilmişdir. Hacıbayramlı Nağı Bayramgil 1902-ci ildə Rus İmperiyasının Tiflis quberniyasının Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində mülkədar Mustafa Hacıbayram oğlunun ailəsində anadan olmuşdur. 1920-1921-ci illərdə kommunist-bolşevik hakimiyyətinin ilk illərində kapitalistlərin və mülkədarların, o cümlədən Hacıbayramlılarm mülkləri də müsadirə edilərək milliləşdirilmişdir.
1920-1928-ci illərdə Qarayazlılar, Müsavat partiyasının Qarayazıda təşkilatçısı və təbliğatçısı Qurban Hacıbayramlının rəhbərliyi ilə, kommunist-bolşevik hakimiyyətinə qarşı Müsavatın “Qarayazı” gizli təşkilatı vasitəsi ilə mübarizə aparmışlar. Daha sonra mübarizə 1929-1930-cu illərdə baş verən “Qarayazı kəndli qiyamı” dövründə silahlı döyüş yolu ilə aparılmışdır. Silahlı üsyana Hacıbayramlı İsaxan başçılıq etmişdir. Kitabda Hacıbayramlı İsaxan haqqında Hacıbayramlı Fəxrəddin tərəfindən təqdimat verilmişdir. Hacıbayramlı Qurban və Nağı qardaşları 1930-cu ildə Türkiyə Respublikasına gedərək, 1931-1937-ci illərdə Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərən “Prometey” təşkilatı vasitəsi ilə Sovet İttifaqına qarşı siyasi mübarizələrini davam etdirirlər. Hacıbayramlı Nağı Varşava Ali Ticarət məktəbində ali təhsil alır.
Hacıbayramlı Nağı, Bayramlı imzası ilə 1936-cı ildə Varşavada nəşr edilən “Şimali Kafkasya” jurnalında 1920-1930-cu illərdə kommunist-bolşevik hakimiyyətinə qarşı gizli mübarizəyə eləcə də 1929-1930-cu illərdə aparılan silahlı üsyana həsr olunmuş “Qafqazda partizan hərəkatı” məqaləsini çap etdirir.Hacıbayramlı Nağı 1938-ci ildən Sovet ittifaqına qarşı mübarizəsini qardaşı Hacıbayramlı Qurban ilə Türkiyə Respublikasında Polşa və Alman dövlət orqanlarının əməkdaşları ilə davam etdirir. Eləcə də Hacıbayramlı Nağı Türkiyədə Bayramgil soy adı ilə 1952-ci ildə 9 nəfər siyasi mühacir və 2 nəfər Türkiyə vətəndaşı ilə birgə Azərbaycan Millətçilər Dərnəyini təsis edirlər.
Kitabda Cənubi Qafqazda kommunist bolşevik hakimiyyətinə qarşı aparılan mübarizələri əks etdirən xatirələri, çap etdirmiş digər ictimai-siyasi məqalələri geniş şərh edilmişdir. Kitabda Hacıbayramlıların həyat yolunun siyasət, milli azadlıq və istiqlal mübarizəsi olması qeyd edilməklə bərabər, Hacıbayramlı Qurbanın Açıq söz zəmanəsinin savadlı, nüfuzlu, demokratik, yüksək siyasi düşüncəli şəxsiyyəti olması,1920-1930-cu illərdə kommunist-bolşevik hakimiyyətinə qarşı mübarizə aparması, “Qarayazı” gizli Müsavat Partiyasına və təşkilatına rəhbərlik etməsi, həbs edilərək Rusiyaya sürgün edilməsi haqqında geniş məlumatlar verilmişdir. Burada Qurban Hacıbayramlı sürgündən qaçaraq Qarayazı kəndli qiyamına və üsyanına siyasi qiymət verməsi, daha sonra Türkiyəyə, oradan da Polşaya gedərək Sovet İttifaqına qarşı mübarizəsini qardaşı Qurban Açıqsözlə (Hacıbayramlı) 1938-ci ildən Polşa hakimiyyət dairələri ilə birgə aparmaları haqqında məlumatlar əks edilmişdir. Kitabda həmçinin, müəllifin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi arxivinin materialları əsasında tərtib edilmiş mənbəsinin 552 saylı sənədində Azərbaycan və Gürcüstan SSR-in daxili işlər xalq komissarlığına Türkiyə ərasizində fəaliyyət göstərən azərbaycanlı və dağlı millətçi mühacirlərin təxribatçı fəaliyyətinin qarşısının alınması üçün SSRİ daxili işlər xalq komissarlığının 41/1060 saylı tapşırıq verildiyi göstərilir. Sənəddə Varşava, Berlin və İstanbul qruplarına daxil olan bir çox siyasi mühacirlərin adları çəkilir. Burada bir çox məsələlərlə yanaşı göstərilir ki, “əldə olan məlumata görə Sovet ərazisinə göndərilməsi üçün Tomtiyev qardaşların, Qurban Bayramovun, Qiyas bəy Şıxlinskinin və Yadigarovların band elementləri istifadə ediləcəkdir”. Sənəddə həmçinin Davud bəy, İsrafil bəy, Arçil bəy və Vəli bəy Yadigarovların adları da çəkilir.
Qeyd etmək lazımdır ki, 1938-ci ildən Türkiyədə Sovet İttifaqına qarşı mübarizəsini bir neçə istiqamətdə ardıcıl olaraq davam etdirən Nağı Mustafa oğlu Hacıbayramlı siyasi xadim səviyyəsinə qədər yüksəlmişdir.
Nağı Mustafa oğlu Hacıbayramlının Qaraçöp və Qarayazı mahalında öz ad-sanları ilə hamının hörmətini qazanmış, Hacıbayramlı Nağı oğlu Hacıkişi 1922-ci ildə, Allahyar isə 1926-cı ildə Qarayazının (Qardabani rayonu) Kosalı kəndində anadan olmuşlar. Babaları Mustafa Hacıbayramoğlu dövrünün zəngin adamlarından biri olmuşdur. Hər iki qardaş uzun müddət SSRİ dövründə Qaraçöp sovxozunda baş mühasib vəzifəsində işləmişlər.
Kitabda qeyd edilir ki, Qarayazılıların 1928-1930-cu illərdə kommunist-bolşevik hakimiyyətinə qarşı apardığı mübarizədə öndə getməsinə və bir çoxlarının 1930-cu ildə Türkiyəyə keçmələrinə görə, qarayazılılarla birgə Hacıkişi və Allahyar, bacıları Fatma və Xasaya, anaları Nigar xanım, Qurban ağanın oğlu Musa Qazaxıstanın Aral şəhərinə sürgün edilimişlər, bacıları Xasaya isə orada rəhmətə getmişdir. Hacıkişinin 3 oğlu və 2 qızı olub. Qızı Xasaya xanım 1953-cü ildə sürgündə olarkən Qazaxıstanda, digərləri Qaraçöpdə anadan olublar. Övladlarından dördü ali təhsil alıb. Orta məktəbdə oxuyarkən bizim çox dəyərli sinif rəhbərimiz olmuş Xasaya xanım uzun müddət (təqaüdə çıxanadək) Ləmbəli orta məktəbində azərbaycan dili və ədəbiyyat fənlərini tədris edərək qaraçöp gənclərinin ədəbi dünya görüşünün formalaşmasında, təlim-tərbiyyəsində unudulmaz izlər buraxmışdır. Hacıkişinin həyat yoldaşı Müdvər xanım 1985-ci il sentyabrın 15-də Qaraçöpdə vəfat etmiş və Keşəli qəbiristanlığında dəfn edilmişdir. Nağı Bayramgilin Qaraçöpdəki oğlu Hacıkişi və Qarayazıda yaşayan qızı Fatma xanım 1991-ci ildə, bundan bir qədər sonra isə oğlu Allahyar Ankara şəhərinə gedərək oradakı 3 qardaş və 1 bacısı ilə görüşərək, ataları Hacıbayramlı Nağı Bayramgilin qəbrini ziyarət etmişlər.
Hacıkişi Nağı oğlu Hacıbayramlı 1999-cu ilin avqust ayının 21-də Qaraçöpdə vəfat etmiş və Keşəli qəbiristanlığında dəfn olunmuşdur. Allahyar Hacıbayramlı isə 2004-cü il mayın 3-də Bakıda vəfat etmiş və Qaraçuxur qəbirsanlığında dəfn edilmişdir.
Tarixən keşməkeşli həyat yolu keçmiş Hacıbayramlı nəsli daha da şaxələnərək, Qaraçöpdə, Qarayazıda, Azərbaycanda, Türkiyədə və digər ölkələrdə, türkçülüyün inkişafında dərin iz buraxmış soyköklərinin ad-sanını şərəflə təmsil edirlər. Hacıbayramlı nəslinin layiqli davamçılarına, o cümlədən təqdim edilən kitabı çapa hazırlayan Fəxrəddin müəllimə bol-bol uğurlar arzulayırıq!
Hesab edirəm ki, bu kitab tədqiqatçılar, sosioloqlar, pedaqoqlar və geniş oxucu kütləsi üçün maraqlı olmaqla bərabər, gənclərin vətənpərvərlik ruhunun yüksəlməsində də mühüm rol oynayacaqdır.
AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və
beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi,
iqtisad elmləri üzrə fəlsəfə doktoru, Təbriz Abdulla oğlu Yadigarov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button