Ölkə

“Prezident sizinlə işləmək, dialoq qurmaq üçün siyasi partiyalarla bağlı şöbə də yaratdı”-RAZİ NURULLAYEV

Son günlər bəzi internet resurslarda, mətbuatda Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfərə kölgə salmaq cəhdləri özünü göstərir.

Analoq.az Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevin məsələ ilə bağlı fikirlərini təqdim edir:

“Bu açıqlamanı etməklə nə Prezidenti yersiz müdafiə etmək, nə də həmkarıma söz savaşı açmaq məqsədi güdürəm. Hörmətli həmkarım Erkin Qədirlinin “Hökumətin son toplantısında Prezidentin söylədiyi bəzi sözlər “dövlət başçısı” adına yaraşmır” ifadəsini yersiz hesab edirəm. Erkin müəllim barədə bu qədər. İndi keçək, Prezidentin üzərinə haqsız olaraq virtual hücum çəkib, ona çirkin üsullarla təzyiq göstərənlərə”.

Prezident kosmosdan gəlməyib, o da bizim kimi həyəcanlanır, əsəbiləşir, gülür və hislərini idarə etməyə çalışır. Prezident işğalda olan torpaqları azad etdiyinə görə haqlı olaraq hər kəsin “sağ ol”unu gözləyirdi. Axı o, heç kimin bacarmayacağı çətin bir işin öhdəsindən gəlmişdi. Sizin heç biriniz bir kəndin belə azad olunmasına inanmırdınız və bunu da dilə gətirirdiniz.

Prezident Ermənistana və onun müttəfiqlərinə qarşı “vabank” getdi. Bu qərarı vermək özü bir qəhrəmanlıq idi. Çünki müharibədə uduzmaq da var. Bu məsuliyyətin altında 44 gün davam gətirmək üçün gərək qranit kimi möhkəm olaydın. Çünki, ay yekə-yekə danışanlar, Bakıya da onlarla raket düşə və minlərlə vətəndaş həlak ola, Mingəçevir su anbarı yerlə-yeksan edilə bilərdi.

Ermənistanın arxasında duranların nə addım atacağını kim əvvəlcədən deyə bilərdi?

Amma Prezident İlham Əliyev 44 gün ərzində Azərbaycan üçün Qay Yuliy Sezar oldu. Axı niyə bunu özündən müştəbeh bir qrup şəxs və siyasi cameə qəbul etmək istəmir? Paxıllıq, gözügötürməzlik, xəbislik və cahillik. Prezident sizinlə işləmək, dialoq qurmaq üçün siyasi partiyalarla bağlı şöbə də yaratdı. Əli Kərimli, Milli Şura özünü böyük tutdu, İlham Əliyevlə görüş tələb etdi. Sizin zəkanız, siyasi çəkiniz müvafiq şöbənin müdiri Ədalət Vəliyev ilə danışıq aparmağa bəs etmədiyi halda, “eqo”nuz böyük danışdı. Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?

İndi xaincəsinə hücum edirsiniz, amma Prezident sizinlə görüşmək istəsəydi, gecəni yatmaz, hansı kostyumu, hansı qalstuku vurum deyə gözünüzə yuxu getməzdi. İkiüzlülük yaxşı hal deyil. Prezidenti də ara-sıra sizlərin keçmişini xatırlatmağa vadar edən sizsiniz. Bəlkə də bizik, Azərbaycan vətəndaşlarıdır, dövlət adamlarıdır, bəlkə də hər birimizik. Çünki şər-böhtançılara, qabalara, söyüşü həyat tərzi seçənlərə, insanlıqdan çıxıb ən alçaq söyüş söyənlərə ya cavab verə bilmirik, ya vermirik, ya da bacarmırıq.

Axı sizlər onun nə çəkdiyini haradan biləsiniz? Danışmağa, söyüşməyə, təhqirə, başından böyük danışmağa nə var ki… Müharibə bitər-bitməz, Prezidentin qazandığı zəfərə kölgə saldınız, xalqa yalan məlumatlar verdiniz, ən murdar üsullarla Prezidenti hədəf aldınız. O nə etməliydi? Ancaq siz söyə, siz təhqir edə, siz ağır sözlər deyə bilərsiniz? Hərəniz bir ölkədə bir dəlmə-deşiyə girib ağzınıza gələni deyəsəksiniz, o susacaq?

Əli Kərimli, Cəmil Həsənli, onların tərəfdarları 24 saat Prezidenti nüfuzdan salmaq, ona ağır ittihamlar sürmək üçün növbəsiz soxulacaqlar, Prezident səssiz qalacaq? Bəlkə də günah bizdədir ki, susmuşuq. Susmuşuq ki, bizi də söyməsinlər, təhqir etməsinlər, onların səviyyəsinə enməyək. Amma daha başqa çıxış yolu qalmayıb. Hər kəslə onun başa düşəcəyi dildə danışmaq zərurəti əmələ gəlib”.

Razi Nurullayev,

Milli Cəbhə Partiyasının sədri, millət vəkili

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button