Siyasət

Moskva danışıqları erməni düşüncəsində hansı silinməz izləri buraxdı?

Yaxud, məğlub Ermənistanın qalib Azərbaycan qarşısında diplomatik cəbhədə də diz çökməkdən başqa çıxış yolu qalmayıb

Yanvarın 11-də Moskvada Rusiya Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli görüşdən sonra bəlli olan ilk reallıq bu oldu ki, qalib tərəf olaraq Azərbaycan istər hərbi, istər iqtisadi, istərsə də siyasi-diplomatik cəhətdən Ermənistanı tam şəkildə dalana dayayıb. Daha dəqiq desək, elə görüşdən əvvəl “Vnukovo” Beynəlxalq Hava Limanındakı qarşılanma mərasimindən başlayaraq, Kremldə 4 saata yaxın davam edən danışıqlara və ondan sonrakı vəziyyəti sadə baxışla müşahidə etsək, nəticələr hasil etsək, bir daha əmin olarıq ki, burada vasitəçi Rusiya istisna olmaqla əsas söz sahibi kimi məhz Azərbaycan Lideri çıxış edib. Məsələn, Ermənistan baş nazirinin danışıqlardan sonra mətbuat üçün keçiriən bifinqdə bir sıra məsələlərin həll edilmədiyini etiraf etməsi də isbat edir ki, bütün bunlar bilavasitə Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində baş verib. Qarabağın “statusundan” başlayaraq, hərbi cinayətlər törətmiş terrorçuların Azərbaycan qanunları əsasında saxlanılmalarına qədər məsələlərin həllini tapmaması etirafı Ermənistanın siyasi liderinin növbəti və bu dəfə diplomatik məğlubiyyətinin məntiqi göstəricisidir. Əgər belə olmasa idi, danışıqlardan sonra erməni KİV-lərində edilən çoxsaylı çıxışlar, gəlinən nəticələr bu reallığı əks etdirməzdi. Beləliklə, həmin çıxışların bəzilərinə diqqət yetirək və bir daha analizimizi aparaq.

Yerevan. Today: “Ermənistan üçün bir dənə də məsələ həll olunmadı”

“Putin razıdır, Əliyev çox razıdır, o görüşü ölkəsi üçün çox əhəmiyyətli hesab edir. O, görüş və onun nəticələri ilə bağlı razılığını ifadə etdi. Ancaq Nikol danışanda məlum oldu ki, Ermənistanın razı qalması üçün sadəcə səbəb yoxdur”. SİA xəbər verir ki, bu barədə Yerevan.Today-ın baş redaktoru Sevak Akopyan Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb. SİTAT: “Belə nəticə çıxarmaq olar ki, Ermənistan üçün bir dənə də məsələ həll olunmadı. Hazırkı anda bu danışıqlarda bizi əsirlərin taleyi maraqlandırırdı: sən deyirdin ki, sənin üçün iki mühüm məsələ var: əsirlərin problemi və əsir məsələsinin həllindən sonra effektiv ola biləcək kommunikasiya işləri. Görüşdən sonra Əliyev qonşu ölkələrə Azərbaycanın Ermənistan üzərindən çəkəcəyi yoldan istifadə etmək təklifini irəli sürdü, yəni görüş zamanı sən onun (Azərbaycan Prezidentinin-R.R.) dedikləri ilə razılaşdın, ancaq əsirlər barədə bir kəlmə də olmadı, sən ən azından bir damın məsələsini belə həll edə bilmədin. Nikol deyir: hərbi əsirlərin məsələsi həll olunmayıb, status məsələsi həll olunmayıb, ancaq imzalanmı bəyanat çox əhəmiyyətlidir”.

Sevak Akopyan: “Millət, yüzüncü dəfə təkrar edirəm ki, bu əclaf hansısa sualları həll etmək qabiliyyətində deyil… Millət, biz artıq sabah Nikolu danışıqlar masasından rədd etməliyik, əks halda o sizin hər birinizin taleyinizin danışıqlarını aparacaq, fərdi olaraq”.

“Nəyə görə əhəmiyyətlidir? Kimin üçün əhəmiyyətlidir? Əliyev üçün?”, deyə sual edən sayt rəhbəri davam edir: “Deyirlər ki, 9 noyabr bəyanatı mərhələli şəkildə tənzimlənir, razılıq əlaməti olaraq başını tərpədirsən. Nə tənzimlənir? Necə alındı ki, bizim üçün ən vacib suallar cavabsız qaldı? Sən 3 saat hansı danışıqları aparmısan? Millət, yüzüncü dəfə təkrar edirəm ki, bu əclaf hansısa sualları həll etmək qabiliyyətində deyil. Siz növbəti dəfə bunun şahidi oldunuz. Sabah o yenidən portfelini qoltuğuna vuracaq və danışıqlar aparmağa gedəcək, sonra isə görünəcək ki, Azərbaycan ona nə lazımdırsa, hər şeyi özünə tərəf çəkir. Və sonda o, bizi Ermənmistanın 20 şəhər və kəndini 10 azad edilmiş əsirlərin müqabilində təhvil verməsi faktı qarşısında qoyacaq. Əsirlər isə çoxdur. Millət, biz artıq sabah Nikolu danışıqlar masasından rədd etməliyik, əks halda o sizin hər birinizin taleyinizin danışıqlarını aparacaq, fərdi olaraq”.

Bəli, məhz budur erməni ictimai rəyinin ortaq düşüncəsi və fakt da ortadadır – Paşinyan birmənalı şəkildə bu danışıqlarda uduzdu və əlində olan bəlkə də son rıçaqını itirmiş oldu.

Mikael Minasyan: “Nikol Paşinyan – dizi üstə gəlmiş lider elə bir binanın içində idi ki, oradakı masa arxasında oturan insanlarla bərabər səviyyədə deyildi”

Müharibə məğlubiyyətindən sonra erməni baş nzirini daha çox və ən çox ittiham edənlərdən biri də keçmiş siyasi hakimiyyətin Vatikandakı sabiq səfiri Mikael Minasyandır. Məhz Nikol Paşinyanın Soros fonunun dəstəyi ilə devirdiyi prezident Serj Sarqsyanın kürəkəni olan Minsyan qədər Paşinyana nifrət edən ikinci erməninin olmadığını da düşünə bilərik. O, özünün sosial şəbəkə səhifəsində yazır. SİTAT: “Nikol Paşinyan – dizi üstə gəlmiş lider bu gün (yanvarın 11-də) elə bir binanın içində idi ki, oradakı masa arxasında oturan insanlarla bərabər səviyyədə deyildi: o birinin nökərinə çevrilib və digərinə də uduzub. Siz sual edirsiniz ki, bir dövlət olaraq biz bugünkü görüşdən hansı səmərəni aldıq? Və ümumiyyətlə, Nikol bugünkü görüşün prioritetinin əsir və girovların azad olunmasını deyirdisə nəyə görə heç olmasa bir əsirin geriyə qaytarılması məsələsini həll edə bilmədi? Növbəti sual. Nəyə görə onlar əsirləri geri qaytarmalı, yaxud hər hansı erməniyönlü qərar təklif etməliydilər? Gəlin açıq danışaq və heç olmasa bir dəfə həqiqətin gözünə baxaq. Üç nəfər şəxs görüşdü. Onlardan birində heç nə yoxdur, qorxudan başqa. O, hər şeyə imza atmağa və yerinə yetirməyə hazır olandır. Digər ikisini isə birinciyə qarşı nifrət birləşdirir. Birində düşmənçilik, digərində sinfi. Dekabrın 1-dən sonra yeni nə isə baş vermir. Ermənilər qərar veriblər ki, onları oğullarını və ərlərini qurban verən, vətənini satan və Qarabağdakı müharibəyə məğlubiyyətlə son verən bir aşağılıq təmsil etməlidir. Digər ölkələr bu situasiyadan maksimal şəkildə yararlanmağa cəhd göstərirlər”.

Sabiq səfir: “Günü-gündən vəziyyət daha pisləşməyə doğru gedəcək”

Minasyan növbəti sualını verir və soruşur ki, nəyə görə İlham Əliyev Nikol Paşinyana 115 əsiri geri qaytarmalıdır? SİTAT: “Ona görə ki, Nikol Mehri dəhlizinin verilməsi ilə bağlı sənədə imza atmayacaqdı? O, artıq imzalayıb və bəlli səbəblərə görə bir daha imzalayacaq. Nəyə görə onlar Qarabağın statusunu müzakirə etməlidirlər? O müzakirə edilməsəydi Nikol nə edəcəkdi? Siz haqlısınız, heç nə…”

“Bundan əlavə, Nikol nəyə görə 115 əsirin qaytarılmasını inadla xahiş etməlidir? Bugünlərdə əsirlərin qohumları Nikola yol açmamalıydılar, çünki o yalnız təzyiq dilini anlayır”, deyə yazan Minasyan sonda bildirib: “Artıq sonsuzluğa qədər şikayət etməyə son qoymaq lazımdır, fəaliyyətə keçmək gərəkdir. Ermənistanın imkan pəncərələri dekabrın 1-də bağlanıb və nə qədər ki, Nikol hakimiyyətdədir, o açılmayacaq. Əlavə olaraq deyim ki, günü-gündən vəziyyət daha pisləşməyə doğru gedəcək”.

Tiqran Abramyan: “Qarabağin statusu və əsirlərin qaytarılması ilə bağlı məsələlər hətta ciddi şəkildə müzakirə olunmayıb”

Daha bir reallıqdan çıxış edən və Moskva görüşünün nəticələrinin Ermənistana yaxşı heş nə vəd etmədiyini deyən erməni siyasətçisi “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri, politoloq və hərbi-siyasi ekspert Tiqran Abramyandır. O özünün Facebook səhfəsində 11 yanvar danışıqlarının nəticələrinin təhlilini apararaq yazıb. SİTAT: “Azərbaycan və Rusiya bu görüşdən nəyi istəyirdilərsə, onu da aldılar, lakin Ermənistanın baş naziri yalnız özü tərəfindən qaldırılan iki məsələ barədə danışıb – Qarabağın statusu və əsirlərin dəyişdirilməsini – onlar da həll edilməmiş qaldı. Düşünürəm ki, hətta bu məsələlər ciddi şəkildə müzakirə belə olunmayıb”.

“Üç rəhbərin – Paşinyanın, Putinin və Əliyevin görüşlərindən və mətbuat üçün bəyanatlarından sonra məlum oldu ki, əsasən regional iqtisadi münasibətlərin normallaşdırılması – kommunikasiyaların blokdan çıxarılması, infarstrukturların, beynəlxalq daşımalar barədə danışıqlar aparılıb və ümumi formal xarakterində regional təhlükəsizlik və onun mexanizmlərinə toxunulub”, deyə qeyd edən Abramyan da digər erməni siyasətçiləri kimi, Nikol Paşinyanın əvvəlcədən bəyan etdiyi əsirlərin və həlak olmuşların meyitlərinin qaytarılması prioritetlərinin həyata keçirilməsinə nail ola bilməyib. Onun sözlərinə görə, halbuki baş nazir bu məsələlərin həlli olmadan digər məsələlərin həlli ilə bağlı danışıqlar aparmayacağını bəyan etmişdi.

Beləliklə, bənzər fikirlər, gəlinən qənatələr onlarladır, bəlkə də yüzlərlədir. Yanvarın 11-də baş tutmuş danışıqlardan sonra bu mövzu daha da artacaq və bununla bir çoxlarına, hətta Azərbaycanda təəssüf ki, əməlləri, çıxışları, dar baxışları ilə ermənilərə qahmar çıxan sözdə müxalifət liderlərinə də məlum olacaq ki, əslində vəziyyət nə yerdədir və Ermənistanın məğlub ölkə olaraq Azərbaycan qarşısında diz çökmədnə başqa çıxış yolları qalmayıb.sia.az

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button