Ölkə

YARIM MİLYARD MANATA QARABAĞDA… KÖŞƏ YAZISI

Ölkə gündəmində Mərkəzi Bankın yeni inzibati binasının tikintisi ilə bağlı müxtəlif məlumatlar səslənməkdədir. Bəri başdan deyək, yeni binanın tikintisi üçün nə az, nə çox, düz 450 milyon manat müəyyənləşdirilib. Əslində, mövcud zamandan fərqli olaraq məsələyə digər cəhətdən – tikinti-quruculuq, abadlıq işləri tərəfindən yanaşarsaq, bunun heç bir ziyanı yoxdur, əksinə, xeyri var. Ən müasir üslublu, göz oxşayan binaların paytaxtımızın müxtəlif nöqtələrini bəzəməsindən biz də sevinərik, hətta qürurlanarıq. Nəyə görə xarici qonaqlarımız Bakıya gələndə paytaxtımızdakı möhtəşəm binaları seyr edib, “axı nəyə görə bizdə də belə binalar yoxdur?” sualını verməsinlər? Hətta verirlər bu sualları, biz də əlbəttə ki, fəxr edirik. Fəqət bu, bircəhətli yanaşmadır, amma yanaşmanın başqa cəhəti də var. Məhz həmin cəhətdən də fikir bildirməyin lap yeridir. Bəs nədir digər yanaşma?

Məlumdur ki, ölkə hələ də pandemiya şəraitindədir və ötən ilin fevralından başlayaraq, ölkə rəhbərinin bilavasitə qərarları ilə perventiv tədbirlərə start verildi, ardınca isə çoxsaylı sosial, səhiyyə və s. istiqamətlərdə səhiyyə xarakterli layihələrə imzalar atıldı, bir sözlə, dövlət büdcəsindən və yaradılan müxtəlif fondlardan əhəmiyyətli dərəcəsində pullar xərcləndi, səmərəsi də oldu. Və…

Və Vətən müharibəsi! 44 gün ərzində düşmənə qarşı aparılan müharibəmizdə məlumdur ki, müəyyən xərclər oldu və bu da təbii ki, müharibənin tələbidir. Düşmən üzərində əldə edilən qələbəmizin əsaslı mənbəyi isə hərbçilərimizin tarixlərə yazılacaq şücaətləri ilə yanaşı, həm də ordu quruculuğu, silah-sursat təminatı, müasir hərbi texnikalarının texnologiyalarının əldə edilməsidir. Qısacası, Azərbaycan deyildiyi kimi, iki cəbhədə müharibə apardı – biri koronavirus pandemiyası, digəri isə Qarabağ savaşı və bütün bunlar böyük maliyyə vəsaitləri ilə davam etdirildi.

İndi, ölkə başçımızın da vurğuladığı kimi, işğaldan azad olunmuş ərazilərimizi nəhəng tikinti-quruculuq, abadlıq işləri gözləyir. Üstəlik, 30 illik erməni işğalı dövründə dağıdılan, yerlə bir edilən yaşayış massivlərimiz, mədəniyyət ocaqlarımız, sosial infrastrukturlarımız yenidən tikilməli, böyük qayıdış layihəsi realizə olunmalıdır. Bu isə yenə də kifayət qədər böyük xərclər tələb edir və nəzərə alarsaq ki, qarşıda bu kimi planlar dayanıb, onda:

Mərkəzi Bankın yeni inzibati binasına 450 milyon manatın xərclənməsinə nə qədər əhəmiyyətli, mühüm və labüd ehtiyac yaranıb? Yaxud, Mərkəzi Bankın mövcud binası hansı kriteriyalara cavab vermir, məgər hazırkı dövrə qədər müxtəlif maliyyə kollapslarından, dünyanı bürüyən böhranlardan çıxarkən də Mərkəzi Bankın binası həmin bina deyildimi? Yoxsa dünya maliyyə sektorunda mümkün devalvasiya proqnozları verilərkən Mərkəzi Bank 450 milyon manatın müqabilində tikəcəyi yeni inzibati binası vasitəsi ilə ölkəni həmin proqnozlardan xilas etmək sirrinəmi malik olacaq? Nəyə və kimə lazımdır yarım milyardlıq israf? Həmin pulları nəinki Qarabağın bir, ya da bir neçə işğaldan azad olunmuş, dağıdılmış rayonlarını dirçəltmək mümkündür, eyni zamanda, bu vəsaitləri müharibədə bədən üzvlərini itirmiş əsgər və zabitlərimizin protezlərlə təmin olunmasına, psixoloji sarsıntılar keçirmiş müharibə iştirakçılarının normal sosial həyata dönmələrinə, eləcə də nəzərdə tutulan və əhəmiyyətli dərəcədə vacib olan hərbi xərclərə yönəltmək olar. Təəssüf ki, bütün bunların yerinə Milli Bank səlahiyyətliləri necə deyərlər, öz yerlərini daha rahat, daha komfortlu etmək üçün dövlət büdcəsindən (?!) az qala yarım milyardlıq vəsait tələb edirlər, xeyirdirmi əcəba?

Biz hələ binanın tikintisi zamanı tələb ediləcək digər əlavə xərcləri də buraya əlavə edərsək, onda daha dəhşətli rəqəmlərlə üz-üzə qala bilərik. Halbuki, hələ də gec deyil və o cümlədən, xalqın Milli Bankın yeni inzibati binasına heç də ehtiyacı-zadı da yoxdur!

Rövşən NURƏDDİNOĞLU

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button