GündəmRegion

Lavrov Qarabağdan danışdı: erməniləri niyə məyus etdi?

Rusiyanın XİN rəhbəri Putinin bəyanatlarına əks gedə bilməzdi

“Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb”. Analoq.az xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib.

Lakin maraqlıdır ki, Rusiyanın XİN rəhbəri bu cavabı ilə kifayətlənməyərək, hələ də “dqr” xülyası ilə yaşayan erməniləri daha çox pəjmürdə edən cavablarını da verib və həmin cavabarın nə qədər səmimi, ya da qeyri-səmimi olması da aşağıda bir reallıqla əks olunub.

“Dağlıq Qarabağın statusu 9 noyabr bəyanatında qeyd olunmayıb”

Beləliklə, “Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”, deyən Lavrov eləcə də status məsələsinin də gündəmdə olmayacağını xüsusilə bildirib. SİTAT: “Dağlıq Qarabağın statusu 9 noyabr bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib. Ora Rusiya sülhməramlıların məsuliyyət daşıdığı bölgədir”.

Onun sözlərinə görə, Dağlıq Qarabağın status problemi ziddiyyətlidir. “Ona görə də İrəvan və Bakının mövqeləri nəzərə alaraq danışıqlar zamanı ölkə başçıları tərəfindən bu məsələdən yan keçməyə qərar verilib”, deyə o vurğulayıb.

Rusiyanın xarici diplomatik idarəsinin başçısının bu bəyanatı isə bir daha sübut edir ki, artıq Dağlıq Qarabağın statusu məsələsi danışıqların gündəmində bundan sonra da mövcud olmayacaq və əlbəttə ki, Rusiyanın prezidenti Vladimir Putinin “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” fikrini də tamamlayır. Yəni Putin deyibsə, Lavrov təkrar etməyə bilməz!

“Hərbi əsirlərin mübadiləsi 11 yanvar tarixində Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə də müzakirə olunub”

Daha bir maraqlı məqam Ermənistan rəhbərliyinin noyabrın 9-da (10-da) imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə erməni silahlı quldur dəstələrinin diversiya törətmək cəhdlərinin qarşısının alınmasının ardınca onların bir qisminin ələ keçirilmələri ilə bağlıdır. Belə ki, Ermənistan siyasi rəhbərliyi onları “hərbi əsir” adlandırır və geri qaytarılmalarını tələb edirlər. Lakin Azərbaycan tərəfi haqlı olaraq iddia edir ki, onlar bəyanat imzalandıqdan sonra cinayət törədiblər və Azərbaycan qanunvericiliyi qarşısında cavab verməyə məhkumdurlar.

Bununla bağlı sulalı cavablandıran Lavrov bildirib: “Hərbi əsirlərin mübadiləsi 11 yanvar tarixində Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə də müzakirə olunub”.

“Həqiqətən də, Ermənistan tərəfində problemlər olub”

“Həqiqətən də, Ermənistan tərəfində problemlər olub”, deyən Rusiyanın XİN rəhbəri bildirib ki, gərək hər iki tərəf əsirlərin siyahısını verərdi. SİTAT: “Azərbaycan tərəfi həmin siyahını verib. Ermənistan tərəfindən isə bu siyahı tam verilməyib. 9 noyabra kimi əsir düşənlər təhvil verilib. Lakin həmin ərazidə 62 tərəf əsir düşüb. Azərbaycan tərəfi bildirir ki, həmin 62 nəfər hərbi əməliyyatların dayandırılmasından sonra bilərəkdən ora göndərilib. Ona görə də, bu məsələyə 9 noyabr bəyanatı çərçivəsində deyil, ayrılıqda baxmaq lazımdır. Rusiya olaraq əsirlərin “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməsinin tərəfdarıyıq. Bu mövzu mövcuddur. Əgər bizim sülhməramlılarımız olmasaydı, bunu həll etmək çətin olardı”.

Beləliklə, Sergey Lavrov bəlkə də daxilində simpatiya bəslədiyi ermənilərə hər hansı yaxşı cavabı verə bilərdi, sadəcə onun Rusiyanın əsas siyasi qurumlarının birinin rəhbəri olması, xüsusilə Rusiya prezidenti Vladimir Putinin bəyanatlarına əks çıxa bilməməsi ermənilərin istədikləri cavabları ala bilməmələri ilə nəticəsini tapıb.

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Daha çox
Back to top button