Cəmiyyət

Azadlıq yanğısı…

İndiki kimi yadımdadır.Qanlı yanvar hadisəsindən sonra ölkədə komendant saatı tətbiq olunmuşdu.Hara baxsan,əli avtomatlı rus əsgərlərinin faşistlərə oxşayan duruşu, yerişi, murdar sifətlərini görürdüm.Və bu məni hədsiz əsəbləşdirirdi.

Tələbəlik illərimə təsadüf etmişdi bu faciə.Qışin oğlan çağı idi.Təbiət də qəddarlaşmışdı sanki:hər yer-kucələr,yollar qalın buzla örtülmüşdü, maşınların hərəkəti məhdudlaşmışdı,yerimək olmurdu,tez-tez sürüşüb yıxılırdı adamlar.

Başıma gələn bir hadisəni unuda bilmirəm.

Dərsdən kirayə qaldığım evə qayıdırdım. Nişanlım yanımda idi .(yanvarın 1-də nişanımız olmuşdu,nə biləydik bir neçə gündən sonra xalqımızın başına müsibətlər gətiriləcək).

Elmlər Akademiyasında bir parkda yorğunluğumuzu almaq ücün skamyada oturmaq istəyirdik ki,sarıqulaq əsgərin biri bizə yaxınlaşdı,sonra digəri və rus dilində:”burda oturmaq olmaz”dedi.Sanki başıma qaynar su töküldü,sifətim alışıb-yandı,əsəbdən bütün bədənim titrədi,Qışın bu soyuğunda tər-su məni apardı.Özümü saxlaya bilmədim və əsgərə:”Sən get öz torpağında ağalıq et,bura mənim Vətənimdir,İvan!”-deyə qışqırdım. Səs-küyə o biri dığalar da tökülüşüb gəldlər.Əsgərin biri tüfəngin lüləsini mənə çevirib:”Zatknis,a to ubyu”(kəs səsini,yoxsa öldürərəm)-deyə hədələdi.

Nişanlım cəld hərəkətlə tüfəngi əsgərin əlindən fırladıb aldı və kürəyinə dirədi.O biri dığalar nişanlımın qollarını burmağa və zərbə endirməyə başladılar.Bu vaxt ətrafdan bu hadisəni müşahidə edən insanlar köməyə gəldilər.Xalqımız yaralı idi ,qəzəbli idi və gözünü qan tutmuşdu.

20 yanvarda axıdılan türk qanı xalqın mübarizə ruhunu daha da artırmışdı,heç kim ölməkdən qorxmurdu.

O gün bir daha özümü tanıdım,xalqımla qürur duydum.Öz torpağı uğrunda odlu silah qarşısında əliyalın dayanan,zirehli tankların qarşısında ətdən çəpər quran bir xalqın nümayəndəsi olduğum üçün qürur duydum.Güclü bir inam vardı içimdə:”Bir gün gələcək azad və müstəqil bir ölkənin vətəndaşı olaraq, dünyaya öz sözünü deyəcək bu xalq.

Hər il həyat yoldaşımla şəhidlər xiyabanını ziyarət edirik.Burda yatan günahsız,eyni zamanda qorxmaz insanların ruhu qarşısında dilimiz lal olur,nitqimiz tutulur.Şəhidlər öz qanlarıyla yazdılar azadlıq tariximizi,xalqın biləklərinə vurulan əsarət qandallarını öz mübariz ruhlarıyla qırdılar.Allah bütün şəhidlərimizə rəhmət etsin.

Azadlıq yanğısı

Biz tankların qarşısına əliyalın çıxanlarıq,
Odlu silah qabağında ətdən çəpər quranlarıq,
Biz o qanlı imperiyanı özülündən yıxanlarıq
Biz azadlıq yanğısıyla şəhid olan insanlarıq.

Azadlığı öz qanıyla alan ulu bir məmləkət
Əlbəttə ki yaratmalı güclü dövlət,böyük dövlət

Vətən adlı bu torpağın qayası biz,daşı bizik,

Vətəni qoruya bilsək,onun vətəndaşı bizik.

Tamara Nadirova /Tənha Bulud/

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button