AraşdırmaCəmiyyət

Unudulmuş və itirilmiş sərvət: Tütünçülük

Aqrar sektorun ən perspektivli sahələrindən biri olan tütünçülüyün inkişafı üçün potensial və perspektivlər

İqtisadiyyatın diversifikasiyası məsələsində əksər ölkələr ən potensiallı sektorlara üstünlük verirlər. Klaster yanaşma zamanı optimal sahənin seçilməsi üçün bir neçə şərt əsas götürülür- xammalı yetişdirmək üçün şərait, emal sənayesi üçün texnologiya və kadr bazası, daxili və xarici bazarın tapılması, rəqabətədavamlı və optimal qiymətə məhsul istehsalının təşkilinin mümkünlüyü və s. Azərbaycanda belə sahələrdən biri də tütünçülük və siqaret sənayesidir. Bu sektorda həm böyük ənənə və təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət daxili və xarici bazara çıxış imkanı var. Bu yazıda tütünçülüyün potensial və perspektivlərini araşdırmağa çalışacağıq.

Qarabağda tütünçülüyün inkişafına çalışılacaq

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Bu sahəyə bağlı olan dövlət orqanları və şirkətlərin nümayəndələrinin iştirak etdiyi müşavirədə qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən aqrar sahənin prioritet istiqamətlərdən biri kimi elan edilən tütünçülüyün inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Həmçinin, ölkə Prezidenti tərəfindən verilən tapşırığa uyğun olaraq işğaldan azad olunmuş, tütünçülük ənənəsinin mövcud olduğu rayonlarda bu sahənin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Müşavirədə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər və əldə edilən nəticələr müzakirə olunub. Bildirilib ki, ölkədə tütünçülüyün inkişafının dövlət tərəfindən dəstəklənməsi nəticəsində tütünün əkin sahələri və istehsalı artıb.

Tədbirdə fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkətlər arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğu diqqətə çatdırılıb. Keyfiyyətli tütün istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrələrdən düzgün istifadə olunması, tütün yarpaqlarının vaxtından əvvəl dərilməsinə yol verilməməsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb.

Müşavirədə bu il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər müzakirə edilib. Şitil, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb. Müzakirələrin sonunda qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Tütün istehsalı 20 dəfə azalıb, siqaret idxalı 20 dəfə artıb

Dünyada gün ərzində satış dəyəri təxminən 4 milyard dollar olan tütün ticarətindən illik qazanc 1 trilyona çatıb. Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır.

Sovet dövründə respublikamızda tütünçülük güclü inkişaf edib, bu sahədən yaxşı gəlir əldə edilib. 1970-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsində aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, hazır məhsulun dəyəri baxımından, Azərbaycanın aqrar sektorunda ən rentabelli sahə tütünçülükdür. Hesab olunurdu ki, həmin dövrdəki mövcud 25 min ton istehsalı yaxın 20 ildə azı 100 min tona çatdırmaq üçün potensial var. 1980-ci ildə isə tütün istehsalı 60 min tona çatdırılmışdı.

Tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanda pambıqçılıqdan sonra 2-ci texniki bitki sayılırdı. Lakin Sovet İttifaqının dağılmasından sonra pambıqçılıq, çayçılıq, üzümçülük, ipəkçilik kimi yüksək gəlir gətirən sahələrlə yanaşı tütünçülükdə də tənəzzül başladı. Son 30 ildə tütün istehsalı 55 min ton azalaraq illik 3 min tona düşdü.

90-cı illərdə Dünya Bankı ilə birlikdə aqrar sektorla bağlı birgə layihələrin işlənməsinə, treninqlər aparılmasına, kreditlər verilməsinə başlandı. Bu zaman tütünçülük sektoru arxa plana atıldı. Dünya Bankının ekspertləri səbəb kimi tütünün sağlamlığa zərərini göstərir və bunu siqaretə qarşı mübarizədə bir addım kimi qələmə verirdilər. Ona görə də, tütünçülüyə yardımlar, kreditlər ayrılmadı və bu sahədə tənəzzül başladı. Əvəzində ABŞ-da tütün istehsalı və ixracı xeyli artdı. Təbii ki bu sahədən götürülən gəlirlər də. Tütün artıq qlobal monoloyiya sahəsinə çevrilmişdi.

Tütün istehsalını 30 min tona çatdırmaq üçün real imkan var

Hazırda Azərbaycanda az həcmdə Şəki-Zaqatala zonasında “Samsun”, “Trabzon” və “İtiyarpaq” kimi qiymətli tütün növləri əkilir. Lakin yerli siqaret fabrikləri naməlum səbəbdən amerikan tütününün idxalına üstünlük verərək yerli məhsulu qəbul etmədiklərindən bu qiymətli təbii sortlar ucuz qiymətə qonşu Gürcüstana satılır.

Bunun nəticəsində ölkəmizdə yerli imkanlar ola-ola xeyli valyuta xaricə axır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ildə 250 milyon dollarlıq tütün və tütün məmulatı idxal olunur. Təkcə bu rəqəm yerli tütünçülüyün tənəzzülü ilə hər il nə qədər böyük gəlirdən məhrum olduğumuzu anlamaq üçün kifayət edir. Bu fakt tütünçülük kimi gəlirli bir sektorun mümkün qədər tez müddətdə bərpasının vacibliyini göstərmək üçün kifayət edir.

Ekspertlər hesab edir ki, əgər bu sahəyə yetərli diqqət ayrılsa, yaxın perspektivdə hazırki istehsalı azı 10 dəfə artıraraq 30-35 min tona çatdırmaq üçün real imkanlar vardır. İlk növbədə daxili bazarı tam təmin etmək, sonrakı mərhələdə ixrac etmək olar.

Yerli təbii tütün alınmır, GMO Amerika tütünü idxal olunur

ABŞ kimi ölkədə siqaretə qarşı aparılan mübarizəyə baxmayaraq tütün istehsalının nəinki azalmadığını, hətta artdığını nəzərə alsaq, Dünya Bankının yuxarıda qeyd etdiyimiz ikili yanaşması şübhəli görünür. Bir çox ekspertlər ABŞ-ın tütündən yüz milyardlarla gəlir əldə etdiyini nəzərə alıb bu sahədə qlobal monopoliya yaratmaq cəhdini pisləyirlər. Bəs Azərbaycanda Dünya Bankının təşviqi və məsləhəti ilə bu sektorun tənəzzülə uğradılmasını necə başa düşmək olar?

Aydındır ki, burda belə gəlirli sahədə kiçik və böyüklüyündən asılı olmayaraq ABŞ-ın rəqiblərini sıradan çıxarmaq prosesi əsas rol oynayıb. Tütün isə çox böyük biznesdir. Ölkədə əkilən tütünün yerli siqaret fabrikləri tərəfindən alınmaması da yuxarıda qeyd etdiyimiz şübhələri gücləndirən faktorlardandır. Çünki, Azərbaycan siqaret istehsalçıları bütün xammalı xaricdən idxal edirlər. Bizim tütünün isə yerli fabriklərin almaması, əvəzində bu məhsulun Gürcüstan tərəfindən alınması maraqlı məqamdır.

Lakin qeyd etməliyəm ki burada digər səbəblərin də müəyyən qədər rolu var. ABŞ-da tütünün məhsuldarlığı yüksəkdir, çünki genetik modifikasiyaya məruz qalıb. Buna görə də, bu gün dünya bazarında onların təklif etdiyi tütün ucuz olduğundan digər ölkələrin məhsullarını sıxışdırır. Lakin Azərbaycanda tütün istehsal etmək ABŞ-dan idxal etməkdən xeyli ucuz başa gəlir.

Tütünçülük qeyri-neft sektorunda ən perspektivli sahələrdəndir

Azərbaycanda tütünçülüyün və siqaret sənayesinin inkişafı üçün lazım olan bütün şərtlər var. Bu sektorda həm böyük ənənə və təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət daxili və xarici bazara çıxış imkanı var.

İndiyədək tütünçülüyün inkişafı üçün bəzi addımlar atılıb. Bu sektora edilən ən böyük dövlət yardımı Azərbaycan Prezidentinin 27 noyabr 2001-ci il tarixdə təsdiq etdiyi “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanuna əsasən 3 il müddətinə (2001-2003-ci illərdə) vergi ödəməkdən azad edilməsi olub.

Nazirlər Kabineti 22 noyabr 2002-ci il tarixli qərarla “Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı”nı, “Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə”ni və “Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nı təsdiq edib.

Bu sənədlərə əsasən hökumət tütün istehsalına dəstək verilməsini və bu sahəyə ciddi nəzarət edilməsini nəzərdə tutur. Lakin 20 ilə yaxın müddət keçməsinə baxmayaraq bu sahədə ciddi irəliləyişlər müşahidə olunmayıb. Düzdür, Sumqayıtda yeni tütün emalı fabriki açılıb və orada xeyli növdə siqaretlər istehsal olunur, lakin bu ölkənin tələbatının çox az hissəsini ödəyə bilir və xaricdən tütün gətirməyə üstünlük verir.

Tütünçülük post-neft dövründə ölkə iqtisadiyyatının inkişafını təmin edə biləcək sahələrdən biridir. Ən azı ilk dövrlərdə daxili tələbatı yerli məhsul hesabına ödəməklə idxaldan asılılığı ləğv edə bilərik, daha sonra isə ixracdan gəlir əldə edə bilərik. Şübhə yoxdur ki tezliklə Azərbaycan iqtisadiyyatında tütün sektorunun çəkisi ciddi ölçüdə artacaq, çünki azad edilmiş ərazilərimizdə tütün əkini üçün xeyli boş torpaqlar və münbit şərait var. Demək, bu istiqamətdə işlər aparılsa, ölkəmiz bu sahədən böyük gəlirlər əldə edəcək, tütünçülüyün inkişafı yeni sənaye müəssisələrinin və on minlərlə yeni yerinin yaranmasına səbəb olacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button