RegionŞikayət

Xaçmaz Regional Qaz İstismar İdarəsinin mühəndisi verdiyi sözə niyə əməl etmir?-QUBADA SÖKÜLƏN SAYĞACIN TALEYİ NECƏ OLACAQ

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur-vətəndaş münasibətlərinin xüsusi yer tutduğunu bildirən ölkə başçısı həmçinin qeyd edib ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, özünü təvazökar aparmalıdır.

Lakin ölkə başçısının bu cür xəbərdarlıqlarından hələ nəticə çıxarmayan məmurlar da az deyil. Bir neçə gün öncə Analoq.az-a müraciət edən Quba şəhəri Arif Hüseynzadə 12A, mənzil 1 ünvanında yaşayan Sultanov İbrahim “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismar İdarəsinin mühəndisi Gülyar Hüseynovdan şikayət ünvanlayıb.

Şikayətçi Sultanov İbrahim bildirib ki, xəbərdarlıq edilmədən qaz xəttimi kəsərək, qaz sayğacımı yaşadığım ünvandan kənarda qoşublar. Hələ bu azmış kimi kəsilən qaz xəttini də bərbad vəziyyətdə qaynaq ediblər.

Şikayətçi qaynaq edilən qaz borularının şəkillərini də redaksiyamızın elektron ünvanına yollayıb.


Sultanov İbrahimin şikayəti əsasında “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismar İdarəsinin mühəndisi Gülyar Hüseynovla əlaqə saxlayıb, yaranan problemlə bağlı açıqlama almaq istəsək də Gülyar müəllim öncə yaranan narazılığı inkar edib. Qeyd olunan ünvanda belə bir hadisənin baş vermədiyini bildirib.

Redaksiyamıza ünvanlanan şikayət məktubu ilə tanış olandan sonra problemi bazar ertəsi həll edəcəyinə, vətəndaş Sultanov İbrahimin qaz sayğacını yenidən yaşadığı evin qarşısında bağlayacağına söz verdi. Lakin Gülyar müəllimin verdiyi söz elə telefon xəttinin o başında qaldı.

Bazar ertəsi Gülyar müəllimə dəfələrlə zəng edib yaranan problemlə maraqlanmaq istəsək də zənglərimiz cavabsız qaldı. Şikayətçi redaksiymıza daha sonra bildirib ki, özü Gülyar müəllimlə əlaqə saxlayıb.

Gülyar müəllimin əraziyə gələcəyi ilə bağlı verdiyi sözü özünə xatırladanda baş mühəndis Gülyar Hüseynov bunu inkar edib. Daha sonra isə şikayətçiyə bildirib ki, get kimə, hara istəyirsən şikayət elə. Mən sizin problemi həll etməyəcəm. Görünür Gülyar Hüseynov bir neçə il bundan öncə bu cür şikayətlər əsasında Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndində nəzərdə tutulan xəbərdarlığı da unutmayıb. Onu da qeyd edək ki, Gülyar Hüseynov nəinki vətəndaş-məmur münasibətlərini qoruyur, o eyni zamanda mətbuat nümayəndəsinə verdiyi sözün də sahibi ola bilmədi. Ölkə başçısı mətbuat nümayəndələrinə xüsusi diqqət və qayğı göstərdiyini, mətbuat nümayəndələrini özünün köməkçiləri adlandırdığı halda Gülyar müəllim mətbuat nümayəndəsinin zənglərini cavabsız qoyur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button