Araşdırma

20 YANVAR FACİƏSİ BƏŞƏR TARİXİNDƏ İNSANLIQ ƏLEHİNƏ TÖRƏDİLƏN ƏN BÖYÜK FACİƏDİR..

Azərbaycan xalqına qarşı tarixin müxtəlif dövrlərində düşmənlər tərəfindən soyqırımlar,faciələr törətdilmiş və bu tarix unudulsun deyə tarixin saxlaşdırılması prosesi aparılmışdır.

Şərqin son fatehi Nadir Şah Əfşarın qurduğu böyük türk imperiyası Nadir şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra parçalandı. Azərbaycan xalqının qurduğu qüdrətli dövlətin parçalanmasın xalqın gələcəyini kökündən dəyişdi. Nadir şahın ölümü Azərbaycanın parçalanmasının əsasını qoydu. Azərbaycan ərazisində kiçik dövlət qurumları “Xanlıq”lar yarandı. Xanlıqların yaranması prosesi Nadir şahın sağ olduğu dövrdə başlasa da onun ölümü ilə Azərbaycanın bütün bölgələrində bu proses dahada sürətləndi. Bu parçalanma vahid dövlətin yaranmasına və Azərbaycanın əvvəlki bütöv halına geri dönməsinə mane olurdu. Müxtəlif xanlar tərəfindən “Bütöv Azərbaycan”ı qurmaq üçün cəhdlər edilsə də bu heç bir nəticə vermədi ona görə ki, birlik yox idi. Son olaraq böyük türk sərkərdəsi, Azərbaycan xalqının tarixində “Bütöv Azərbaycan”ı qurmaq üçün böyük mübarizə aparan hökmdar kimi qalan Ağa Məhəmməd Şah Qacar bütövlük uğrunda mübarizəyə başlayır. Ancaq Ağa Məhəmməd Şah Qacarın sui-qəsd nəticəsində öldürülməsi son cəhdin də puça çıxmasına səbəb olur. Nadir Şahın ölümü ilə başlanan parçalanma Ağa Məhəmməd Şah Qacarın ölümü ilə dahada dərinləşir və Azərbaycan xalqının ağrılı-acılı günlərinin əsası qoyulur. Çar Rusiyası Qacarlar dövlətini öz vətənini iki hissəyə bölüb onları şimali Azərbaycan və cənubi Azərbaycan adlandırmağa məcbur edir. 1813-1828-ci illərdə Araz çayı sərhəd olmaqla vətənimizi və xalqımızı iki böyük hissəyə ayırırlar. Azərbaycan xalqını məhv etmək, xalqı sındırıb manqurtlaşdırmaq üçün Çar Rusiyası mənfur “erməni”lərdən istifadə edir. “Erməni”lərin “Böyük Ermənistan”, “Dənizdən Dənizə Ermənistan” xülyalarından silah kimi istifadə edən ruslar “erməni”lərdən də Azərbaycan xalqına qarşı silah kimi istifadə edirlər.

Uzun bir tarixi dövr ərzində Azərbaycan xalqını sındırmaq, məhv etmək siyasəti yürüdən ruslar buna nail ola bilmirlər. Xalqımıza qarşı 31 mart soyqırımı törədilir. Bu soyqırımda “erməni”lər əvəzsiz rol oynayırlar. Lakin bu xalqın azadlıq hərəkatını dahada gücləndirir və azadlıq ruhu ilə yaşayan Azərbaycan xalqı 1918-ci ildə uzun sürən azadlıq mübarizəsi nəticəsində öz azadlığına qovuşur. Azərbaycan xalqı şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Amma azad xalqın, azad dövlətinin olması bəzi düşmən dairələrini narahat edirdi. Düşmənlər Azərbaycan xalqının müstəqil dövlətinin olmasını həzm edə bilmirdilər. Xalq Cümhuriyyəti 23 ay yaşadı və həmin 23 ayda bütün dünyaya Azərbaycan xalqının demokratik, vətənpərvər,azad ruhlu xalq olduğunu göstərdi. Ancaq ruslar AXC-ni işğal etdilər. Beləliklə 23 ay yaşayan xalq cümhuriyyəti düşmənlər tərəfindən süquta uğradıldı. Xalq cümhuriyyətinin süqutu Azərbaycan xalqının gələcək qara günlərinin təməli oldu. Sonrakı tarixi dövrlərdə xalqın üzdə olan qaymaqları məhv edilməyə, xalqa qarşı ruslaşdırma,erməniləşdirmə, xristianlaşdırma siyasəti aparılmağa başlanıldı. Xalqın ziyalı təbəqəsinin məhv edilməsi xalqın azadlıq fikirlərinə, milli vətənpərvərlik ruhuna kəskin şəkildə pis təsir etsə də Azərbaycan xalqı yenə sınmadı. İkinci dünya müharibəsində digər sovet ölkələrində olduğu kimi Azərbaycan xalqınıda müharibəyə cəlb edib SSRİ-ni xalqın şüuruna vətən kimi yeriydilər. 1941-1945-ci illəri “Böyük Vətən” müharibəsi adlandırdılar və tarixi saxtalaşdırdılar. Təbii ki, SSRİ bizim vətənimiz deyildi!

SSRİ-nin süqutuna yaxın yenə Azərbaycanın başına bəlalar gətirildi. Bu bəlalar planlı şəkildə həyata keçirilirdi. Qan yaddaşımız olan 20 Yanvar faciəsindən əvvəl baş verən Sumqayıt hadisələri 20 Yanvara gedən yol idi.
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiarının geniş məkanı əhatə etməsi, Moskvanın müxtəlif yollarla erməni millətçilərini dəstəkləməsi, DQMV-də azərbaycanlılara divan tutulması 1990-cı il yanvarın 17-də AKP MK-nın binası qarşısında Azərbaycan xalqının mitinq və tətilinə səbəb oldu. Tətilçilər tələb etdilər ki, Moskva Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına qəti son qoysun, İmperiyanın Bakıya və onun ətrafına yığdığı qoşunlar
Dağlıq Qarabağ Muxtar Vilayətinə və daim ermani basqınlarına məruz qalan sərhəd bölgələrinə göndərilsin. Mitinq iştirakçıları Ə.Vəzirovun istefasını təkidlə tələb edirdilər.
Beləliklə, Moskva özünün radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şərait yarada bildi, 1990-cı ilin yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədilə fövqəladə vəziyyətin elan olunduğu vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyətin, komendant saatının vaxtının əvvəlcədən elan edilməsi Moskvanın Qorbaçovun rəhbərliyi ilə hazırladığı qanlı planlarını poza bilərdi, Piketçilər, Moskvanın Bakıya göndərdiyi emissarların SSRİ Ali Sovetinin sədri Y.Primakov, Sov.İKP MK katibi A.Girenko və respublikanın səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyiə haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar.
Fövqəladə vəziyyət yanvarın 20-də saat 00-da başlanmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-də Türkan-Qala tərəfdən şəhərə yeridildi. <<Bakı əməliyyat>>na SSRİ müdafiə naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Həmin gecə dinc əhaliyə divan tutuldu, 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs edildi, 4 nəfər itkin düşdü “Qara yanvar”a etiraz olaraq 40 günlük ümummilli tətil başlandı.
Yanvar faciəsinin ertəsi günü bundan xəbər tutan Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək imperiyanın Azərbaycana qoşun yeritdiyini, xalqa təcavüz olunduğunu,
günahsız əhaliyə divan tutulduğunu bütün dünyaya bəyan etdi. 20 yanvar Azərbaycan xalqının qanlı tarixi olmaqla yanaşı şanlı tarixidir! Çünki xalq 20 yanvarda düşmənə baş əyməmiş , əli yalın tankların qabağına çıxaraq vətənin müdafiəsinə qalxmışdır.

 

Xalqımızın başına gətirilən bütün faciələrdə rusların və ermənilərin bir başa əli olmuş və xalqımıza divan tutulmuşdur. 20 yanvardan artıq 31 il ötür. Bu illər ərzində Azərbaycan xalqı həm Qarabağ həsrəti ilə alışıb yanmış həm də tarixin müxtəlif dövrlərində baş verən faciələri unutmamış, ürək ağrısı ilə şəhidləri yad etmişdir. 27 sentyabr 2020-ci ildə Qarabağ uğrunda başlayan “Böyük Vətən Müharibəsi” 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı. 2855 şəhid verdik. 90-cı illərdə də vətən uğrunda canlarından keçmiş şəhidlərimiz olmuşdu lakin həmin dövrdə Azərbaycan yeni müstəqillik qazanmışdı və zəif idi ona görə də bəzi ərazilərimizi düşmən işğal edə bilmişdi.Bu gün isə Azərbaycan dünya miqyasında tanınan güclü dövlətlərdən biridir. Bu güc və xalqın vətənpərvərlik ruhu hesabına 30 illik işğala son qoyuldu. Ağrılı və acılı tarixi olan Azərbaycan xalqının həsrətində olduğu Qarabağa qovuşmasın onun ağrı-acısını az da olsa azaltdı. Son olaraq qeyd etmək istərdim ki, Azərbaycan xalqı heç vaxt bu faciələri, soyqırımları unutmamalıdır.Qan yaddaşımız Azərbaycan xalqı yaşadığı müddətcə onunla yaşayacaq. Düşmənlərin xalqımıza qarşı törətdiyi vəhşiliklər bəşər tarixinə qan ilə yazılıb və o yazılar həmişə qan ağalacaq! Heç vaxt unudulmayacaq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin…
Ruhları qarşısında baş əyirəm…

ADPU-nun Tarix və Coğrafiya Fakültəsinin tələbəsi
Anar Qarayev (Salehoğlu)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button