Cəmiyyət

“Oğlan igid, qız qəşəng” – sonra?

İnsan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Balakəndə “Ailə – milli-mənəvi dəyərlərin daşıyıcısıdır” adlı tədbir keçirib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə baş tutub. Dəyirmi Masa formatında keçirilən tədbirə yerli icma nümayəndələri ilə yanaşı, regionda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının və medianın təmsilçiləri, eləcə də yerli icra strukturlarını təmsil edən şəxslər qatılıb.

Layihə üzrə təlimçilərdən Nabat Qəniyevanın sözlərinə görə, layihənin həyata keçirilməsi üçün 3 şəhər seçilib:“Zaqatala, Masallı və Balakən rayonlarını seçməyimiz təsadüf deyil. Biz Azərbaycanın həm cənub, həm də şimal bölgələrində ailə dəyərlərinin təbliği ilə yanaşı son zamanlar cəmiyyətimiz üçün ciddi sosial bəlaya çevrilən boşanmaların səbəbləri haqqında yerli əhalinin fikirlərini eşitmək istədik. Düşünürəm ki, toplantımız həm ailə dəyərlərinin təbliği, gənclərin dəyərlərimizin dağılmasına yönələn yeni tendensiyalara qarşı dirənişinin təşkili, eyni zamanda ailə institutunun hansı səbəbdən zədələnməsilə bağlı dərin təsəvvürlərə malik olmamız üçün çox faydalıdır”.

Nabat Qəniyeva bildirib ki, bu gün işsizlik ailə institutunun dağılması üçün çox ciddi problem olaraq qalır: “Əsasən də yeni qurulan ailələrin iqtisadi asılılığının davam etməsi çox ciddi problemdir. Adət və ənənələrin yaşadılması yalnız onların çağa uyğunlaşdırılması ilə faydalı ola bilər. Biz 21-ci əsrdə yaşayırıq. Şəhərlə kənd arasında fərqlər qalsa da bütün hallarda insan düşüncəsində sürətli inkişaf gedir. Telekanallar, sosial şəbəkələr vasitəsilə insanlar yeni dünya ilə tanış olur, öz həyat tərzlərini yeni tendensiyalara uyğun qurmağa cəhd edirdilər. Bir zamanlar ailələr yalnız böyüklərin istəyilə qurulurdusa, gənclər bir-birini tanımadan evlənirdilərsə, indi virtual imkanlar bu gələnəyi aradan qaldırıb. Hətta valideynlərinin məsləhətilə evlənənlərin belə bir-birini birgə yaşayışa qədər tanımaq imkanı var. Təbii, bu, müsbət bir haldır və təbliğ olunmalıdır. Ancaq gənclərin öz potensiallarını reallaşdırmaq, təhsil almaq, müstəqil yaşamaq istəkləri bir çox hallarda məhz işsizliyə bağlı olan iqtisadi səbəblərdən çətindir. Ona görə də biz çözüm axtararkən problemlərə kompleks yanaşmalıyıq”.

Təlimçinin sözlərinə görə, Dəyirmi Masa formatında keçən tədbirlərin əsas özəlliyi həm də toplantıya qatılanların müzakirələrdə aktiv iştirakıdır ki, bu da bir çox hallarda məsələlərə geniş spektrdən baxış və onların həll yollarını daha rahat tapmağa imkan yaradır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button