Redaktor seçimi

Dayısından yazan jurnalistin aqibəti

Yox, bəziləri düz demir, jurnalist peşəsindən şantaj məqsədilə istifadə edilməsi vaqiələri heç də müstəqillik dövründə başlamayıb. Bunun tarixi qədimdir.

Hamınız ötən əsrin 10-cu ilində baş verən hadisədən bəhs edən “O olmasın, bu olsun” filminə baxmısınız. O film 1956-cı ildə çəkilib, amma mətni, librettosu 20-ci əsrin əvvəllərində dahi Üzeyir bəy tərəfindən yazılıb. Həmin filmdə bir neçə epizod var ki, qəzetçi Rza bəy peşəsi ilə başqalarını şantaj edir, axırıncı dəfə isə Məşədi İbada deyir: “Məşədi, 50 manat ver, Rüstəm bəyi qəzetimdə biabır edim” .

Bax, bu 111 il əvvəlin qəzetçisinin şantajçılığı, reketçiliyidir. Özü də o vaxtlar 50 manat az pul olmayıb, o pula yanıbalalı inək almaq olarmış. Hesabınızı ondan götürün ki, qoçu Əsgər Rüstəm bəyin başına bir patron çaxmaq üçün Məşədidən cəmi 10 manat istəyir.

Bu işlər tərifli sovet dönəmində də vardı. Fərq bu idi ki, sovet vaxtı heç bir jurnalist müəssisə, idarə, təşkilat rəhbərlərini şantaj etmirdi. Qarşılıqlı və sözsüz anlaşma vardı. Müxbirlər sadəcə, redaksiyanın tapşırığı əsasında əmək kollektivlərinə təşrif buyurur, reportajlar, oçerklər, məqalələr hazırlayırdılar, sağollaşanda müdir onların cibinə, çantasına, maşınına nə lazımdırsa, qoyurdu. Hər şey xətir-hörmət, ədəb-mərifət, qanacaq-qabiliyyət çərçivəsində olurdu. Tərəflər bu sayaq ünsiyyət və ticarətdən məmnun qalırdı.

Bunun bu sayaq, oxumuş adamların sözü olmasın, “sivil qaydada” olmasının əsas səbəbi o idi ki, ölkədə 500 qəzet yox idi, 5-6 qəzet, 3-4 jurnal vardı. Jurnallar daha çox ədəbi-bədii nəşrlər idi. Qəzetlərin isə bəziləri sırf paytaxtdan, neft sənayesindən yazırdı, yerdə qalırdı 3-4 qəzet. Onların xüsusi müxbirləri də hər müəssisəyə, təsərrüfata 2-3 ildən bir gedə bilirdilər. 2-3 ildən bir hansısa hörmətli jurnalisti yola salmağa nə vardı ki? Bir də var, günə 3-4 jurnalist gəlsin.

Bu baxımdan indiki müdirlərin işi çətindir, çatdıra bilmirlər.

Yadınızda olar, bir ara jurnalist peşəsi ilə zəhmətsiz gəlir əldə etmək istəyənlərin sayı iyun ayında tut ağacının altına yığışan milçəklərdən çox olmuşdu, ölkə boyunca qayır-qayır qaynaşırdılar. Sonra hökumət onların qabağını dixlofosla, ya da nəsə başqa bir şeylə aldı, azaldılar. Ancaq bir müddətdən sonra məlum oldu ki, bizdə “reket jurnalistikası” deyilən şey İtaliyadakı “Koza Nostra” mafiyası kimi ölməzdir.

Bəzən hökumətin acığına o “yolçu-reket”lərə haqq qazandıranlar da olur, deyirlər: “Harda işləsinlər, necə dolansınlar?”.

Guya bu adamlar karxanada “KamAZ”-a daş yükləyənlərdən, malakeşlərdən, santexniklərdən, taksi sürənlərdən artıq oğlanlardır? Canları çıxsın, bir işin qulpundan yapışsınlar, şantajçılıq və ya dilənçilik etməsinlər.

Həm də “oğrudan oğruya halaldır” prinsipi ilə, amma əsasən cip növlü avtomobillərdə hərəkət edən bu şəxslər heç vaxt haqq-ədalət davası etmirlər, ölkənin ən murdar adamı belə onların cibinə 5 manat qoyanda onun tərifini göyə qaldırır, yeri gələndə yetim-yesirə zülm edən zalıma qahmar çıxırlar.

Ötən il baş verən bir-iki bənzər hadisə, bir də dünən Şəmkirdə reket jurnalstin öldürülməsi göstərir ki, bu cür adamlarla mübarizə artıq yeni mərhələyə qədəm qoyub. İndi onlardan hüquq-mühafizə orqanlarına, Mətbuat Şurasına şikayət etmirlər, bir gün hirslənir, bezir və vurub öldürürlər.

“Reket jurnalistika”nın axırıncı qurbanını öz dayısı oğlu güllələyib. Feysbukda yazılana görə, bundan əvvəl o, dayısının evinə qumbara qoyub, polisə xəbər verib, onu tutdurubmuş. Axırıncı dəfə isə ortada nəsə başqa bir şantaj predmeti varmış, amma üzrlü və hüznlü səbəbdən başa çatdıra bilməyib.

Müəmmalıdır: adam niyə dayısını şantaj eləsin? Düzdür, Qarabağ zonasında “oğurluğa gedəndə dayıngilə get ki, tutulanda döyülməyəsən” deyə bir ifadə var, amma orada söhbət dayının həyətindən alma-armud oğurlamaqdan gedir, dayını şantaj eləyib, pul qoparmaqdan yox.

Bu işin təfərrüatları sonra məlum olacaq, indi, necə deyərlər, xəbər kirliliyi var. Bəlkə də heç nə deyildiyi kimi deyil. Ancaq rəhmətlik qələm adamının qəzetinin adından görünür ki, məqsədi heç də cəmiyyəti maarifləndirmək, obyektiv informasiya ilə təmin etmək deyilmiş.musavat.com

Samir SARI

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button