Qarabağ

“Yandı, yandı Bəyimsarov, tüstü-tüstü, alov-alov”-ŞƏHİD ƏLİZAMİN MUSTAFAYEV

Şəhid Mustafayev Əlizamin Baxış oğlu (21 iyun 1999-3 oktyabr 2020)
Xatirəsinə ağı (elegiya)

Özü ciddi, sözü ciddi, mətanətli bir igiddi, bu dağların gerçək oğlu, ana yurdun dar günündə peyda olan Qaçaq Nəbi, qoç Koroğlu, sadə bir gənc, mərd insandı Əlizamin, özü boyda bir dastandı Əlizamin, nağıllardan günümüzə gəlib çıxan qəhrəmandı Əlizamin, bir alp idi, pəhləvandı Əlizamin. Onda olan rəşadətə, iradəyə özü həzrət Əli zamin.
Əsli-nəsli Kəlbəcərdə doğulmuşdu, 1993-də ana yurddan qovulmuşdu, qan içində boğulmuşdu. Sığınmışdı Tərtərimin Bəyimsarov bucağuna, isti ana qucağına. Elə burda gözləyirdi əsas günü, bilirdi ki, uzaq deyil qisas günü. Baxış ilə Səliqənin övladları demə azdı, Nazim, Rizvan, Akif, Saday, Müşkünazdı, Məhəmməddi, Variyyətdi, Məzahirdi. Ailənin oğlu səkkiz, qızı birdi.
1999, göz açmışdı bu dünyaya Əlizamin, o bir türkdü, o bir oğuz. O, mərd idi, mətin idi, ona asan olan şeylər başqasına çətin idi.

Bir sinifdə yoldaşları, qardaşları, sirdaşları Çəmən idi, Əkbər idi, Nəcməddinlə Yasin idi. Neçə əziz müəllimi dərs demişdi, öyüd, nəsihət vermişdi: ey bu yurdun şanlı oğlu, gözəl qızı, gəl qoruyaq xalqımızı, el-obanı, dağı-daşı! Qorumasaq ola bilməz bizdən ölkə vətəndaşı!

Əlizamin əskər oldu, əldə silah keşik çəkdi bu vətənə, xidmətini başa vurub öz evinə döndü yenə. Ürəyində nələr vardı, nələr yoxdu: arzu çoxdu, dilək çoxdu. Kəlbəcəri yağıların caynağından qoparmalı, tapdağından qurtarmalı, köhnə yurdda yurd salmalı, dədə-baba ocağımız gur yanmalı, bir gözəllə o ocağın keşiyində dayanmalı…

Saydığını sayan oğlan, daha sayma, dayan, oğlan. Gör nə sayır çərxi-fələk, işi-gücü yalan, kələk. Yağıların beyni çöndü, Əlizamin əldə silah cəbhələrə geri döndü. Yenə azdı ermənilər, dayanmadı hapı-gopu! Əlizamin məhv elədi neçə tankı, neçə topu! Düşmənlərin ürəyinə dağlar qoydu, qırx daşnakın anasını ağlar qoydu!

Dolaşaraq səngərləri, çıxarırdı od içindən yaralanmış əskərləri. Altısını çıxarmışdı, sakit yerə aparmışdı, yeddinciyə çatdı sıra, yeddincidə yeddi yara, elə bu dəm ayağının altındaca partladı bir nəhs qumbara. Yeddi gündü cəbhədəydi, gənc ömrünə qəlpə dəydi.
Yandı, yandı Bəyimsarov, tüstü-tüstü, alov-alov. Aldı doğma qucağına təzə qəbri, bu igidi sevənlərin varmı səbri? O dünyada qovuşdumu atasına, anasına? Yetişdimi Kəlbəcərdə öz elinə-obasına, ocağına, yuvasına?

İndi artıq ruhu şaddı, çünki vətən, ana torpaq tam azaddı!

Allah sənə cənnətində yer eləsin, Əlizamin!

Amin, amin!
Ramiz Əskər.
Professor

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button