Mədəniyyət

Özbəkistanda Nizami Gəncəvi haqqında daha bir tədqiqat əsəri işıq üzü gördü

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi ili” və Özbəkistanda Əlişir Nəvainin 580 illik yubileyi ilə əlaqədar xüsusi müsabiqə elan etmişdir. Sözügedən müsabiqəyə əsasən hər iki şairin yaradıcılığında Türkçülük təfəkkürü, yaradıcılıq əlaqələri, sözügedən şairlərin Türk poeziyasının zirvəsi olaraq ədəbi irslərinin araşdırılması və bu barədə tədqiqat əsərlərinin yaradılması əsas nominasiya olaraq elan olunmuşdur.

Müsabiqəyə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın müəllifi olduğu “Nizomiy Ganjaviy va Alisher Navoiy ijodida Turkona tafakkur va g’oyaviy badiiy asos” adlı monoqrafiya mükafata layiq görülmüş və çapa tövsiyə olunmuşdur.

Monoqrafiya Özbəkistan Respublikasının Ali və Orta ixtisas Təhsil Nazirliyi tərəfindən dərsliyə əlavə vəsait olaraq qəbul edilmiş və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunmuşdur.

Tədqiqat əsəri dünya ədəbiyyatının və türk xalqlarının ən böyük simaları, poeziya nəhəngləri olan Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıqları, onların zəngin irsi, tədqiqi, hər iki mütəfəkkirin, bədii-fəlsəfi baxışları, şərq mədəniyyəti, türk milli-mədəni irsinə verdiyi töhfələr, ədəbiyyata gətirdikləri yeniliklər, “Xəmsə”çilik ənənələri öz əksini tapır.

Monoqrafiyada Özbək ədəbiyyatında Nizami Gəncəvi əsərlərinin öyrənməsi problemi, Nizami Gəncəvi “Xəmsə”sinin tərcümə məsələləri, hər iki şairin yaradıcılığının ədəbiyyatımızda intibah dövrü kimi səciyyələndirilməsi və onların əsərlərinin lirik qəhrəmanları barədə mövzular yer alır.

Nəşr Azərbaycan Respublikasının Prezidentinin “2021-ci ilin Nizami Gəncəvi ili” elan edilməsi və Özbəkistan Prezidentinin “Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması” haqqında Sərəncamları ilə başlayır.

“Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın ön sözünün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, elmi redaktor akademik Rafael Hüseynov, rəyçilər isə Özbək alimlər – filologiya elmləri doktoru, professorlar Bakijon Toxliev və Nurboy Cabbarovdur.

Monoqrafiyaya ön söz yazan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk dünyasının bəşəriyyətə böyük alimlər, filosoflar, şairlər, yazıçılar bəxş etdiyini və belə nəhəng, görkəmli mütəfəkkirlərin siyahısında Azərbaycan xalqının fəxri Nizami Gəncəvi və özbək ədəbiyyatının dahi şairi Həzrəti Əlişir Nəvainin adlarının fəxrlə çəkildiyini qeyd edir.

S.Abbasov dahi mütəfəkkir şairlər Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olaraq qaldığını qeyd edərək, onların irsinin ədəbiyyatşünasların öyrənməsi, tədqiq etməsi və yeni, sanballı mənbələrin üzə çıxarılmasının vacib olduğunu vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəzin əsas məqsədi xarici müəlliflər tərəfindən hər iki dahi mütəfəkkirin yaradıcılığının Türk dünyası poeziyasının zirvəsi olaraq araşdırılması, tədqiq edilməsi, yeni mənbələrin, elmi, tədqiqat əsərlərin, dərsliklərin yaradılması və gənc nəslə çatdırılmasıdır. Mərkəz yaradılan bu tədqiqat əsərlərinin gələcəkdə aparıcı xarici dillərə tərcümə və nəşr edilməsinin nəzərdə tutulduğunu bildirib.

“Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın Özbəkistanda və Azərbaycanda ədəbiyyatşünasların, tədqiqatçıların, elm adamlarının iştirakı ilə geniş təqdimatı nəzərdə tutulmuş və nəşr Özbəkistanın aparıcı kitabxanalarına, ali məktəblərə hədiyyə olaraq veriləcəkdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button