Araşdırma

Peyğəmbər qızının qətlə yetirilməsi doğrudurmu?

Nitq mədəniyyəti, müzakirə ədəbi, mübahisə əxlaqı İslam dinində diqqətə layiq məsələlərdəndir. Təəssüf ki, sonradan dinə müəyyən məqsədlər üçün əlavə olunmuş bidətlər ( mənfi yeniliklər) bu mədəniyyəti zəiflətdi. Hətta bu məsələlər o qədər qabardıldı ki, Peyğəmbərin, onun əhli-əyalının, Əhli Beyti nin, səhabələrinin haqqında xoşagəlməz mövzular açaraq süni şəkildə məqsədə çatmağa meyl etdilər. Yəni özlərinin pərdə arxasındakı siyasi məqsədlərinə asanlıqla çatmaq üçün inanclı insanların zəif nöqtələrinə təmas edən bəzi məkrli zümrələr rəvayət, nağıllar, əfsanələr uyduraraq bunu dini mətnlərə yerləşdirdilər. Bu, əsrlərlə davam etdi və bu günki xurafi nağıllar meydana çıxdı.

Məsələn, belə bir hadisə nəql edilir ki, guya Peyğəmbərin vəfatından sonra xilafətə keçən Peyğəmbərin qayınatası və yaxın silahdaşı Həzrət Əbu Bəkrin xilafətinin ilk günlərində Peyğəmbərin digər qayınatası və yaxın silahdaşı, habelə sonralar Həzrət Əlinin kürəkəni olan Həzrət Ömər (yaxud onun təşkil etdiyi hücumçu dəstənin üzvü Qunfuz adlı şəxs) Peyğəmbərin qızı Həzrət Fatimənin qabırğasını sındıraraq onu qətlə yetirmişdir. Guya Həzrət Əli də bu cinayətə susmuşdur. Daha doğrusu onun da qollarını bağlayaraq məzlum, çarəsiz bir duruma salmışlar… Yaxud da Peyğəmbər əvvəlcədən bu hadisəni xəbər verərək ona susmağı vəsiyyət etmişdir…

Araşdırmaların nəticəsi:

1. Bu hadisənin sənəd, mənbə baxımından əsli, nəqli zəifdir, mötəbər deyildir;
2. Peyğəmbər vəfat etmiş olsa belə onun qızına qarşı müsəlmanlardan, Peyğəmbərin silahdaşlarından heç kəs bu cəsarətdə ola bilməzdi;
3. İmam Əli İslam dinində məğlubedilməz Allahın Aslanı mənasına gələn “Əsədullah” ləqəbini daşıyan simadır. Onun məğlub olması haşa, nəuzu billah Allahın məğlub olması məntiqi nəticəsini doğurur ki, bu da mümkün deyil;
4. Nağılda qeyd edilir ki, guya İmam Əli və onun yaxın qohumları, adamları evdə ola-ola qapını Zəhra açıb və qapı arasında sıxılaraq qabırğaları sındırılıb. Qeyd edək ki, İslam əxlaqına görə qapıya kişi çıxır. İmam Əli də əxlaq mücəssəməsi idi. Evdə çoxsaylı kişilər olduğu halda bilə – bilə ki, evə hücum ediblər, qapıya hamilə həyat yoldaşını göndərməzdi.
5. İmam Əlinin cəsarətinə, şücaətinə bu rəvayət kölgə salır;
6. O dövrdə Mədinədə, Məkkədə hətta Kəbənin qapısı da daxil olmaqla qapıların taxtadan olması mümkün görünmür. Qapılara kilim, mələfə asılırdı. Taxta olsa belə o qapıdan qabırğaya batası və insanı öldürəsi uzunluqda mismarın olması ağlabatan deyil;
7. Əgər bu hadisə baş vermişdisə İslam şəriətinə görə cinayət cəza tələb edir. Peyğəmbər qızının qanı bata bilməzdi. İmam Əli hətta sonralar Öməri şəhid edən fars Firuzun yaxınlarını qisas məqsədi ilə qətlə yetirdiyinə görə Ömərin oğlunun öldürülməsini tələb etmişdi. Sadəcə Şura təzə öldürülmüş xəlifənin beş gündən sonra da oğlunun edam edilməsini iğtişaş yarada biləcəyi ehtimalı ilə rədd etmiş, zərərçəkmişlərə diyət (qanbahası ödəməklə məsələ həll edilmişdi). Yəni, bu hadisə baş versə idi İmam Əli hətta o dövrdə əlində hakimiyyət olmayan zəif tərəf kimi zənn edilsə belə, hakimiyyətə keçdiyi, xəlifə olduğu zaman bu məsələni gündəmə gətirərdi. Lakin bu baş vermədi…;
8. Bu hadisəni əsrlərdir nəql edərək sünni-şiə ixtilafını alovlandırırlar, iki məzhəbi barışmağa imkan vermirlər. Təhqirlər, ittihamlar davam edir. Bu haqda hər iki məzhəb alimlərinin də fikri var ki, tarixdə belə bir hadisə baş verməyib, bu uydurma bir əfsanədir və əsl məqsədi də müsəlmanlar arasında fitnə yaratmaqdır;
9. Həzrət Ömərin xəlifə olduğu dövrdə onun İmam Əlinin məhz Həzrət Fatimədən olan qızı Umm Kulsum ilə evlənməsi də sübut edir ki, bu hadisə həqiqətə uyğun deyil. Yəni, İmam Əli “hadisədən” sonra Ömərin qayınatası olub;
10. Qabırğasının sınması və bu hadisədən dolayı uşağının düşməsi deyilir xanımın. Lakin səhih mənbələrdə Ömər və Əbu Bəkr haqda İmam Əlinin, oğlanlarının, hətta nəvələrinin, yəni İmamların xoş sözləri, onlara rəğbət aşılayan hədisləri vardır. İmam Zeynəlabidinin oğlu İmam Zeydin fikrinə və məzhəbinə görə hətta Əbu Bəkr və Ömərin xəlifəliyi də qanunidir. Sadəcə əfdal olduğu halda məfdulun, yəni daha layiqli olan İmam Əli olduğu halda, ondan sonrakı dərəcədə olanın, Əbu Bəkr və Ömərin seçilməməsi daha fəzilətli və məqsədə uyğun olardı. Buradan da görünür ki, dövrünün zalım Ənəvi xəlifəsinə qarşı üsyan edən qorxmaz bir Əhli Beyt təmsilçisi, habelə onun babası, şəhidlər sultanı İmam Hüseyn də bu hadisə haqda və bu iki şəxs haqda mənfi fikir söyləməmişlər;
11. İmam Əli o dövrdə qazi, indiki baş prokuror mənsəbinə sahib idi. İnsanları mühakimə edir, qəzavət edirdi. Əgər bu hadisə baş vermiş olsa idi, öz haqqını müdafiə etməyi bacarmayan bir şəxsin digərlərinin haqqını müdafiə edə biləcəyi absurd olardı. Bu, istər hüquq, istər məntiq, istərsə də şəraitə baxımından qəbuledilməzdir;
12. Peyğəmbərin İmam Əliyə guya bu hadisə qarşısında susmağı əmr etməsi iftirası “haqsızlıq qarşısında susan dilsiz şeytandır” deyən Peyğəmbərin məramına ziddir. “Zalım, zalıma yardım edən, zülmə susan, hər üçü günahda ortaqdır” deyən İmam Əlinin məntiqinə ziddir;
13. Peyğəmbər: “Fatimə mənim bədənimin bir parçasıdır” buyurub və bunu bütün məzhəblər qəbul edir. O dövrdə Həzrət Fatiməyə qarşı deyilən cinayət baş versə idi, sanki bu Peyğəmbərin özünə qarşı edilmiş cinayət sayılmalı və ona qarşılıq olaraq hamının susması mümkün ola bilməzdi. Digər səhabələr tutaq ki, susqunluq etsələr belə İmam Əlinin kifayət qədər sanballı, qorxmaz, qeyrətli tərəfdarları vardı, ən azı onlar susmazdı. Əmisi Abbas, Abbasın oğlanları, Salman, Əmmar, Miqdad, Əbu Zər, hətta sonralar o Həzrətə qarşı çıxsalar da o dövrdə onunla olan Təlhə və Zübeyr kimi nüfuzlu səhabələr niyə səslərini çıxarmadılar. Ələlxüsus da ki, ilk xəlifənin hakimiyyətinə müxalif və narazı idilər. Bu “cinayət” onların əlində rəqibi devirmək üçün ələ düşməz fakt rolunu oynamazdımı gerçək olsa idi. Halbuki bu şəxslər qorxmadan ən xırda narazılıqlarını belə lazım gələndə dilə gətirməkdən çəkinmirdilər;
14. Peyğəmbər vəsiyyətinə əsasən İmam Əlinin susmasını dilə gətirənlər yozurlar ki, Peyğəmbər İslamın parçalanmaması üçün guya bu tapşırığı verib. Qeyd edək ki, İslam batil üstündən haqq iş görməyi haram bilir. Cinayəti gizlətmək və ört – bastır etmək heç zaman xeyrə vəsilə ola bilməz. Küfrlə bərbad olmayan, zülmlə bərbad olar. Əgər bu olay olmuş olsa idi, ən böyük zülm baş vermiş sayılmalı idi. Ümmət onsuz da parçalandı, özü də məhz bu və bu kimi mövzular səbəbi ilə parçalandı. Demək bu fikir də yanlışdır.

Son olaraq: Peyğəmbər qızı Həzrət Fatimə İslamın ilk müsəlman qadını olan Həzrət Xədicənin irsini daşıyır. Fitnə – fəsad yaratmaq və ara qarışdırmaq kimi məkrli niyyətlərə belə bir xanımın tarixini, şəxsiyyətini alət etmək onun pak xasiyyətinə qarşı ən böyük hörmətsizlikdir.
İnsanlarda hədəfə qarşı nifrət yaratmaq üçün Peyğəmbər qızını alətə çevirmək, onun ruhunu əsrlərdir incitmək, adını belə ixtilaflı mövzularda hallandırmaq ən böyük günahdır.
Peyğəmbər Əhli Beytinin yaşamı da ölümü də alicənab olmuşdur.
Allahın salamı və rəhməti Peyğəmbərin əziz qızı Fatimə və onun soyuna olsun!

Tural İrfan
İlahiyyatçı-yazar

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button