GündəmManşet

Vicdan pula satılanda çörək zibilə dönər…

Gündəlik ruzimizin ayaqlar altına atıldığı ölkədə xalq da, dövlət də çörəklə imtahana çəkilər

Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin direktoru, analoq.az saytının baş redaktoru

Gündəlik ruzimiz olan çörəklə bağlı Azərbaycan xalqının müdrik kəlamları, ibrətamiz sözləri və ifadələri var. Məsələn: “Çörək bol olarsa, basılmaz Vətən“, “Çörək “Quran”dan irəlidir“, “Duzlu, çörəkli ev bərəkətli olar“ və sair.
Hətta İslam dinində çörək əvəzedilməz nemət kimi yüksək dəyərləndirilir və insanlardan ona hörmət bəsləmək, onun qədrini bilmək tələb olunur. Məhəmməd Peyğəmbər bir hədisdə buyurur: “Ay Allah, çörəyi bizə mübarək elə, bizi ondan ayırma. Əgər çörək olmasa, biz oruc tutmarıq, namaz qılmarıq və Allahımızın buyurduğu vacib əməlləri yerinə yetirmərik”.
Digər bir hədisdə isə deyilir: “Çörəyə hörmət edin, çünki onda ərşdən yerə qədər və yerin özündə olanlardan vasitələr vardır çörəyin bu səviyyəyə gəlməsində”.
Qədimlərdə mərd adamlar nəyəsə söz verəndə duz-çörəyə, qılınca, xəncərə və “Qurani-Kərim“ə and içərdilər. Qeyd etdiklərimizdən də göründüyü kimi, ta qədimlərdən çörək xalqımız tərəfindən müqəddəs və dəyərli nemət kimi qəbul olunub.
Amma təəssüflər olsun ki, zaman-zaman çörəyin müqəddəsliyi və dəyərliliyini gözdən salmağa cəhd edənlər tapılır.
Əgər xatırlayırsınızsa, hələ 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı erməni təcavüzünün tüğyan etdiyi illərdə və ölkəmizdə siyasi xaosun hökm sürdüyü dövrlərində təkcə paytaxtda deyil, respublikamızın ayrı-ayrı rayon və şəhərlərində də çörək qıtlığı yaranmışdı. Sözügedən zamanlarda insanlar çörək almaq üçün mağazaların və dükanların qarşısında az qala gecədən səhərə qədər növbə gözləyərdilər.
Lakin Allaha şükürlər ki, çörək qıtlığı uzun çəkmədi. Sonrakı illərdə dövlət rəhbərliyinin səyləri nəticəsində Azərbaycanda ilbəil taxıl, un və çörək bolluğu yarandı, onların qiymətləri sabitləşdi. Təbii ki, haqqında danışılan bolluqdan hər kəs, xüsusilə də kasıblar və aztəminatlı ailələr daha məmnun oldular. Amma…
Amması odur ki, son illərdə çörək bolluğunun yaranması bəzi vətəndaşlarımıza sözügedən nemətin müqəddəsliyinə və dəyərliliyinə biganəlik və laqeydlik hissləri aşılamağa başladı. Son zamanlar müşahidə etdiyimiz acınacaqlı durum və ürəkağrıdan mənzərə də dediklərimizə əyani sübut və dəlildir. Demək olar ki, hər gün yol kənarlarında və səkilərdə, xüsusilə də dönər, qamburqer, peraşki, qutab, un məmulatlarından hazırlanmış digər müxtəlif məhsulların satıldığı məkanlarda, hətta ayaqlar altına atılmış çörək, bulka və digər çörək məmulatlarının qalıqlarına rast gəlirik. Zibil qutularına və onların kənarlarına atılmış qurumuş çörəkləri və çörək parçalarını da hər gün görürük. Dəhşətli durumu ürəkağrısı ilə seyr edənlər arasında səbəbkarların ünvanlarına “Allah bəlanızı versin“, “Allah sizi çörəksiz, ac-susuz qoysun“ deyənlərə, qarğış tökənlər, onların arxasınca təhqiramiz ifadələr işlədənlərə tez-tez rast gəlinir. Ancaq insan adlandırmağa layiq olmayanlar tərəfindən çörəklərə və un məmulatlarından hazırlanan məhsullara hələ də hörmətsizlik nümayiş etdirilir.
Həmkarım Taleh Turanın özünün “Facebook” səhifəsində zibilliyə atılmış çörəklərlə bağlı yaydığı şəkilləri görəndə öz-özümə düşündüm ki, bəlkə bizə belə bolluq yaraşmır?.. Təəssüf ki, çörək bol olanda, ya zibilliyə atılır, ya da ayaqlar altına…
Bu gün elə ailələr var ki, bir qismət çörəyə möhtacdı. Əgər o ailələrin üzvləri çörəkləri məişət tullantısı kimi hara gəldi atanlardan bircə çörəyi havayı almaq üçün yalvarsa, onlara verilməz. Çünki vicdanlarını pula satanlar və şərəf yoxsulu olanlar, Allahı, dinini və müqəddəs dini kitabını tanımayanlar, pulu ilahi varlıq kimi qəbul edənlər yalnız özlərini düşünürlər. Ona görə də vicdan pula satılanda çörək zibilə dönər, xalq da, dövlət də çörəklə imtahana çəkilər. Bu imtahandan üzüağ çıxmaq isə Allahın ümidinə qalıb.


Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button