Şikayət

“Doktor.az” klinikası adlı QƏSSABXANA… – NARAZILIQ VAR…

Almaniyada işləyən azərbaycanlı həkim Oksana Balakişiyeva Sumqayıtda fəaliyyət göstərən “Doktor.az” klinikasından şikayətçidir. O, həkim Sevil Musayevanın onun anasına səhvən xərçəng diaqnozu qoyaraq əməliyyata məcbur etmək istədiyini iddia edir.“Qafqazinfo”ya danışan O.Balakişiyeva özəl klinikada çalışan həkimin əlil anasına heç bir əsas olmadan uşaqlıq boynunun xərçəngi diaqnozunu qoyduğunu deyib.

Onun sözlərinə görə, həkim şişin 2-ci dərəcədə olduğunu bildirirək təcili əməliyyata ehtiyac görüb: “Anam onu görməyə martın 7-də gedib. Müayinələrdən sonra Sevil Musayeva anama audiomesaj göndərib ki, onda uşaqlıq boynu xərçəngi var və bu, çox güman ki, ikinci mərhələdir. Həkim oradakı qohumlarıma əməliyyata ehtiyacı olduğunu və hər şeyin keçəcəyini söyləyib. Ancaq o, mənim həkim olduğumu bilmirdi. Bundan sonra mən ona mesaj yazdım. Ondan konkret nə gördüyünü mənə izah etməsini və əməliyyatın epikrizini yazılı şəkildə verməsini xahiş etdim. O isə mesajımı oxuyaraq məni qara siyahıya saldı və cavab vermədi”.

O.Balakişiyeva daha sonra anasının analizlərinin və digər məlumatların Almaniyada həkimlərə yoxlatdırdığını, eləcə də yaşlı anasını başqa həkimin müayinəsinə göndərdiyini deyib. Bundan sonra qadında hər hansı şiş xəstəliyinin, ümumiyyətlə, əməliyyata ehtiyacın olmaması müəyyənləşib.

O, “Doktor.az” klinikasında çalışan Sevil Musayevanın 32 ildir əlil arabasında oturan qadını pul qazanmaq məqsədilə səhv diaqnoz əsasında əməliyyat etmək istədiyini iddia edib.

“Bu necə mümkündür? Bu hekayə tək deyil, belə hallar çoxdur, amma niyə heç kim buna reaksiya vermir? Bütün bunlar nə üçün idi? Hamısı pul xatirinə?! İnanmaq mənim üçün çətindir və tibbdə belə insanların olmasına çox üzülürəm! Ən pisi isə odur ki, belə həkimlərin tibbdə işləməyə davam etmək hüququ var!”, – deyə Oksana Balakişiyeva əlavə edib.

İddialarla əlaqədar birbaşa həkimin özü ilə əlaqə saxladıq. Sevil Musayeva saytımıza açıqlamasında ittihamları tamamilə əsassız adlandırdı: “Mən necə xərçəng diaqnozu qoya bilərəm? Heç bir onkoloji xəstəlik adı çəkməmişəm, belə söhbət olmayıb. Xahiş edirəm, mənə böhtan atmasınlar. Müayinə zamanı Dilarə xanımın uşaqlıq yolunda proses müəyyən etdik və ona digər müayinələrdən keçməyi məsləhət gördük və Histalogiya Şöbəsinə yönləndirdik. Onlar gedib müxtəlif yerlərdə analizlər veriblər, məndən narazılıq edirlər. Halbuki mən onlara yalnız toxumalardan analiz götürülməsinin vacibliyini demişəm. Biz həmin qadını çox hörmətlə qarşılamışıq, yola salmışıq”.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Özəl Tibb Şöbəsinin müdir müavini Ramiq Quliyev sorğumuza cavab olaraq bildirdi ki, “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən özəl tibb müəssisələrində xəstələrə tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerində plandankənar (növbədənkənar) yoxlama insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda keçirilir.

Beləliklə, vətəndaş tərəfindən Səhiyyə Nazirliyinə və yaxud birbaşa Anlitik Ekspertiza Mərkəzinə rəsmi müraciət olunduğu halda, yoxlama zamanı həmin klinikada göstərilən tibbi yardım, müayinə və müalicəni icra edən mütəxəssis barəsində yerində araşdırma aparıla bilər. Yoxlama nəticələrinə əsasən həkim və müəssisə barəsində “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun olaraq inzibati tənbeh və digər tədbirlər görülə bilər. Eyni zamanda, Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə məhkəmə-tibbi ekspertizasının aparılmasının daxil olmadığı və həkiminin əməllərinə hüquqi qiymət verilməsi məsələsinin aid olmadığını nəzərə alaraq vətəndaşa təsdiqedici sənədlərlə birlikdə prokurorluq və ya məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətinə çatdırılır”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button