Ölkə

Milli Cəbhə Partiyasının Bəyannaməsi

Milli Cəbhə Partiyasının (MCP) I Qurultayının Bəyannaməsi

Analoq.az xəbər verir ki, AXCP-nin 18 oktyabr 2015-ci il tarixli Etimad Qurultayından sonra ilk dəfə onlayn qurultayı keçirilmişdir. Qurultay mühüm tarixi sənədlər, o cümlədən partiya ilə bağlı qərarlar qəbul etmişdir.

Qeyd edək ki, Razi Nurullayev və tərəfdarları 2015-ci il 18 oktyabrda AXCP-nin Etimad Qurultayını keçirmış və Ədliyyə Nazirliyinə müraciət etmişdir. Partiyanın parçalanması və cəbhəçilərin Əli Kərimlini tərk edərək Razi Nurullayevlə birgə AXCP-ni yenidən təşkil etməsi və partiyada demokratik prinsiplərin bərqərar olması mühüm tarixi hadisə idi. Çünki Əli Kərimlinin partiya daxilində yaratdığı avtoritarizm, fərqli fikrə dözümsüzlük və partiya sədrliyindən əl çəkməməsi təşkilatı öz mübarizə strategiyasından və taktikasından yayındırmış, partiyada Əbülfəz Elçibəy ideyaları arxa plana keçirilmiş, şəxsi mənafelər və kosmopolit düşüncələr sistemi hakim kəsilmişdi. Ona görə də AXCP növbəti dəfə 2015-ci ildə bu böhranı yaşamalı oldu. Nəticə etibarı ilə AXCP toparlana bildi. Qurultaydan keçən dövr ərzində partiya xeyli güclənmiş, demokratik prinsiplər bərqərar olunmuş, partiyaya kifayət qədər milli ruhlu insanlar cəlb edilmiş, cəbhəçilər demokratik prinsiplərlə idarə olunan partiyaya sahib çıxmışlar.

Lakin heç kəsə sirr deyil ki, partiyanın rəsmi qeydiyyat məsələsi bu günə qədər həll olunmamışdır. Həm AXCP olaraq Razi Nurullayev, həm də Əli Kərimli partiyanın adına rəsmi iddia edirlər. Bir neçə dəfə məhkəmə çəkişməsi olsa da, problem yekunlaşmamış və AXCP adıyla göstərdiyimiz fəaliyyət rəsmi olaraq müvafiq icra hakimiyyəti tərəfindən tanınmamışdır. Bu da fəaliyyətimizdə hüquqi əngəllər yaratmışdır. Təəssüf edirik ki, hökumətin müvafiq qurumları bu məsələni kökündən araşdırmadılar və biz ötən 5 il ərzində müxtəlif problemlərlə qarşılaşdıq. Elə buna görə də 2018-ci ildə keçirilən Prezident seçkisində partiyann sədri Razi Nurullayev AXCP sədri kimi namizəd ola bilmədi və namizədliyi müstəqil şəxs kimi seçki bloku tərəfindən – “Cəbhəçilərin təşəbbüs qrupu” adından irəli sürüldü. 2020-ci ilin fevralında keçirilən seçkilərdə də eyni aqibət yaşandı və partiya sədri Razi Nurullayev Azərbaycan Respublikasının Milli Məclisinə müstəqil deputat kimi seçilmişdir. Bütün bunlar isə partiya üzvlərinin siyasi hüquqlarının pozulmasıdır, ölkənin ictimai-siyasi həyatında partiya olaraq iştirakımızı əngəlləyir.

İndi Azərbaycanda yeni siyasi vəziyyət yaranıb. Azərbaycan çətin dövrlərini yaşayır. Azərbaycan torpaqları on illərdir ki, faktiki işğal altındadır. 1994-cü ildən razılaşdırılan atəşkəs rejimi Ermənistan tərəfindən tez-tez pozulsa da, ümumi olaraq sabitlik mövcud idi. 2016-cı ildən isə vəziyyət gərginləşib. Ermənistan bölgədə yenidən müharibə başlamağa, Azərbaycana qarşı təcavüzkar siyasətini şiddətləndirməyə çalışır. İndiki dönəmdə Dağlıq Qarabağ ilə bağlı ciddi proseslər baş verir. Azərbaycana qarşı xarici düşmənlər və ölkənin daxilində müxtəlif siyasi qurumların içində özünə yer tapan “5-ci kolon” hərəkətlənib. Belə bir durumda milli qüvvələrin daxili həmrəyliyə, birləşməyə, dövlətimizi ayaqda saxlamağa ehtiyacı var. Bütün siyasi çəkişmələr, lokal düşüncələr kənara qoyulmalı, gücümüz, siyasi fəaliyyətimiz xarici təsirləri və həmin xarici təsirlərdən qaynaqlanan düşüncələri dəf etmək istiqamətində səfərbər edilməli, xalqın daha yaxşı və əmin-amanlıq içində yaşaması üçün siyasi addımlar atılmalıdır.

Ona görə də, Milli Azadlıq Hərəkatından bu günümüzə qədər aktual olan, siyasətini və milli düşüncəsini davam etdirmək qərarında olduğumuz Elçibəyin də hər zaman gənclərə aşıladığı dövlət hər şeydən öncədir düşüncəsində fəaliyyətimizi davam etdirmək qərarına gəldik.

Bütün bunları nəzərə alaraq AXCP adından imtina edir, siyasi proseslərdə partiya olaraq iştirakımıza hüquqi zəmin yaratmaq üçün Milli Cəbhə Partiyası təsis etdiyimizi elan edirik.

Bu addımla biz müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım atmış oluruq. Bütün hərəkatçıları və sağlam cəbhəçiləri çaşqın və məşəqqətli durumda olmaqdan xilas olmağa, birləşmək istiqamətində sağlam düşüncəyə səsləyirik. Eyni zamanda fəal siyasi kəsimə seçim üçün imkan yaradırıq ki, siyasi mübarizələrini sağlam formada və millətə sevgi və dövlətə etiqad prinsipində olan bir partiyada davam etdirə bilsinlər. Hesab edirik ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür.

Milli Cəbhə Partiyası olaraq bəyan edirik:

– Milli Cəbhə Partiyası Əbülfəz Elçibəyin ideyalarını yaşadacaq və o idealların həyata keçirilməsi uğrunda müxalifət partiyası olaraq fəaliyyət göstərəcəkdir.
– Elçibəy ideya-siyasi irsinin davamçısı kimi Rəsulzadə ideyalarından qaynaqlanaraq, milli dövlət sistemi və bərabərliyi əsas prinsiplərimizdən olacaqdır.
– Azad vətəndaş – azad cəmiyyət sisteminə uyğun olaraq, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların demokratik cəmiyyətin verdiyi bütün hüquq və azadlıqlardan yararlanması, iqtisadi və sosial təminatı istiqamətində fəaliyyət göstərəcəyik.
– Biz Azərbaycan hakimiyyətinə daxili siyasi idarəetmədə müxalifət olacağıq. Hesab edirik ki, Azərbaycan xalqı daha yaxşı yaşamağa, cəmiyyətimiz dünya standartlarına uyğun təminatlara daha çox layiqdir. Lakin milli məsələlərdə, Qarabağ məsələsində, Azərbaycanın müstəqilliyinə, onun başqa xarici güclərin təsirinə düşməsinin qarşısının alınmasında isə biz hakimiyyətlə rəqib yox, müttəfiq olacağıq. MCP üçün öncə vətən və dövlətdir.

– Milli Cəbhə Partiyası millət partiyası olacaq, dövlətçiliyimizi qoruyacaq siyasi təsisatlardan olmaqla, müasirləşmə, demokratiya, dövlətçilik ənənələrinə sadiq qalacaq. Əsas ideyamız milliləşmə (millət kimi tam formalaşma), demokratikləşmə və müasirləşmədir…

– Elçibəy ideya-siyasi kursunun davamçısı olaraq, MCP-nin əsas hədəflərindən biri də ölkədə vətəndaş birliyi və həmrəyliyi, ərazi bütövlüyümüz və milli dəyərlərin qorunması prinsiplərinə sadiqlikdir.
Milli Cəbhə Partiyası olaraq həm də əsas prioritetlərimiz Azərbaycan dövlətinin inkişafı, inkişafa aparacaq milli dəyərlərimizin qorunması, liberal iqtisadiyyatın yaranması, azad cəmiyyətin və demokratik mühitin tam formalaşması yolunda fəaliyyət olacaq.

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button