Manşet

Əziz Əliyev – ŞƏXSİYYƏT – Tahir Talıblının arxivindən

Böyük dövlət adamı, Azərbaycan səhiyyəsinin qurucusu Əziz Məmmədkərim oğlu Əliyevin 120 illik yubiley günlərinə iki ildən də az bir müddət qalır. Bütöv həyatı, fəaliyyəti, yaşam tərzi insanda qürur hissi yaradan bu böyük insanın həyatı, fəaliyyəti, dövrü, yaradıcılığı haqda 1997-ci ildə bir monoqrafiya ilə ona olan məhəbbətimi ifadə eləməyə çalışdım. Onu şəxsən tanıyan, bir yerdə çalışan, hətta həkim kimi qayğısını çəkdiyi çox adamlarla görüşdüm, Azərbaycan və Dağıstan arxivlərində işlədim. Çoxlu faktlarla üzləşdim, bacarığım və imkanım daxilində oxuculara təqdim elədim.

O vaxtlar 1996-cı ilin, təqribən desək, avqust-sentyabr aylarında Prezident Aparatından Əziz Əliyevlə bağlı kitab yazmaq sifarişi aldım. Bu iş 1997-ci ilin 1 yanvarına qədər, yəni Əziz Əliyevin doğum gününə- 100 illik yubileyinə qədər başa gəlməli idi. Təbii ki, vaxt çox qısa idi. Görüləcək işlərsə həddindən çox idi. İlk anda bu işin öhdəsindən gəlmək mənə fantastik dərəcədə mümkünsüz göründü. O vaxtlar Prezident Aparatında müşavir vəzifəsində çalışan Hidayət müəllimlə görüşlərimiz oldu. Yenə deyirəm, vaxt olduqca qısa idi, məni sözün bütöv mənasında vaxt sıxırdı. Köhnə dostum, tanınmış şair Hidayət Orucovla lə çox götür-qoy elədik, uzun proseslərin qısa yolla həlli planlarını araşdırdıq. İşə başladım, gecə-gündüz axtarışlar, gecə-gündüz yazı masasının arxasında oturmaq öz bəhrəsini verdi.

Mən, osmanlılar demiş, bu konuda iki böyük insanın adını çəkmək istəyirəm. Azərbaycan xalqının çox uca bir ağsaqqalı, dövlət adamı Həbib Həsənovun və yaxın dostum Lahuti Əliyevin. Hər ikisi dünyasını dəyişib, hər ikisinə tanrıdan rəhmət diləyir, torpaqları yüngül, ruhları şad olsun, -deyirəm. Bu iki böyük insanın sayəsində mən Əziz Əliyevin ailəsiylə, yaxın qohumlarıyla yaxınnan tanış oldum. Əziz Əliyevin bütün ev arxivlərini, ailə fotolarını mənə etibar etdilər. Mən Azərbaycan xalqının ailə modelinin bütün üstünlüklərinə layiq olan, millətə şərəf sayılacaq bu böyük ailənin ağsaqqallığına, ziyalılığına, aristokratlığına heyran qaldım, yüksək dəyərlərə sahib olmağının dəfələrlə şahidi oldum. Əziz Əliyevin böyük oğlu, professor, Tibb İnstitutunun müəllimi Tamerlan Əliyevin, kiçik oğlu, akademik Cəmil Əliyevin necə dəyərli ziyalı olduqlarını gördüm. Təbii ki, bu ailədəki ziyalılıq da, yüksək dəyərlərə sahiblik də böyük ailə məktəbinin, şəxsən Əziz Əliyev şəxsi töhfələriydi. O, insanlardakı sadəlik əsl böyüklük dəyərləridi. Tamerlan müəllimə də, xanımı Tamilla xanıma da tanrıdan rəhmətlər diləyib, övladlarına, nəvələrinə can sağlığı, uzun ömür arzulayıram.

Əziz Əliyevin ailəsi əsasən həkimlər ailəsidi. Həkimlik bir şəcərə, dinastiya kimi bu ailənin sadəcə insanlara xidmət görəvləridi. Bu ailənin nüvəsindən iki yol, iki qanad paralel keçir. Həkimlik, həkimliyin nüvəsində isə ictimai xadimlik. Təbii ki, «Əziz Əliyev dövrü, həyatı, şəxsiyyəti» adlı kitabda bütöv bir epoxa, insanlar, insanlıq, təzadlı zaman bacardığım tərzdə öz əksini tapıb. Əziz Əliyevin həyatı, dövrü, şəxsiyyəti tarixi aspektdə verilib, araşdırılıb. Mən bu kiçik yazıda bu ailənin şaxələnmiş qol-budaqlarına aid, ixtisasca həkim olan Sona xanımın, Qurban müəllimin adlarını da yad eləmək istərdim. Gedənlərə rəhmət, qalanlara can sağlığı olsun, -deyə.

İstərdim ki, Əziz Əliyevin adı, şəxsiyyəti, həyatı, ailəsi barədə söhbət gedəndə hörmətli oxucu bir anlığa özünü düşüncə burulğanında hiss eləsin. Göz önünə bir neçə yüz illik olmuşları gətirsin, erməni vəhşətini, vandalizmini yenidən yaşasın. Qədim yurdlarımızı xatırlaya bilsin, mənəviyyatımızda, mədəniyyətimizdə yaşayan, yuxularımızın baş şəhəri İrəvanı görə bilsin. Məhz Əziz Əliyevlər ailəsi yüzminlərlə yurd göynəyi görmüş ailələrdəndi, kürəyində, ürəyində ağrı bitirən insanlardandı.

Bayaq dedim ki, bu kitab çox qısa müddətdə yazıldı, ictimaiyyətə təqdim olundu. Təbii ki, mənim bu kitabda deyə bildiklərim, deyə bilmədiklərimnən çox-çox azdı. Bu kitabın yeni, təzələnmiş, latın əlifbasıyla nəşrinə çox böyük ehtiyac var. Onu da deyim ki, «Əziz Əliyev həyatı, dövrü, şəxsiyyəti» kitabı ilə əlaqəli çoxlu zənglər almışam, yeni-yeni adamlarda görüşmüşəm. Hələ deyiləcəklər çoxdu.

Bu kitabın yazılmasında Əziz Əliyevin öz əliylə yazdığı tərcümeyi-hallar bir mənbə kimi mənə çox kömək oldu. Mənə elə gəlirdi ki, özü haqdakı kitabı o özü tərcümeyi hallarında yazmışdı. Mən bir müəllif kimi tərcümeyi-halın sətirləri arasındakı yerlərə zamanı və sözü montaj elədim. Bunu tam səmimiyyətimnən deyirəm.

Mən bu yazıda sözümün sonunda bir həqiqəti də oxucuların ixtiyarına vermək istəyirəm. Kitabın nəşrinnən sonra Dövlət müşaviri Hidayət müəllim məni yanına çağırdı, dedi ki, təbrik eləyirəm, kitabı Prezident, zati-aliləri Heydər Əliyev bəyənib. Kitabın xüsusi nüsxəsi Heydər Əliyevə əvvəlcədən təqdim olunmuşdu. Prezidentin müsbət rəyinnən sonra kitabın tirajı, yəni 2000 nüsxə çap edilmişdi. Daha sonra Prezident Hidayət müəllimə zəng açıb (Hidayət müəllim deyir ki, Prezident Aparatında işlədiyi müddətdə bu zəng Prezidentin ona ilk zəngi olub) 2000 nüsxə az deyilmi,-deyə soruşub. Nəşri artırmaq olarmı, -deyib. Beləliklə 3000 nüsxə əlavə tirajla buraxılıb.

İndi mənə olduqca xoşdu ki, bu kitab böyük Dövlət xadimi -ümummilli liderimiz Heydər Əliyevin «senzurası»nın süzgəcinnən də keçmişdi.

2015-ci il

Tahir Talıblı,
Əməkdar jurnalist

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button