Aktual

Ədəbi və əbədi yolçuluq – Hədiyyə Şəfaqətlə

Yollar mahiyyət etibarilə müxtəlif məsafələrdə yerləşən məskən və məkanları birləşdirən qurğulardır. Yollar insanları daşıyır, sevdiklərinə, məqsədlərinə, arzularına və nəhayət ən sonda hər kəsin keçməli olduğu və keçdiyi yola- son mənzilə.

Yollar müxtəlifdir: asfalt yollar, torpaq yollar, dağ yolları, cığırlar və s.

Bir də çox adamın getmək istədiyi, lakin hamının tapa bilmədiyi ( ya da tapmağa qabiliyyəti olmadığı) bir yol var- ədəbi yol, ədəbiyyata gələn, ədəbiyyatdan keçən və ədəbiyyatdan gedən yol. Bu yolda ədəbiyyat axtarışında çox yolçular dolanıb, gəzib axtarıb tapmayıb, elə o yolların keşməkeşli labirintlərində yoxa çıxıb.

Bu yolda yolçuluğunu öz həyat fəlsəfəsinə uyğun olaraq gələn, keçən, yaşayan və keçdiyi bütün yollarda özünəməxsus iz qoyan Hədiyyə Şəfaqət yolçuluğundan danışmaq istəyirəm.

O yolçuluq ki, tam olaraq özünə məxsusdur. Bütün yaradıcı insanlardan, hətta bir çox insanlardan fərqli olaraq təbiətin yaşıl yazını deyil, sarı payızını, havanın aylı, günəşli, sakit zamanını deyil, ildırımlı, tufanlı, leysanlı zamanını, ən ağir təbiət hadisələrindən olan zəlzələni belə gözəl bir hadisə kimi qarşılayıb, bütün bunlarda bir gözəllik axtaran, tapan, sevən və sevdirən bir yolçuluq…

Ədəbiyyat adlı əbədi bir yolçuluq…

Bütün yolları mətndən, yazıdan keçən yolların özünü belə mətnə, yazıya çevirən yolculuq…

Bir az dərvişanə, tərki dünya, bir az dünyəvi yolçuluq…

İnsan düşüncəsinin, alt şuurunun ən dərin qatlarına enib hər bir fərdin özünun belə xəbəri olmayan həyat fəlsəfəsini öz həyat fəlsəfəsi ilə analiz və sintez edib özünəməxsus tərzdə ifadə edən və nəticə etibarilə əslində insanın özünü özünə təqdim edən, tanıdan bir yolçuluq…

Sevməyəndə ölən, sevgiylə dirilən, yaşayan, yaradan, yazan, ev adam, çöl adam, kobud və sevilməsi mümkün olmayan adamı sevən, anasının onu qorxutmamaq üçün həmişə diri olan nağıllarını dinləyən, “Sol düymə”ni açıb, “Quyu”dan çıxıb, “Zəmi”dən keçib “Şuşa”ya qədər gedib cıxan yolçuluq..

Bir ədəbiyyat bilicisinin dediyi kimi, hər yazının,mətnin əvvəlində canlı, coşqulu olan, sonunda isə ölən, sonra yenidən dirilib eyni coşqu ilə yazan, yaradan ( “Doğrudanmı dirilən?” “Doğrudanmı bizim hər gün gördüyümüz, virtual və ya real həyatda gördüyümüz,ünsiyyətdə olduğumuz Hədiyyə, həmin bu ölən, dirilən və hər ölüb girildiyində, insanları öldürüb dirildən bir mətn ortaya qoyan Hədiyyədi?!”) yolçuluq..

Gözlərini yumub onu görmək istəməyənlərin belə yumulmuş gözlərinə öz fəlsəfəsi, mətni, yazısı ilə görünən yolçuluq…

Ədəbiyyat adlı qibləyə yorulmadan, usanmadım səcdə edən və bu qibləni Tanrısı qədər sevən, qoruyan, uğrunda döyüşən, bu yolda addımlayan heç tanımadığı yolçuların belə hər kiçik uğuruna sevinən, dəstək çıxmağı özünə borc bilən bir yolçuluq…

Və bir də…

Və bir də Spinozanın dediyi kimi, özündən qorxudan yox, özünü sevdirən, ağlamağı, bədbinliyi deyil gülməyi, əylənməyi öz bəndələrinə rəva görən Tanrıya inam və etiqadla dolu bir yolçuluq..

Budur Hədiyyə Şəfaqətin yolculuğu, daha dogrusu ədəbi yolda əbədi yolçuluğun çox kiçik bir parçası…

Bu yolun harda bitib yolsuzluğa qovuşacağını, hansı yolsuzluqlarda yeni yollar, cığırlar açacağını 21-ci əsr ədəbiyyatımızın ən parlaq nümunələrindən olan Hədiyyə Şəfaqətin yazacağı mətnlərdən, yazılardan oxuyacağıq…

Bu yolsuzluqda və yolçuluqda əziz insan, əzəli və əbədi dostum Hədiyyə Şəfaqətə yeni yaradıcılıq uğurları diləklərim və ən dərin sevgilərimlə…

PS: Mən ədəbiyyatçı deyiləm, bu yazdığım isə bir oxucunun subyektiv yanaşmasıdır…

Cahangir Həsənov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 2]

Back to top button