BannerCəmiyyət

“Məmur var ki, naharda 1000 manatlıq qara kürü yeyir” – İlahiyyatçıdan AÇIQLAMA -ŞOK FAKTLAR

Müqəddəs Ramazan ayının vacib əməllərindən biri də fitrə zəkatıdır. İslam qaydalarına görə, bir ay oruc tutan müsəlman ailə üzvlərinin sayına görə, imkansız insanlar üçün fitrə zəkatı verir.

Fitrənin nə qədər olması ilə bağlı isə fikirlər müxtəlifdir. Bəziləri onun bayramdan öncə, digərləri Ramazan ayının son günü – bayram axşamı şam namazından sonra verilməli olduğunu bildirir. Bu fikir ayrılığı demək olar ki, hər Ramazan bayramında yaşanır.

Maraqlıdır, əslində fitrə zəkatının məbləğı nə qədərdir və nə zaman çıxarılmalıdır? Ednews bu sualla ilahiyyatçı Tural İrfana müraciət edib.

İlahiyyatçı açıqlamasında bildirib ki, fitrə zəkatı Ramazan bayramı günü qılınacaq namaza qədər, yəni təxminən səhər saat 11-12-dək verilməlidir ki, imkansız insanların da bayram süfrəsi açmaq imkanı olsun.

“Fəqət müəyyən zərurətlər olarsa, məsələn şəxs həmin saatda səfərə çıxmalı olarsa və ya hansısa işlə əlaqədar üzrü olarsa, bir gün əvvəl və ya sonra da fitrə zəkatın verə bilər. Ümumiyyətlə, fitrə zəkatı yaddan çıxsa, yaxud müəyyən üzrlü və ya üzrsüz səbəbə görə vaxtında verilməsə çox gecikdirmədən sonra da verilə bilər”.

İlahiyyatçının sözlərinə görə, fitrəni anlamaq üçün öncə onun fəlsəfəsini, sosial mahiyyətini dərk etmək lazımdır, yoxsa, qaydadır deyə, bilgi olmadan bunu etmək təqdirəlayiq deyil.

“Fətva verənlərin əksəriyyəti mahiyyətə varmayıb məsələyə zahiri və hərfi mənada yanaşdıqları üçün hər il bu mövzuda anlaşmazlıq yaranır.

Fitrənin mahiyyəti odur ki, əgər insan 30 gün oruc tutubsa, bu günlər ərzində hər günə bir yeməyi, yəni naharı təxirə salıb. Ayın sonunda həmin yemədiyi yeməyin ya özünü, ərzaqını, yaxud da dəyərini ehtiyacı olana verməlidir. Bu da təqribi və nümunə olaraq evdəki adamların hər biri üçün 3 kq müəyyən ərzaq vasitələrinin dəyəri kimi götürülür. Yəni ailə büdcəsinə, vəziyyətə görə də fitrə verilməlidir”.

T. İrfan son zamanlar fitrə üçün qoyulan xüsusi məbləğ haqqında da fikirlərini Ednews ilə paylaşıb. O, bildirib ki, sədəqə üçün qoyulan xüsusi məbləğ düzgün deyil.

Çünki…

“Fitrə üçün qayda olaraq heç bir məbləğ qoyula bilməz. Ona görə təyin olunan 15-20 manat məbləğ həqiqətə uyğun deyil. Bu rəqəm imkanlı şəxslərə aid edilə bilər, çünki kasıb adam nahar edəndə heç 3 manatlıq yemək yemir.

Məmur var ki, bir günorta yeməyində 1000 manat dəyərində qara kürü yeyir. Yoxsa günə bir soyutma yumurta yeyən adama necə 20 manat fitrə təyin oluna bilər? Bu səbəblə də fitrə hər kəsin maddi durumuna, yediyi yeməyin dəyərinə görə müəyyən edilməlidir”, -deyə o, əlavə edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button