Müsahibə

“Bütün dünyada çap edilən qəzetlər onlayn qəzetlərə uduzur”-BAKU.ES-in rəhbəri

Bu gün Xalqxeber.Az-ın qonağı “Baku.Es” İnstagram xəbər səhifəsinin rəhbəri Nicat Sadıqovdur.

Nicat Bəxtriyar oğlu Sadıqov Bakı şəhərində anadan olub. 2014-cü ildə mətbuata gəlib. 2015-cü ildən bu günə qədər “Baku.Es” İnstagram xəbər səhifəsinin rəhbəri vəzifəsində çalışır.

– Nicat müəllim, ola bilər bunu əvvəllər də soruşan olub: Sizi jurnalistikaya gətirən səbəb nədir? Necə oldu ki, bu sahəni seçdiniz?

– Mənim məktəbli vaxtlarımdan jurnalistika sahəsinə xüsusi hörmətim olub.
Daim yazıb, yaratmağa xüsusi həvəs göstərmişəm. Mütəmadi olaraq ölkə gündəmini izləyib, baş verən hadisələri analiz etmək qabiliyyətinə malik olmuşam. Media sahəsində olan boşluqlar hər zaman məni üzürdü. Xəbər portallarının və sosial şəbəkənin ölkə ictimaətinə təsirini görüb və qarşıma məqsəd qoyaraq “Baku.Es” İnstagram xəbər səhifəsini yaradaraq yola çıxdım. Jurnalistikaya gəlişim də o gündən başladı, sonradan da bu peşəyə elə bağlandım ki, başqa sahəyə getməyi ağlıma da gətirmədim.
– Uzun müddətdir ölkənin ilk üçlüyündə olan səhifənin rəhbərisiniz. Sizcə, rəhbər olmaq çətindi, yoxsa müxbir?

– Hər iksinin öz asan və çətin tərəfləri var. O ayrı məsələdir ki, hər bir müxbir redaktor olmağa çalışır, müxbir olmaq istəyən redaktor isə çətin tapıla. Redaktorun məsuliyyəti böyükdür, hər kəsin yazısına görə məsuliyyət daşıyır. Müxbir olmaq isə indiki zamanda çətin olsa da, yalnız özünə görə məsuliyyət daşıyır. Baş redaktor olmaq isə daha böyük məsuliyyət tələb edir. Təkcə yaradıcılığa, informasiyaya görə deyil, eyni zamanda kollektivin problemlərinə görə də məsulsan.

– Sizin fikrinizcə, əsl jurnalist necə olmalıdır?

– Əsl jurnalist işini, peşəsini sevməlidir. Sadəcə bu sahədə işləmək, dolanışıq xatirinə deyil, media sahəsində hamıdan öndə olmağa çalışmalıdır. Hər kəs qarşısında alnıaçıq, üzüağ olmalıdır ki, istədiyini yaza bilsin. Bir də ən əsası, əldə edib yaydığı informasiyanın məsuliyyətini dərk etməlidir. Yazdığını da özü diqqətlə oxumalı, korrektə, redaktə etməlidir. Hər bir səhv jurnalistin nüfuzuna xələl gətirir. Bir vaxtlar kimsə hansısa sözün düzgün yazılışını və ya xəbərin dəqiqliyini qəzetlərdə dəqiqləşdirirdi. İndi isə sosial mediada hərf səhvləri çoxalıb, dəqiqləşdirilməmiş informasiyaların yayımı adi hala çevrilib. Əsl jurnalist bu məsələlərdə diqqətli olmalıdır.

– Nə zamansa bu sahədən getmək fikrində olmusunuz?

– Hərdən yorulanda, hansısa problemlə qarşılaşanda insan düşünür ki, başqa sahədə işləsəydim daha yaxşı olardı. Amma hər bir peşənin çətinlikləri var. Mənim üçün həyatda ən yaxşı bacardığım iş jurnalistikadır. 7 ildə bu barədə düşünməmişəm. Yəqin ki, elə təqaüdə də bu sahədən çıxaram.

Jurnalistika sahəsi sizə nələri qazandırıb?

– Çox şey. Cəmiyyətdə tanıdıb, xüsusən də sosial mediada. Digər tərəfdən layiqli dostlar, həmkarlar qazanmışam. Bu sahədəki fəaliyyətimi daha da inkişaf etdirməyə çalışıram. Ümumiyyətlə, şablon səslənsə də, bütün uğurlarımı jurnalistikaya borcluyam.

– “Baku.Es”-in xəbərlərinin səsi haralardan gəlir?

– Səhifəmizin izləyiciləri beynəlxalq arenada Azərbaycanla bağlı məqalələrimizə aktiv reaksiya göstərirlər. “Baku.Es”-də paylaşılan məlumatlarla bağlı, tanınmış politoloqlar arasında müzakirələr gedir.
“Baku.Es” səhifəsindəki auditoriyamızı siyasət, iqtisadiyyat, biznes və diplomatiyada olan ciddi fiqurlar təşkil edir ki, bu da, əlbəttə, yazdıqlarımıza görə məsuliyyətimizi artırır. Və “Baku.Es” dərclərinin çoxlu retviti və şərhləri olur. İnstagramda sosial şəbəkəsində auditoriyamız hər gün genişlənir.

– Bütün dünyada çap edilən qəzetlər onlayn qəzetlərə uduzur. Onlar da aktual qala biləcəkləri bu formata keçməli olurlar. Bu, daha çox təhlildir…

– Kağız qəzetlərin belə asanlıqla təslim olacaqlarını düşünmürəm. Bəli, onlayn qəzetlər dəbdə olan tendensiyadır. Lakin burada keyfiyyətli oxucu amili çox vacibdir. Hadisələri daha ətraflı bilmək, baş verənlərdən xəbərdar olmaq istəyənlər bundan sonra da qəzetlərdən imtina etməyəcəklər. Ona görə də qəzet oxumaq ənənəsi ölməyəcək. Kağız qəzetlər isə məhz bu cür oxucu auditoriyasına yönəlir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button