Ölkə

Gömrük Komitəsi türkiyəli sürücüdən Azərbaycan ərazisinə keçmək üçün 600 dollar tələb edib

Dövlət Gömrük Komitəsinin sahibkarlardan qeyri-qanuni ödənişlər tələb etməsi ilə bağlı iddialar doğrudur”.Bunu Pravda.az-a Ağ Partiyasının sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, bildirib ki, məsələ ilə bağlı partiyaya xeyli sayda şikayət daxil olur: “Əgər gömrük rüsumu ilbəil qaldırılaraq 15, 16, 18 faiz olsaydı, bəlkə o zaman iddia edə bilərdilər ki, bizlik məsələ deyil, Nazirlər Kabineti var, Tarif Şurası var və s. Amma burada söhbət rəsmi dövlət rüsumundan yox, məhz tələb edilən əlavə ödənişlərdən gedir. Beləliklə, sözügedən komitə tərəfindən sahibkarlardan ödəməli olduqları dövlət rüsumunun 2 qat, 5 qat artığı tələb edilir. Məsələn, bir məhsulun dövlət rüsumu 7 min manatdırsa, sahibkara 25 min manat ödəniş etməsi tapşırılır. Bu şəkildə də sahibkarları incidirlər. Burada korrupsiya, yeyinti faktları, kifayət qədər büdcədən gizlədilən vəsaitlər var. Hələ çox primitiv hesablamalarla demək mümkündür ki, milyonlarla maliyyə vəsaiti ortada yoxdur. Komitənin məqsədlərindən biri isə, əhalinin yoxsullaşması hesabına dövlət büdcəsinə böyük miqdarda ödəniş edərək ölkə rəhbərliyi qarşısında yaxşı görünmək istəyidir. Yəni burada iki məqsəd var: birincisi, varlanmaq, ikincisi isə ölkə başçısının yanında yaxşı görünmək. Məhz bu məqsədlər naminə komitə hazırda talançı siyasət yürüdür”.
Partiya sədri əlavə edib ki, Dövlət Gömrük Komitəsində oğurlanan milyonların büdcəyə qaytarılması təmin edilməlidir: “Hələ bu yaxınlarda da sahibkarlar Dövlət Gömrük Komitəsinin qarşısında aksiya keçirdilər, sənəd-sübut göstərdilər. Bununla yanaşı, komitə deyir ki, biz fikirləşirik ki, avtomobillərin dövlət rüsumunu yenə qaldıraq. Onsuz da ölkədə avtomobillərin dövlət rüsumu o qədər yüksəkdir ki, insanlar 1990-cu illərin avtomobillərini sürməyə məcbur qalıblar. Özləri də ölkədə istifadə edilən avtomobillərin artıq köhnəldiyini etiraf etsələr də, bunun səbəbini açıqlamırlar. İnsanların pulu yoxdursa, gömrük rüsumu qaldırıldıqda da yenə köhnə maşın alacaqlar və yaxud da daxili bazar hesabına avtomobil dəyişəcəklər. Hesab edirəm ki, Dövlət Gömrük Komitəsində oğurlanan milyonların büdcəyə qaytarılması təmin edilməli, eyni zamanda bu komitə ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirilməlidir ki, bunların hamısı mərkəzləşdirilmiş şəkildə idarə edilə bilsin. Sahibkarlar sənədlərini gətirirlər, onlardan tələb edilən qiymətləri göstərirlər və s. Hətta bu yaxınlarda bizə 701 nəfərin imzası ilə yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər müraciət etmişdilər ki, Gömrük Komitəsi bizə işləməyə imkan vermir. Yəni bu komitə artıq daşımaçılıqla bağlı məsələlərə də mane olur. Həmçinin qeyd edim ki, dünən türk sürücüsündən Azərbaycan ərazisinə keçmək üçün 600 dollar tələb edilib. Belə qənaətə gəlmək olur ki, komitənin fəaliyyəti indiki dövrdə nəinki daxili bazara, həmçinin ölkənin xarici siyasətinə də mənfi təsir göstərir. Fimrimcə, bu məsələ ilə bağlı ciddi məşğul olmaq lazımdır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 8 Ortalama: 4]

Back to top button