Sağlamlıq

“Martda qapanmalar olsa, bu o deməkdir ki…”-

“Novruz bayramı ərəfəsində biz həkimlər də istəməzdik ki, qapanmalar olsun. Çünki bu, insanların fəaliyyətinə, immun sisteminə pis təsir edir. Reallıq olur ki, qarşıdan bayram gəlir, qeyri-iş günləri olacaq, əksəriyyət rayonlara gedəcək, təmaslar artacaq. Fikirləşirəm ki, bayramdan sonra yoluxma sayı 4 rəqəmli olacaq”.

Analoq.az xəbər verir ki, bu barədə AzTV-də yayımlanan “Əsas məsələ” verilişində həkim-infeksionist Vüqar Cavadzadə bildirib.

O qeyd edib ki, son 10 gün ərzində Azərbaycanda koronavirusa yoluxmalar 3 dəfə artıb. Yoluxmaların artmasının əsas səbəblərindən biri ictimai nəqliyyatda, kafe və restoranlarda olan sıxlıqlardır: “Belə ki, bir kafedə 20 nəfər toplaşmalıdırsa, bəzən 40 nəfər toplaşır və bu da bugünkü nəticəyə gətirib çıxarır. İnsanlarda arxayınlaşma yaranıb, elə düşünürlər ki, sanki koronavirus pandemiyası qurtarıb. Əgər biz profikaktik tədbirlərə əməl etsək, sərt karantin tədbirlərinə ehtiyac qalmaz”.

Həkim bildirib ki, indidən qapanmalarla bağlı proqnoz vermək çətindir, amma bayramdan sonra sərt karantin tədbirləri, sms-icazə sistemini istəmiriksə, bayram günləri diqqətli olmalıyıq: “Əvvəlki təcrübədən də görmüşük ki, yoluxma çox artanda, sərt karantin olanda, onu əvvəlki vəziyyətə qayıtmaq üçün minimum 2 ay tələb olunur.

Martda qapanmalar olsa, bu o deməkdir ki, biz qarşıdakı yay aylarında əvvəlki vəziyyətə qayıdacağıq.

Bu da yay aylarında insanların istirahət planlarının üstündən xətt çəkir. Ona görə də, təhlükəni əvvəldən görərək qaydalara əməl etməliyik”.

V. Cavadzadə həmçinin bildirib ki, dünyada dərman sənayesi inkişaf etsə də, virusa təsir edəcək hər hansı konkret preparat əldə olunmayıb. Pandemiya törədən virusların yayılması indiyə qədər də müşahidə edilib. Məsələn, qrip virusunun dünyada bir neçə dəfə pandemiyası olub. Lakin həmin viruslar mutasiya nəticəsində sıradan çıxıblar: “Virusların ölçüsü kiçik olsa da, dünyada bütün iqtisadiyyatı diz çökdürmək gücünə malikdir. Biz çox güman ki, bu “COVID-19” infeksiyası ilə yaşayacağıq. Zaman keçdikcə biz hər il müəyyən qədər yoluxmalara məruz qalacağıq. Koronavirus infeksiyası da nə vaxtsa sönüb gedəcək. Çünki tarixdə belə pandemiyalar olub, taunun 3 böyük pandemiyası olub. Onun vaksini tapılmayıb, lakin o törədicilər belə mutasiyaya uğrayaraq yox olub gedib. Koronavirus infeksiyası da mutasiya olunur. Yay aylarında xəstəliyin müddəti 20-25 gün çəkirdisə, dekabr ayında müalicə müddəti daha qısa idi. Bu onu göstərir ki, virus yavaş-yavaş mutasiya olunur və təsiri azalır”.

İnfeksionistin sözlərinə görə, ÜST-nin virusla bağlı nikbin proqnozları var. Bu virusdan yaxa qurtarmaq üçün vaksinasiyaya getmək lazımdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da qeyd edib ki, effektiv vaksin istənilən pandemiyanın aradan qaldırılmasında qızıl açar rolunu oynayıb. Əslində vaksin yoluxmanın qarşısını almaq üçün vasitə deyil, yoluxduğumuz zaman ağırlaşmaların qarşısını alır:

“Burada bilməliyik ki, vaksinasiyanın 70-80 faiz əhaliyə tətbiq olunmasından sonra ölkələr rahat nəfəs ala bilərlər. Bugünkü vaksinasiyanın başlanması əlamətdar hadisədir. Bu vaksinasiyada biz hədəflədiyimiz nəticəni populyasiyanın 70-80 faizində effektiv vaksinasiya prosesini bitirdikdən sonra əldə edə bilərik.

Bu pandemiya necə başlayıbsa, bir gün bitəcək. Biz aidiyyati qurumlar ÜST-nin tövsiyələrinə uyğun həyat tərzinə əməl etməliyik. Bu məsələnin gedişatına bizdən asılı ən vacib hadisə bu günə qədər əzbərlədiyimiz 3 qaydadır. Onları ortaya qoymaqla nəticə ala bilərik”.

Millət vəkili əlavə edib ki, hazırda Novruz bayramı dönəmində hansı qərarların verilməsi insanları ən çox düşündürür: “Bu qərarlar hərtərəfli parametrlərə baxılaraq verilir. ÜST-nin tövsiyələrinə uyğun şəkildə sərt karantin rejimlərinin faydasının olmadığı artıq məlumdur. Dünyada iqtisadiyyatın, nəqliyyatın durmasına səbəb olan sərt karantin tövsiyə olunmur. Tövsiyə olunur ki, əgər cəmiyyətin psixoloji vəziyyəti bu hadisəni qavrayacaq şəkildə deyilsə, məcbur qalıb inzibati və digər cəza tədbirlərindən faydalanmaq olar. Hər bir hökumət bu dönəmdə qızıl ortanı tapmaq üçün əlindəki resursları analiz edərək qərarlar verir. Bizim ölkəmizdə hər zaman optimal, doğru qərarı verən Operativ Qərargah da ən doğru olan qərarı verəcək”qafqazinfo.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 4]

Back to top button