Cəmiyyət

“Azərsu” ASC ilə Türkiyənin su təsərrüfatı üzrə nümayəndə heyəti arasında görüş keçirilib

Köçərli Həsənov: "Layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə qurumları və xarici şirkətlərlə əməkdaşlıq edirik"

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov qonaqları salamlayaraq Səhmdar Cəmiyyətin fəaliyyəti barədə məlumat verib. Sədr müavini layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə qurumları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini diqqətə çatdırıb. K.Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, iqlim dəyişmələri, su ehtiyatlarının azalması sudan qənaət və səmərəli istifadəni zəruri edir və bu sahədə qabaqcıl təcrübələrin tətbiqi mühüm əhəmiyyət daşıyır.
Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzun təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, əsas vəzifə su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsini təmin etmək, bu sahədə qanunvericilik bazasını təkmilləşdirmək, su ehtiyatlarının milli və beynəlxalq idarəçiliyini koordinasiya etməkdir. Ölkənin su ehtiyatlarını kəmiyyət və keyfiyyət baxımından qorumaq, inkişaf etdirmək su sektorunda həyata keçirilən siyasətin başlıca istiqamətlərindəndir.
Görüşdə Türkiyənin su təsərrüfatı ilə bağlı geniş təqdimat keçirilib, su ehtiyatlarından səmərəli istifadə sahəsində mövcud vəziyyət, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button