Region

Saatlıda pensiya rəzaləti – “Şöbə müdürü sağlam ola ola pensiya alır amma ..”Foto

Saatlı rayonunda sözün həqiqi mənasında təqaüd rəzaləti yaşanır. Bu rayonda vaxtıyla xəstəlik və yaşla bağlı təqaüd təyin olunmuş 52 nəfər neçə aydır ki, təqaüddən məhrum olub. Söhbət ondan gedir ki, bu adamlara həqiqətən də yaş və xəstəlikləri ilə bağlı pensiya təyin olunsa da, sonradan kimlərinsə kooporeativ marağına görə, onların sənədləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Həmin İdarədə aparılan yoxalmalar zamanı məlum olub ki, bu insanlara tam qanuni yolla pensiya təyin edilib.

Amma di gəl ki, DSMF-nin bəzi məmurları və bu qurumun Saatlı rayon şöbəsi həmin şəxsləri aylardır ki, süründürür. Vətəndaşların qanuni təqaüdlərini bərpa etmir. Saatlı şəhəri, Şeyx Yusif küçəsi ev 39 ünvanında yaşayan Seyidov Telman Mirzəxan oğlunu dinləyək:

“2019-cu ilin mart ayında ağır əməliyyat keçirmişəm və böyrəyimin biri əməliyyat zamanı götürülmüşdür. Əməliyyatdan sonra digər böyrəyimdəki problemlərlə bağlı kimya terapiya qəbul etmişəm. Hazırda Respublika Onkoloji Mərkəzində onkoloji xəstə kimi qeydiyyatdayam. Əməliyyatdan sonra 2019-cu ilin iyun ayında sənədlərim onlayn qaydada Respublika Tibbi Sosial Ekspert Komissiyasına təqdim olunub. Mənə onkoloji xəstə kimi III qrup əlillik təyin edilib. Daha sonra Saatlı rayon DSMF-da əmək kitabçası və digər sənədlər əsasında mənə 160 manat pensiya təyin olunub. Hörmətli Prezidentimiz İlham Əliyevin məlum Fərmanından sonra mənim pensiyam minimum həddə 200 manat olunub”.

Bax, buracan hər şey yaxşıdır. Bəli, amansız xəstəlikdən sonra vətəndaş nəhayət ki haqlı olaraq pensiya alır. Vətəndaş dövlətdən razıdır, onun qayğısını hiss edir.

Amma…

Gəlin davam edək:

“2019-cu ilin dekabr ayının pensiyası verilərkən pensiyamın ödənişinin dayandırılması mənə məlum oldu. Saatlı rayon DSMF-nun müdiri Kamal Cəfərov mənə məlumat verdi ki, mənim, Məmmədov Ağasadıq Məmi oğlunun və Quliyev Əli Bəhlul oğlunun sənədləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. Müdir mənə dedi ki, narahat olma yaxın günlərdə pensiyan bərpa olunacaq. Bir ay ərzində dəfələrlə Kamal Cəfərovun yanında oldum və hər dəfə eyni sözləri eşitdim. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Aqşin adlı əməkdaşı ilə danışıb, yenə mənə narahat olma, deyirdi. Sonra Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin Elnur müəllim adlı əməkdaşı məni və adlarını qeyd etdiyim Saatlı rayonunun iki vətəndaşı Baş İdarəyə çağırdı. Elnur müəllim hər üçümüzü təmkinlə və sonda üçümüzə də dedi ki, ödənilməyən aylar da daxil olmaqla pensiyanızı tam alacaqsınız! Siz təmizsiniz”.

Amma farslar demiş “çi fayda”. Sən indi gəl bunun DSMF-nin bəzi məmurlarına və Saatlı şöbəsinin müdiri Kamal Cəfərova başa sal. Necə ki, Telman, eləcə də digər 51 nəfər başa sala bilmir.

Xəstə, ağrı-acıdan güclə ayaq üstə dayanan Telman az qala yalvarır ki, ay adamlar, mənim pensiyamı bərpa edin, çünki başqa qazanc yerim yoxdur. Həyat yoldaşım xəstədir, hələ ona da baxmalıyam.

Prezidentə üz tutan Telman deyir:

“Neçə aydır mənim pensiyamın ödənişi dayandırılıb və ailəm çox korluq çəkir. Məndən başqa ailəyə gəlir gətirən yoxdur. İndi mənə məlum olub ki, ƏƏSM Nazirliyinin əməkdaşı Aqşin Saatlı rayon DSMF-nun müdiri Kamran Cəfərovla əlaqəyə girib mənim pensiyamı bərpa etmirlər. Güman edirəm ki, bundan onların umacaqları var.

Sizdən xahiş edirəm ki, kasıb təbəqənin insanlarının pensiyasının hansı səbəblərdən dayandırılması, niyə ƏƏSM Nazirliyinin və Saatlı rayon DSMF-nın bi işə səhlənkar yanaşmasının araşdırılması üçün göstəriş verəsiniz”.

Qeyd edək ki, müraciətdə adı hallanan Aqşin adlı şəxs DSMF-nin audit şöbəsinin müdiri Aqşin Əlizadədir. O, habelə DSMF-nin pensiya şöbəsinin müdiri Eyvaz İsmayılov Telman, yaşla bağlı pensiyaya çıxmış Tofiq Hüseynov, daha 50 nəfəri dövlətin onlara haqlı olaraq ayırdığı pensiyadan məhrum edib. Bir qrup insanı dövlətdən, onun apardığı sosial siyasətindən narazı salıb.

Haqqında söhbət gedən o 52 nəfərdən hansını dindirsən onu deyəcək: “Aqşıin, Eyvaz və Kamal Cəfərov pensiyamızın bərpa olunmasına imkan vermir”.

İndiki ağır pandemiya dönəmində, dövlətin hər bir Azərbaycan insanının sağlamlığı üçün əlindən gələni etdiyi bir vaxtda, tam haqlı, qanuni pensiyasından məhrum etməyi Allah və qanun götürməz. Bu kiçik məmurlar hələ də bilmirlər ki, bu dövlət öz vətəndaşının mənafeyini heç kimin ayağına verməz. İnsanları dövlətdən narazı salmaq olmaz.

Yeri gəlmişkən DSMF-nin pensya şöbəsinin müdiri Eyvaz İsmayılov özü xəstəliyə görə pensiya alır. Sağalam ola-ola… Bu artıq başqa söhbətin mövzusudur. Mövzuya qayıdacağıq.Analoq.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!teref.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button