Cəmiyyət

Gəncə terroru gənc fotoqrafın obyektivi ilə…

2020-ci ölkəmiz adına qarışıq duyğuların yaşandığı, kədərin, sevincin bir-birini əvəzlədiyi il oldu. İlin əvvəlində bütün dünyanı bürüyən, ölkəmizdən də yan keçməyən “çağırılmamış qonaq” – COVİD-19 pandemiyası bizi qapalı həyata məhkum etdi. Bu amil insanların psixologiyasına da olduqca mənfi təsir göstərdi. Bizim xalqımız da bu sarsıntını yaşadı. Adət-ənənələri ilə bol olan xalqımız nə bayram qeyd edə bildi, nə də toy-düyün keçirə bildi. Çox təəsüf ki, çox kiçik bir virus milyonlarla can aldı…
Xalqımız hər zaman istər regionda, istərsə də dünyada mərdliyi, cəsurluğu, qəhrəmanlığı ilə seçilib. Elə virus dövründə də bunun şahidi olduq. Buna nümunə olaraq könüllülük hərəkatının adını qeyd edə bilərik. Gənc könüllülər koronavirusun tüğyan etdiyi bir vaxtda insanlara yardım edərək onların simasında təbəssüm yarada bildi. Regionda və paytaxtda heç bir təmənna güdmədən, yorulmadan çalışan könüllülərin fəaliyyəti sadəcə təqdirəlayiq idi. Əslində, çox xoşbəxt xalq hesab olunmalıyıq. Hazırki dövrün təmənna güdmədən fəaliyyət göstərən könüllüləri gələcəyin xeyirxah iş adamları ola bilər. 2020-ci ildə könüllülüyü tək ehtiyacı olan insanlara, yaşlılara xidmətdə yox, bütünlüklə Azərbaycan xalqına xidmətdə də gördük. Bəli, Qarabağ uğrundan könüllü savaşan qəhrəmanlarımız könüllülüyün ali zirvəsi hesab olundu.
2020-ci il, 27 sentyabr…Azərbaycan Respublikasının Silahlı Qüvvələri 30 ildir işğalda olan torpaqlarımızın azad edilməsi üçün düşmənə göz dağı verdikləri möhtəşəm qələbənin ilk günü. Qəhrəman əsgərlərimiz həmin an sadəcə bir məqamı düşünürdülər: Qarabağı düşmən işğalından azad etmək. Etdilər də. Bu yolda Qazi adını alan igidlərimiz də oldu, canını Vətən uğrundan qurban verib Şəhid adını alan qəhrəmanlarımız da. Onlarla necə qürur duymayasan axı?! Necə fəxarət hissi ilə hər məqamda onları yad etməyəsən axı?! Biz onlara bir ömür borcluyuq. Amalımız onların xatirəsini gələcək nəsillərə də ötürmək və əbədiləşdirməkdir.
Düşmənimiz mənfurdur. Səngərdə igidlərimizə qarşı vuruşa bilmirdilər, amma dinc əhalini raket atəşinə tuturdular. İsti ocağında gecə yatan insanları öldürmək isə terror tarixinə yazılmış ən qanlı aktlardan biridir. Raket atəşinə məruz qalan ərazilərdən biri ölkənin II ən böyük şəhəri Gəncə şəhəri idi. Dinc əhalinin terrora məruz qaldığı gün insanların fəryadları, anaların “bala” deyə çığırmağı, orta yaşlı şəxslərin “Biz qandan qorxmuruq” deyə bütün dünyaya ötürdüyü o mesaj…Bu məqamlar bizi biz edib. Düşmənin dinc əhaliyə qarşı törətdiyi hər terror aktı bizi daha da gücləndirib.
Gəncəyə səfər etdiyim zaman həmin əraziyə baş çəkdim. Çox ağır idi, çox. Körpələrin, qocaların, qadınların nəfəsi hələ də duyulurdu. Çarəsiz ailəsini axtaran kişinin fəryadı hələ də hiss edilirdi. Terrorun baş verdiyi ərazidən fotolar çəkdim. Amma o qədər çətin, ağır gəlirdi ki…Sözlərlə ifadə etmək mümkün deyil…
Məhəmməd Məmmədov
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button