Cəmiyyət

“Qıcıqlanmayın, qıdıqlanmayın…” – ilahiyyatçı Elza Seyidcahandan yazdı

Müğənni – bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmasından sonra şair Mürvət Qədimoğlunun bu birlikdən çıxdığını eşitdim. Neçə gündür sosial şəbəkələrdə, saytlarda gedən yazıların bəziləri ilə də tanışam. Sözü gedən birliyin üzvü olaraq məsələyə öz münasibətimi bildirmək istəmirdim. Lakin bir nəfər üzvün yeni qəbul olunan üzvə görə birlikdən çıxmaq üçün ərizə yazması məni də bu mövzuda qənaətimi ifadə etməyə təhrik etdi.

Öncə onu bildirim ki, Mürvət Qədimoğlunun birlikdən çıxmasını xoş qarşılamıram və çıxma səbəbini əsaslı saymıram. Deyib ki, adımın Elza Seyidcahanla bir siyahıda olmasını qəbul etmirəm. Bildirim ki, o birlikdə kifayət qədər ziyalı, ölkədə və dünyada tanınmış, imzası, əsərləri ilə öz möhürünü vurmuş yazıçılar, şairlər var. Lap tutaq ki, bir nəfər uyğun olmayan adamı üzv qəbul ediblərsə birliyə layiq olan yüzlərlə yazıçı o birlikdən çıxmalıdırmı? Əlbəttə yox! Yazıçılar Birliyinə kimin üzv olması qərarını o birliyin üzvləri və oxucular yox, birliyin mütəxəssisləri, idarə heyəti verir. Və yazarın təqdim olunmuş əsərlərinə, onun haqda verilən rəylərə qiymət verərək qərar qəbul edilir. Hər bir ölkənin yararlı, dəyərli vətəndaşları olduğu kimi bəzən layiqsiz vətəndaşı da olur, o da öz dövlətinin şəxsiyyət vəsiqəsini daşıyır. Kimsə qalxıb demir ki, mən vətəndaşlıqdan çıxıram ona görə ki, bu ölkədə layiqsiz adamlar da vətəndaşlıq pasportu daşıyırlar. Bu gülünc və bəsit yanaşma olardı.

Elza Seyidacahanın efirdən bir neçə məzəli şeirini dinləyib onun yaradıcılığı haqqında qərar verməyi obyektivlikdən kənar, tələskənlik hesab edirəm. Baxmayaraq ki, illər öncə onun səsləndirdiyi bəzəmələri mən də tənqid etmişəm. Fəqət onun yaradıcılığının tamamını tədqiq və tənqid etməmişəm, çünki oxumamışam, bələd deyiləm külliyyatına. Və inanıram ki, onu və Azərbaycan Yazıçılar Birliyini tənqid edənlərin böyük çoxluğu da tam araşdırmayıb, onun kitablarını və yaradıcılığı haqda verilən rəyləri oxumayıb. Bəlkə elə bir misrası var ki, həqiqətən də birliyə üzv olmağa haqq qazandırır? Niyə zahirə baxıb tələsik qərar verək? Yazıçılar Birliyinin təcrübəli məsləhətçiləri, mütəxəssisləri var. Hamı da bilir ki, heç kəsi bir – iki cızma – qarasına görə ora üzv qəbul etmirlər. Şərtləri var…

Bir müğənninin Yazıçılar Birliyinə üzv olmasını faciəyə çevirmək, sosial şəbəkələrdə həngamə qopartmaq yadıma bir şeyi saldı. Salman Rüşdi “Şeytan ayələri” adlı əsər yazdığına görə İranın o dövrki lideri onun haqqında orta əsrlərdəki kimi qiyabi ölüm fətvası verdi. Öz əsəri ilə o qədər də məşhurluq qazanmayan yazıçının barəsində verilən fətva həm onu dünyada diqqət mərkəzinə gətirdi, kitabları yüksək tirajla nəşr edilib satıldı, həm də nə qədər adam da oxuyub dindən çıxdı. Beləcə İran lideri qaş düzəldərkən göz çıxarmışdı…
İndi sizlər də Elza Seyidcahanı məşhuri-cahan etdiniz tənqidlərinizlə, müzakirələrinizlə. Bir neçə gündə onun mahnıları daha çox dinlənilir, hətta gülüş obyektinə çevirdiyiniz şeirləri daha çox oxunur, hətta deyərdim dərindən tədqiq olunur…

Və bu qaraküyünüz Elza xanımda böyük məsuliyyət yaradacaq ki, indən belə daha ciddi şeirlər yazsın, daha çox yazıb – yaratsın, yaradıcılığına çəki-düzən versin. Beləliklə özünüz də bilmədən Elza xanımın şairliyini nəinki təsdiq etdiniz, hətta təbliğ də etmiş oldunuz.

Postmodernizm, müasir şeir, orta əsr qəlibçiliyindən çıxmaq, sərbəst yazmaq xor gəlməsin. Tanınmış adamdır, müğənnidir, istedadlı musiqiçidir, sabah elə bir şeir yaza, elə bir məkanda, elə bir səhnədə səsləndirər ki, bu, mədəniyyətimiz, ədəbiyyatımız üçün böyük əhəmiyyət kəsb edə bilər.

Adam fərdi yazır, fərqli yazır. Qıcıqlandırır, qıdıqlayır. Qıcıqlanmayın, qıdıqlanmayın. Qoy bir nəfər də fərqli yazan üzv olsun. Belə şeylərə görə qaim – qədim Yazıçılar Birliyinin, sədrinin ünvanına deyilən, yazılan naxoş sözləri doğru saymıram.

Tural İrfan
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button