Gündəm

Mərkəzi Bank 17 sığorta şirkətinin lisenziyasını ləğv etdi

Cəmiyyətdə yerli sığorta şirkətləri və sığorta agentləri ilə bağlı birmənalı fikir yoxdur. Bir sıra hallarda sığorta şirkətləri də, sığorta agentləri də vətəndaşlar tərəfindən tənqid edilir, xüsusən də sakiblarlıqla və başqa sahələrlə məşğul olanların çoxu narazılıq edirlər.
Bu arada Azərbaycanda 17 sığorta agentinin lisenziyasının ləğv edildiyi barədə məlumat yayılıb. Belə ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 17 sığorta agentinə verdiyi lisenziyasının ləğv olunması barədə qərar qəbul edib. Qurumdan mətbuata bildirilib ki, sözügedən qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında qəbul edilib.
17 sığorta agentinin fəaliyyətinə xitam təbii ki, müvafiq sığorta bazarına təsirsiz ötüşməyəcəyi şübhəsizdir.
17 sığorta agentinin fəaliyyətini dayandırması nə ilə bağlı ola bilər? Onlar niyə fəaliyyətlərini dayandırıblar? Ola bilərmi ki, bu sığorta agentləri sığorta bazarında özlərinə yer tapa bilmədikləri üçün fəaliyyətlərinə son veriblər? Onların lisenziyasının dayandırılması təmsil etdikləri şirkətin dayandırılması deməkdir?
Sığorta üzrə mütəxəssis İlkin İbrahimov 17 sığorta agentinin lisenziyasının ləğv olunması ilə bağlı bizimlə söhbətində bildirdi ki, burada söhbət sığorta şirkətlərinin fəaliyyətinin dayandırılmasından yox, sığorta agentlərindən gedir. O, vurğuladı ki, keçən ilin oktyabr ayında Mərkəzi Bank bir qərar verib və qanunvericiliyə dəyişiklik edilib. “Yeniliyə əsasən ordada sığorta agentləri sığortaçıda vəzifə tuta bilməz məsələsi var idi. Bu məsələ ilə bağlı çoxlu sayda sığorta şirkətlərində işləyən sığorta agentinin lisenziyası dayandırıldı. Çünki onların qarşısına seçim qoymuşdular ki, ya sığorta şirkətində işləyəcəksiniz, ya gedib müstəqil sığorta agenti olacaqsınız. Bəzi sığorta agenti olan sığorta şirkəti işçiləri var idi ki, onların sığorta agenti lisenziyasını dayandırdılar. Yaxud da elə şəxslər var idi ki, onlar sığorta şirkətindən imtina etdilər, oradan çıxdılar və özləri müstəqil sığorta agenti kimi fəaliyyət göstərdilər. Burada qeyri-adi bir şey yoxdur”.
Ekspert qeyd etdi ki, Mərkəzi bank ötən ildən etibarən bu barədə məlumat açıqlayır. Onun sözlərinə görə, əvvəl 40 sığorta agentinin, sonra 30, ardınca 20, indi isə 15-nin lisenziyası dayandırılıb. “Qeyd etdiyim kimi burada heç bir qeyri-adi hal yoxdur. Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən sığora agentinin sığortaçıda vəzifə tutmaq səlahiyyəti ləğv edilir. Ona görə də, yəqin ki, Mərkəzi Bank bunun əsasında qərarlar verir” – deyə İ.İbrahimov vurğuladı.

İradə SARIYEVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button