Ölkə

Mehriban Əliyevadan qəhrəman gizirlə bağlı nəcib addım – Video

Vətən müharibəsinin ilk həftəsi idi. Müdafiə Nazirliyi qəhrəmancasına döyüşən hərbçilərimizlə bağlı məlumatlar yaymağa başladı. Səhv etmirəmsə bu səpkidən üçüncü xəbər gizir Tahir Misirxanovla bağlı idi. Xəbərdə qısaca olaraq qeyd olunurdu ki, aprel döyüşlərinin qəhrəmanı düşmən texnikasını məhv etməkdə davam edir. Belə ki, 2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülən gizir Tahir Misirxanov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşub şəxsi rəşadət göstərərək bu günədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb.

Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir.

Bu xəbəri oxuyan kimi redaksiyadan kiçik bir heyətlə yol aldıq gizirimizin ailəsinin yaşadığı Hacıqabula. Biz onlara çatanda artıq həyətlərində qələbəlik idi. Tahirin qəhrəmanlığı haqqında eşidənlər axışıb onlara gəlmişdi. Ailədən çəkiliş edib geri qayıdanda nənəsi yaxınlaşıb həyətdəki yarımçıq tikilini göstərərək “Kaş nəvəm evini tikə biləydi, müharibədən salamat qayıdıb üç övladını başına yığıb yaşaya biləcəyi ocağı olaydı”-dedi.

Qayıdıb nənəyə “İndi bütün Azərbaycan sənin nəvənin evidir…”- dedim. Amma bu söz bəs oldumu?.. Artıq yol boyu düşünürdüm. Bakıya qayıdan kimi ağlıma ilk olaraq Heydər Əliyev Fonduna müraciət etmək gəldi. Əgər “yox” cavabı alaramsa elə günü sabah da gedib gizirin evini dostların köməyi ilə tikəcəyimi düşünürdüm.

Elə bu düşüncə ilə də Fondun icraçı direktoru Anar Ələkbərovla əlaqə yaratdım. Vəziyyəti Anar müəllimə təsvir etdikdən sonra aramızda belə bir dialoq yaşandı.

– Bu çox yaxşı təşəbbüs olardı. Heydər Əliyev Fondunun belə bir qayğısı var. Amma indi müharibənin qızğın vaxtı belə bir işə başlamaq necə real olardı?

– Mən ailəyə söz vermişəm. Onlara çox tezliklə evi tikməyə gələcəyimizi demişəm. Mən özüm dostlarımın, yardımsevər insanların dəstəyi ilə bu işə başlaya bilərəm…

Anar müəllim bu sözləri eşidəndən sonra beləcə də dedi:

“Yaxşı, gedin sabahdan işə başlayın. Amma siz evin yerini göstərin və işin gedişini izləyin. Fond qəhrəmanımızın evini tikəcək”.

Məsələ belə də oldu. Mən səhəri gün dərhal Hacıqabula gedib evin yerini göstərdim. Və aradan cəmi bir neçə ay keçəndən sonra dünən Tahir Misirxanov bizi öz gözəl ocağında, üç balası, anası və nənəsi ilə qarşılayıb qonaq etdi. Mənzərəni sözlə ifadə etmək çətin olar deyə çəkiliş də etdik.

İndi qəhrəmanımızın evinin görüntülərini təqdim edirik:

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığından sonra qısa müddət ərzində belə bir arzunun reallaşması qürurvericidir. Belə bir işə vəsilə olmaq da ayrı bir xoşbəxtlikdir, əlbəttə. Ancaq mənim başda Mehriban xanım Əliyeva olmaqla, Heydər Əliyev Fondunun kollektivinə, belə bir həssasiyyət göstərdiklərinə görə bir təşəkkür borcum var idi. Bu evin hekayəsini də olduğu kimi yazmağımın səbəbi elə bu təşəkkürü çatdırmaqdır.

Bu arada hekayəmizə aid olan iki detalı da qeyd etmək istəyirəm. Bütün bu proseslər baş verən vaxt artıq gözü arxada qalmayan qəhrəman gizirimizin də vuruşları müharibə boyunca davam etmiş və neçə-neçə düşmən hərbi texnikalarını məhv etmişdi.

Bir də reportaja və evi tikmək üçün təkrar Hacıqabula gedəndə yaşı səksəni ötmüş nənəni çox halsız, güclə hərəkət edən görmüş, bu ahıl qadına nəsə olacağından qorxmuşdum. Son görüşümüzdə isə mənzərə tamam fərqli idi. Nənə elə qıvraq hərəkətlər edirdi ki, dözməyib soruşdum.

– Ay nənə, sən axı o vaxt belə deyildin. Çox halsız idin, güclə hərəkət edirdin?..

– Oğul, mən o 44 günü çörək yemirdim axı…

Bu gözəl evin hər zaman çörəkli olsun, sağlıqla yaşa, qəhrəman Azərbaycan əsgəri…

Elbrus Ərud, Qafqazinfo Xəbər Portalının baş direktoruVideo: Nuran Məmmədov, Murad Əhməd

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button