Araşdırma

Xalqımızın ilkin İslam inancı, orta əsr din alimlərimizin etiqadı və tolerant Zeydi məzhəbi

İslam dini ilkin dövrlərdə, məzhəblərə bölünməmiş formada fəth edilən ərazilərdə yayılırdı. Soralar müxtəlif obyektiv və subyektiv səbəblərdən fiqhi (hüquqi) məzhəblər, siyasi cərəyanlar, təsəvvüfi təriqətlər, etiqadi, fəlsəfi qollar yarandı. Yaranmış bu cərəyanlara İslamı qəbul edən millətlərin ənənələri, milli – mənəvi dəyərləri də istər – istəməz qarışırdı. Xalqın milli ideologiyası ilə uyğunlaşan cərəyanlar sevilir, dəstəklənir, davamlı olur, xalqın inancında, təfəkküründə yaşayırdı. Amma zorla, qılıncla qəbul etdirilən məzhəblər isə unudulur, xalqın azadlığı bərqərar olan kimi sıradan çıxırdı.
Məlumdur ki, Güney və Quzey Azərbaycan, İran və ətraf coğrafiyalar xəlifə Ömər bin Xəttab zamanında fəth edilib, İslamı qəbul edib, valilər təyin olunub və sair. Müəyyən qədər əhali Şimali Azərbaycan ərazisində, əsasən dağlıq yerlərdə yaşayanlar xristian dinində qalırdı. Alban hakimi Cavanşirin xəlifə Müaviyyə ilə müqavilə bağlaması, hədiyyələrlə onun qəbuluna getməsi və vergi qarşılığında xalqın öz dinində qalması razılığını alması tarixdə məlumdur. O da məlumdur ki, xəlifə Ömər zamanında məzhəbləşmə, təriqətləşmə hələ meydana gəlməmişdi. İndiki dillə desək bütün müsəlmanlar “sünni” idi və xilfafətin din yaydığı ərazilərin əhalisi də hələ təriqətlərə parçalanmamış vahid İslama etiqadı qəbul etmişdilər. Artıq sonralar xilatəfin ilk yarandığı coğrafiyalarda müxtəlif siyasi və etiqadi problemlər səbəbi ilə məzhəblər, cərəyanlar meydana gəldi və bu, İslamı yeni qəbul edən qeyri – ərəb coğrafiyalarına da yayıldı. Məsələn, Azərbaycan ərazisində ilk İslam xətti olan sünnilikdən sonra (hələ 12 imamilik, cəfərilik yaranmamışdı) Zeydi şiəliyi, etiqadi, kəlami, yarı fəlsəfi cərəyan olan Mötəzilə məzhəbi, Xaricilik, Hənbəlilik və sair meydana çıxmağa başladı. Bərdə, Şirvan kimi mədəniyyət mərkəzlərindən xilafət mərkəzinə təhsil almağa ziyarətə, ticarətə gedənlər həmin təriqət və siyasi, fəlsəfi, hüquqi cərəyanları əxz edib qayıdır, Azərbaycanda bunu təbliğ edirdilər. Səfəvilər dövrünə qədər Azərbaycan ərazisində məzhəbçilik təəssübkeşliyindən yaranan fəsadlar baş verməyib. İslamın ilkin orijinal mətnlərinə, fəlsəfi, elmi dəlillərə əsaslanan Zeydilik kimi xalqımızın inancı üçün xarakterik olan cərəyanı siyasi məqsədlər üçün sıradan çıxardılar. Sünni İslama qarşı qoymaq üçün daha radikal olan, İslamı bu coğrafiyalara ilk yayan xəlifə Öməri lənətləyib təhqir edən, Peyğəmbərin arvadlarına iftira atan “rafizilik” məzhəbini yaydılar. Şübhəsiz ki, hazırda xalqın əksəriyyətinin inancına zorla Səfəvilər dövründə yeridilən bu məzhəb fars şüubiyyəsinin ideoloji məktəbi tərəfindən hazırlanmışdı və böyük məharətlə türk dünyasını dini əqidə cəhətdən parçalamağa xidmət edirdi. Səfəvilərin hakimiyyətinin sonunda artıq çox böyük “nailiyyətlər” əldə edildiyinin şahidi oluruq ki, bu yaraları heç Nadir Şah kimi güclü sərkərdə də sağalda bilmədi. Nadir Şahın Osmanlı ilə məzhəb dialoqu, Cəfəri şiəliyini beşinci məzhəb kimi qəbul etdirmək cəhdi boşa çıxdı. Çünki kökündə, yaranma amalında ikitirəlik, gizli fars millətçiliyi təəssübkeşliyi, Peyğəmbər arvadlarına, Peyğəmbər səhabələrinə lənət oxumaq kimi əsaslar olan, İmamlardan çox sonra İmamlar adına uydurulan bir siyasi cərəyanı Osmanlılar beşinci haq məzhəb kimi qəbul edə bilməzdilər. Fəqət Zeydi məzhəbi olsa idi, bunun qəbul ediləcəyi şübhəsiz idi. Çünki onun kökündə, bünövrəsində digər İslam məzhəbləri ilə təfriqə və düşmənçilik məramı yox idi. Lakin Nadirin ömrünü tamamlayaraq bunları düşünmə fürsəti vermədilər.
Zeydi məzhəbi sünniliyə qarşı heç bir qərəzi olmayan, müsəlmanların birliyi naminə yox, ümumiyyətlə fundamental olaraq ixtilafa səbəb olan amillərdən çəkinməyi tövsiyə edən, elmə, hikmətə, tolerantlığa, siyasi və digər güzəştlərə önəm verən bir məzhəbdir. İlkin mənbə olaraq məzhəbin lideri sayılan İmam Zeydin özünə istinad edilən, əsasən hüquqa (fiqh) əsaslanan hədislər toplusunun – “Əl Məcmu” (“Müsnədi – İmam Zeyd”) əsərinin bu günə qədər gəlib çıxması da bu məzhəbin nə qədər mötəbər olduğuna əyani sübutdur. Sünnilikdən fərqini bircə cümlə ilə ifadə edəsi olsaq belə demək olar: Zeydilər Əbu Bəkr və Ömərin xilafətini qanuni hesab etməklə yanaşı, xilafətə İmam Əlinin daha layiq və fəzilətli olduğunu düşünürlər.

Buradan da görünür ki, bu gün demək olar, bütün türk dünyasının etiqad etdiyi Hənəfi fiqhini (hüququnu) özünə əməli yol seçən (fəqət sonralar Zeydilər öz müstəqil hüquq məktəblərini yaratsalar da Əbu Hənifənin İmam Zeydin tələbəsi olmasına rəğmən Hənəfi məzhəbindən o qədər də fərqlənməyən bir fiqh meydana çıxdı) Zeydi məzhəbi milliyətcə türk olan şiə müsəlmanlar üçün daha münasibdir. Hətta bunun tarixi kökləri də vardır. Təbəristan Zeydi dövləti (əmirlik) əslində İmam Həsənin nəslindən olan şəriflərin dövləti idi. (864-928)
739 cu ildə İmam Muhəmməd Baqirin oğlu, İmam Zeydin qardaşı oğlu, İmam Cəfər Sadiqin qardaşı Gəncədə vəfat edən İbrahim bin Muhəmmədin 12 imamçı şiə məzhəbindən olmasını iddia etmək yanlış olardı. Çünki o özü imamiyyənin 12 imam kimi qəbul etdiyi imamların beşincisi olan Muhəmməd Baqirin oğlu idi. Yəni 12 imam məzhəbi ondan çox sonra meydana gələcəkdi… Səfəvilərə qədər Azərbaycan ərazisində İmamiyyə məzhəbi geniş yayılmamışdı. Əhalinin çoxu sünniliyə, zeydiliyə və yeni formalaşan məzhəblərə: xaricilik, Hənəfi və Hənbəli məzhəblərinə etiqad edirdilər. Az sayda Bərdə əhalisi və Şirvan əhalisi də Mötəzili idi. Zakir Məmmədov “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” kitabının 8-ci səhifəsində bərdəli böyük İslam alimi Məhəmməd Bərdəi (? – 961) haqda yazarkən qeyd edir: ” Bir müddət Bağdadda yaşayan M. Bərdəi xaricilik və mötəzililik cərəyanının nümayəndəsidir. Məhəmməd Bərdəi ilə 951-ci ildə görüşmüş İbn ən Nədim onu xaricilərin hüquqşünas alimlərindən biri kimi təqdim edərək hüquqa aid on altı əsərinin adını çəkmişdir. Xaricilərin və mötəzililərin ideya istiqamətinə nəzərən güman etmək olar ki, Məhəmməd Bərdəinin əsərlərində mütərəqqi, demokratik fikirlər öz əksini tapmaya bilməzdi”.

Qeyd edək ki, zeydilər mötəzililərin iradə azadlığı və Quranın Allah tərəfindən göndərilməsi haqqındakı ehkamlarını, xaricilərdən isə etiqadın hökmən əməli işlə uyğunluğunu qəbul etdilər. Sünnilərlə zeydiləri yaxınlaşdıran “qaib imama” etiqadın olmaması və hər ikisinin “təqiyyə” (özünü gizlətmə, təhlükə olduqda yaxud işin xeyri üçün əqidəsinin əksinə çıxış etmək) təcrübəsini tanımamasıdır. Lakin eyni zamanda zeydilər sünnilikdə geniş yayılmış olan müqəddəslərin təbliğ edilməsinin əleyhinədirlər. Onlar eləcə də sünnilər arasında yayılmış olan sufizmə, təkidünyalığa, ümumiyyətlə guşənişinliyə mənfi münasibət bəsləyir və öz aralarında abidliyə yol vermirlər. Zeydilər bir çox şiə ayinlərinə əməl edirlər, lakin məişətdə isə onlar sünnilərə daha yaxındırlar. Büveyhilər tərəfindən qanuniləşdirilmiş, adət halına salınmış, sonralar Səfəvilər tərəfindən də daha təntənəli şəkilə gətirilmiş Aşura, Məhərrəmlik mərasimlərini zəncir vurmaq, baş yarmaq, ağlaşma və digər xurafatlarla dolu şəkildə keçirilməsinin qəti əleyhinədirlər və qeyd etmirlər. Öz məzhəb İmanları Zeyd bin Əlinin şəhadət gününü belə qeyd etmirlər. Çünki Peyğəmbərin dövründə belə ənənə olmayıb. Sünnilərdə olduğu kimi, onlar da şiələrdə tətbiq edilən qısa müddətli nikahların (mutə, siğə) icra edilməsini qəbuledilməz hesab edirlər. Onlar on iki imama inanan şiələrdən fərqli olaraq (Ömər, Osman, Əbu Bəkr, Aişə və sair) lənət oxumur və nifrət etmirlər, çünki onların fikrincə həmin xəlifələr xilafəti qanunsuz olaraq ələ keçirməyiblər.
Zeydilər öz icmalarının başında Əli tayfasından, Həsən və Hüseynin nəslindən olan hər hansı bir imamın olmasını məsləhət görməklə, ədalətli, imanlı, elmli, cəmiyyət tərəfindən qəbul edilən digərlərinin də rəhbər olma haqqının olduğunu qeyd edirlər. Həm də öz icmalarının imamsız da yaşaya biləcəyinə şübhə etmirlər. Eyni zamanda onların fikrincə bir vaxtda bir neçə imam yaşaya bilər ki, bunların da hər biri öz torpağında, öz dövlətində müstəqil hərəkət edə bilər. On iki imamçı və ismaili şiələrindən fərqi olaraq zeydilər imamlara və ya imam hesab etdikləri simalara ilahi xüsusiyyətlər, qeybi bilmə, xəlq etmə, məsumluq və sair mübaliğəli sifətlər şamil etmirlər. (“Müsəlman təriqətləri” kitabı, səh, 46)

Azərbaycanda ilkin İslam təriqət alimləri silsiləsinə nəzər salarkən şahid oluruq:
Zakir Məmmədov sufiliyin dərinliyinə bələd olan dahilər siyahısından Məhəmməd Bakuvi (? – 1037) haqqında eyni adlı əsərinin 9-cu səhifəsində yazır: “… Abdulla Ənsari (1006-1086), Əbusəd Səmani və başqa müəlliflər yazırlar ki, o, çoxlu hədis və sufiliyə dair hekayətlər toplayan sufi alimlərdən idi. Bu Azərbaycan mütəfəkkiri bəzi mənbələrdə əşərilik kəlami məzhəbinin tərəfdarı sayılır.”

Habelə həmin müəllif eyni adlı əsərində böyük Azərbaycan alimi Əbu Bəkr Əhməd Bərdici (? – 914) haqqında qeyd edir:” Əbu Bəkr Harun oğlu Bərdəi Bərdici görkəmli hədis alimlərindəndir. O, vaxtilə Kür çayı sahilində, Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. Mütəfəkkir Yaxın Şərq ölkələrini gəzmiş, Nişapur, Bağdad və Məkkədə yaşamışdır. Əhməd Bərdici dövrünün məşhur alimlərindən dərs almış və müəllimlik etmişdir.
Əhməd Bərdicinin “Nadir adlar” kitabının əlyazması nüsxələrindən biri Qüdsün Xalidiyyə, digəri Dəməşqin Zahiriyyə kitabxanalarında saxlanılır. ”

Həmçinin Zakir Məmmədov Əbusəid Əhməd Bərdəi (? – 929)adlı başqa bir Azərbaycan İslam alimi haqda hazır:” Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi hüquqşünas və ilahiyyatçı alimdir, Bərdə şəhərində doğulub boya başa çatmışdır. Xətib Bağdadi onun haqda xoş sözlər yazmışdır… Böyük alimin bir çox elmi əsərləri olmuşdur. Alim mənbələrdə hənəfiliyin və mötəzililiyin görkəmli nümayəndəsi kimi səciyyələndirilir. ”

Qeyd etdiyim alimlərin mənsub olduqları məzhəblərdən aydın olur ki, mötəzili etiqadi məzhəbinə etiqad bəsləyən insan fiqhdə, hüquqda hənəfi, zeydi və ya digər hüquq məzhəbinə əməl edə bilər. Habelə əhli sünnətin əsas iki etiqad məzhəbindən olan əşərilik cərəyanına etiqad edən kəs əməldə və hüquqda istədiyi fiqhi məzhəbə tabe ola bilər. İmam Zeydin mötəzili fəlsəfi – kəlami məzhəbinin banisi sayılan Vasil bin Ata ilə Bəsrədə görüşməsi, dost olmaları, hətta bir-birinə tələbə olmaları haqda məlumatlar var. Bu gün müsəlman və türk dövlətlərinin demək olar ki, hamısının əməli məzhəbi olan hənəfi məzhəbinin banisi Əbu Hənifənin İmam Zeydə tələbəlik etməsi, onun mübarizəsinə dəstək olaraq fətva və maddi dəstək verməsi kimi amillər onların necə sıx münasibətdə olduqlarının bariz nümunəsidir.
Təbəristanda, Xəzər dənizinin cənubunda Zeydi dövlətinin İmam Həsənin nəslinin nümayəndələri tərəfindən bərpa olunması yaxın coğrafiya baxımından Azərbaycana da böyük təsir göstərmiş və əhalinin Əhli Beyt məktəbinə tabe olan hissəsi demək olar ki, tamamilə zeydi məzhəbinin qaydalarına uyğun dinə riayət edirdi. Məsələn, təqiyyə, siğə nikahı, Peyğəmbər səhabələrinə söymək, lənət oxumaq, məhərrəmlikdə baş yarmaq, İmamları ilahiləşdirmək və s. kimi inanclar və əməllər yox idi. Gəlinən ümumi qənaət ondan ibarətdir ki, Azərbaycan əhalisi tarixən, Səfəvilərdən əvvəlki dövrdə (Qaraqoyunlular, Ağqoyunlular dövrü) əhli sünnənin əsasən ənənəvi hənəfi, şafii və şiəliyin zeydi mötədil məzhəblərinə etiqad və əməl edib. Səfəvilər dövründə zeydi şiəliyi (bu gün Yəməndə, sonradan yetişdirilən Husilər vasitəsi ilə zeydiləri döndərib imami – cəfəri məzhəbinə qoşduqları kimi) imamiyyə məzhəbi ilə əvəzləndi. Lakin insanlar hələ də öz mötədil, barışdırıcı, vəhdətçi tarixi əqidələrinin abu- havasında qalıblar. Müstəqillik əldə ediləndən sonra xurafatçı cərəyanların təbliğatına yollar açılsa da xalqımız hələ də 30 ilə yaxındır ki, din, məzhəb adı altında təbliğ edilən, əslində xarici ölkələrin siyasətinə bükülü məqsədlərə xidmət edən mövhumat təbliğatının səmimiliyinə inana bilmir.

Təfriqəçilik, uzun əsrlik mübahisə və məzhəb münaqişəsi, xurafat, radikallıq, məzhəb təəssübkeşliyi bu məzhəbdən uzaqdır.

Y. A. Belyayev “Müsəlman təriqətləri” kitabında (səh. 45) yazır:” Zeydilər öz ideologiyalarına görə, digər şiələrə nisbətən sünnilərə daha yaxındırlar. Zeydilər şiələrlə sünnilər arasında orta vəziyyət tutmaqla heç birinə qarşı rəqabət əlaməti göstərmirlər. Onları digər müsəlman təriqətlərindən fərqləndirən də budur… ”

Tarixi mənbələrə görə İmam Zeydin anası Çin ərazisindən olan bir kəniz idi. Onu İmam Hüseynin intiqamını Əməvilərdən alıb Zebeyrilər tərəfindən öldürülən Muxtar Səqəfi İmam Əli Zeynəlabidinə bağışlamışdı. Xanımın Sind mənşəli olduğunu yazırlar. Ümumiyyətlə bəzi fars hədisçilər, ərəb tarixçilər həmişə türk millətinə qarşı həsəd və qısqanclıqla yanaşıblar. Xanımın türk, Uyğur qızı olduğunu gizlətməyə çalışıblar. Doğrudur, İslamda millətçilik təəssübü qadağan edilir. Lakin buna rəğmən biz Əməvilər, Abbasilər xilafəti dövründə başqa millətlərə qarşı ayrı – seçkiliyi açıq görürük.
“Cayda” və ya “Ceyda”, ərəbcə uzun boylu, xoş üzlü qadın anlamındadır. Çox böyük ehtimalla bu ad xanıma sonradan verilmiş addır. Yəni ərəbləşdirilmiş adıdır. Çünki o zamanda türk vilayətlərində və türksoylu xalqlarda hələ ərəb-İslam adları geniş hal almamışdı. Digər tərəfdən, əgər Cayda xanım Çin qızı olsa idi ona uzun boylu, boy-buxunlu anlamına gələn ada verməzdilər. Çinlilər heç də ərəblərdən hündür boylu olmayıblar. Çinlilər ümumiyyətlə qısa boyludur. Qadınları isə daha qısa boyludur. Demək Ceyda xanım ərəblərdən də uca boylu olub ki, ona məhz Ceyda adı veriblər.
Digər mənbəyə görə isə Cayda xanımın adı uzun anlamına gələn “caydaq” sözündəndir. Bu söz hazırda Borçalı, Göyçə camaatı və Azərbaycanın Qərb bölgəsi rayonlarında əhali arasında işlənir. Arıq, uzun, hündür adamlara “uzun caydaq” və ya “caydax” deyirlər. Sind mənşəli olsa belə həmin ərazilərdə də tarixən türk milləti geniş yaşayıb, hakimiyyət sürüb. Türk xatunları hər zaman uca boylu, İmam, Peyğəmbər ailəsinə yaraşan xanımlar olub. Muxtar Səqəfi İmam Zeynəlabidinə hər halda Çinlilərin qısa boylu, cılız bədənli əsir kənizini bağışlamazdı. Odur ki, həm adı, həm də mənsub olduğu ərazi baxımından Cayda xanımın türk – Uyğur mənşəli olduğu qənaətindəyik.
Bu, sonralar İmam Zeydin ərəb və fars millətçilyinin əleyhinə olan hərəkətlərində, onun türklərə xas əməl və davranışlarında da özünü göstərdi. Hətta dövrün Əməvi xəlifəsi Hişam bin Əbdülməlik onunla dialoqunda İmam Zeydə anasının kəniz olduğunu təhqiramiz şəkildə dilə gətirərək onun ərəb xilafətinə rəhbər olmaq imkanı olmadığını vurğulamışdır. İmam Zeyd digər mühüm məsələlərlə yanaşı, xəlifənin məhz onun anasını kəniz adlandıraraq digər millətləri alçaltmasına görə üsyan fikrinə daha da yaxınlaşmışdır. Kəskin etiraz bildirib İbrahim peyğəmbərin arvadı Həcərin də kəniz və başqa millətdən olduğunu əsas gətirərək onun oğlu İsmailin məhz Həcərdən olduğunu qeyd etmiş, xəlifəni susdurmuşdur. Qeyd edək ki, İbrahim peyğəmbər hazırda Türkiyə ərazisində yerləşən Urfa şəhərində doğulub, qədim mənbələrə görə şumer mənşəlidir. İlk həyat yoldaşı Saranın yəhudi, ikinci həyat yoldaşı Həcərin isə həbəş və ya türk mənşəli olduğu fikirləri mövcuddur. Həzrət Məhəmməd peyğəmbərin də məhz İbrahim oğlu İsmailin soyundan və Qüreyş tayfasından olması (hazırda Orta Asiyada “Türeyşilər” var), savaşlarda Türk çadırında oturması, yaxın dostu və eyni tayfadan olan Əbu Bəkrlə bəzən heç kəsin anlamadığı dildə danışması (türk dili) mənbələrdə var. Hətta Məkkə müşrikləri təbliğatının ilk illərində onun çıxıb türk torpaqlarına, ata – baba yurduna getməsi üçün ona işgəncələr verirdilər. Məlumdur ki, peyğəmbər ərəb dilində yazıb oxuya bilmirdi. Amma qılıncının qəbzəsində türk dilində türk nişanları, rəmzləri vardı.

Zülfiqar qılıncı haqda tarixçi alim Əkbər Nəcəf “İnanc yaddaşı” kitabında yazır:

“Zu-fəkar”, yəni “sahib və omurğa” sözlərindən meydana gələn zülfükar qılıncını Mərzuk əs-Sakil adlı bir usta düzəldib. Qılıncın həqiqi sahibi mübahisəlidir. Bir iddiaya görə Məkkədə Bəni Həccacdan Münəbbih ibn Həccac və ya Nəbih ibn Həccaca, başqa bir iddiaya görə isə As ibn Münəbbihə aiddir. Sonuncu iddia doğrudur, çünki Bədir döyüşündə qılınc onun əlində olub.

Zülfükar qılıncı Bədir döyüşündə qənimət olaraq ələ keçirilib və Peyğəmbər həmin qılıncı qənimət olaraq özü üçün gütürüb. Uzunluğu 7 qarış, eni bir qarış idi. Qəbzəsinin ucu gümüşdən, bağında bir həlqəsi olan qılıncın ortasında gümüşdən bəzək olaraq qotaz yer alırdı.

Peyğəmbərimiz qılıncı imam Əliyə Uhud döyüşündən əvvəl verib və bu tarixdən sonra qılınc ona aid olub. Zülfükar adı da iki dilli olduğu üçün qılınca sonradan verilib. Qılınc Əlidən ailəsinə, daha sonra Abbasi və Fatımilərə keçmiş, 11 əsrdə itmişdir.

Ancaq iki dilli qılınclar mənşə etibarı ilə türklərə aiddir. Çünki ilan və ya əjdaha müharibəni simvolizə etdikləri üçün iki dilli qlınc düzəltmə ənənəsi türklərdə olub. Bir digər maraqlı cəhət isə ümumiyyətlə Orta şərqdə və Afrikada qılınc ustaları başqa ölkələrdən gətirilib. Səbəb qılınc haqqında dərin mistik inam idi. İstəyən hər kəs qılınc və ya dəmirçi ola bilməzdi. Uzun əsrlər Afrikada qılınc ustalarına yerli xalqlar qız verməyiblər.

Qeyd: Təbərinin “Tarix”, Bəlazurinin “Ənsab”, İbn Seyidünnasın, Uyunül-əşər, Diyanət İslam Ensiklopediyasında “Zülfikar” maddəsi, Mircea Eliadanın “Dəmirçilər və Simyaçılar” və Zəkəriya Kitapçının bir çox əsərlərində Məkkədəki dəmirçi türk ailələri haqqındakı qeydləri, Türklərdəki varlığı haqqında Emel Esen, “Türk kozmologiyası” kitablarına baxa bilərsiniz.”

Əslində ərəblərin həzrət Məhəmmədi qəbul etməmələrinin, liderliyini həzm edə bilməmələrinin ən dəqiq səbəbi, onun ərəb mənşəli olmaması idi. Faktiki olaraq sonradan İslam xilafətini ələ keçirib ərəb millətçiliyini bərpa edən Əməvilər peyğəmbər soyuna divan tutdular. İmam Hüseyni və nəslini qılıncdan keçirdilər. Həmçinin sonralar İmam Zeydi şəhid etdilər. Məzarından çıxarıb başını kəsib illərlə şəhər darvazasından asılı saxladılar. Bədənini doğrayıb, sonra yandırıb göyə sovurdular. Bu, bir millətin öz millətinə etməsi mümkün olmayan cinayətlərdir.

Quranda ərəblər haqqındakı iradlar qəsdən
bədəvilərə deyilmiş kimi tərcümə olunmuşdur. Əslində Quranda ərəblər bir millət olaraq sərt şəkildə tənqid edilmişdir.

Ənənəvi Quran tərcümələrində bir çox ayədə bədəvilərdən bəhs edilir. Amma əslində bədəvi sözü Quranda bircə Əhzab surəsinin 20-ci ayəsində keçir. Ərəbpərəst tərcüməçilər isə “ərəb” sözü keçən Tövbə 90-97-98-99-101-120, Fəth-11-16, Hucurat-14 ayələri “bədəvi” kimi təhrif ediblər. Quranda işlədilən “ə’rab” sözü ərəb millətini, irqini bütünlüklə ifadə edən sözdür. Bütün məşhur dilçilər, qrammatika mütəxəssisləri də bunu təsdiq edir. “Ə’rab” sözü “ərəb” sözünün cəmidir. Ərəblərə aid olan həmin ayələrdən birini təqdim edirik:

NÜMUNƏ: Tövbə 97.

الأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلاَّ يَعْلَمُواْ حُدُودَ مَا أَنزَلَ اللّهُ عَلَى رَسُولِهِ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

“Əl a’râbu əşəddu kufran və nifâkan və əcdəru əllâ yə’ləmû hudûdə mâ ənzəlallâhu alâ rəsûlihî, vallâhu alîmun hakîm.”

Əsl tərcümə: “Ərəblər küfr və nifaq baxımından daha şiddətlidirlər. Onlar Allahın Öz Elçisinə nazil etdiyi şeylərin sərhədlərini bilməməyə daha meyllidirlər. Allah Biləndir, Qərar verəndir.”

Göründüyü kimi, ayədə “əl ə’rabu” keçməkdədir. İndi ənənəvi təcüməçilərimizin çevirilərinə baxaq:

Vasim Məmmədəliyev – Ziya Bünyadov: “Bədəvilər küfr və nifaq baxımından daha pis (qəliz) və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri (cahillikləri üzündən) bilməməyə (başa düşməməyə) daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”

Əlixan Musayev: “Bədəvilər kafirlik və mü­nafiqlik baxımından daha betər, Allahın Öz El­çisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah Biləndir, Müdrikdir.”

Ağabala Mehdiyev və Dürdanə Cəfərli: “(Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün) bədəvi ərəblərin küfr və nifaqları daha şiddətlidir və onlar Allahın Öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdirlər. Allah bilən və hikmətlidir.”

Nəriman Qasımoğlu: “Bədəvilər daha çox kafirdilər, riyakardılar. Daha çox onlar bilməyir Allahın Öz Rəsuluna göndərdiyinin qoyduğu yasaqları. Hər şeyi biləndir, müdrikdir Allah.”

Nəticə etibarı ilə, tərcümələrini bəzi saxta hədislərlə möhkəmləndirməyə çalışıblar. Çünki, Əməvilərin şovinist səltənəti dövründə qondarılan hədislərdə ərəbçilik toxunulmaz və ərəb dili müqəddəs qələmə verilir. Buna görə də bunlar Allahın yaraşdırdığını ərəblərə yaraşdırmır, Allahın sözünü dəyişdirib təhrif etməklə cəhənnəmi qonarar pulu ilə satın alıblar.
Digər ayələrə də baxdıqda ərəblər haqda Allahın ən doğru qərarı verdiyinin şahidi oluruq. Və bunu ən gözəl şəkildə tarix təsdiq edir. Öz peyğəmbərini daşa basıb dişlərini sındıran, nəvələrini qılınclarla doğrayıb başlarını nizələrə taxıb bayram edən, qadın, qızlarını əsir edən, nəslini – soyunu işgəncələrlə qurudan ərəblər haqda Allahdan savayı ən düzgün qərarı kim verə bilər? Tərcüməni xarab etməklə Allahın qərarını gizlətmək olmaz!

… İmam Zeyd ibn Əli (İmam Hüseynin nəvəsi, İmam Zeynəlabidinin oğlu) xilafətdə peyğəmbər ailəsindən olmayanların da hakimiyyətlərini qanuni saymışdır. Bununla belə o deyirdi ki, xəlifənin əhli-beyt nümayəndələrindən seçilməsi daha yaxşıdır. Xəlifənin qanuniliyini təsdiqləyən əsas şərt onun xalq tərəfindən dəstəklənməsi və ədalət tərəfdarı olmasıdır.

Zeyd ibn Əli imamı, cəfəri şiələrdən fərqli olaraq ilk xəlifələr: Əbu Bəkr və Ömərin hakimiyyətlərini şəriətə uyğun hesab etmiş, amma Əli ibn Əbu Talibin xəlifə kimi Məhəmməd peyğəmbər tərəfindən təyin edilməsini təsdiqləməmişdir. Zeydə görə, Həzrət Əli və Həzrət Fatimənin uşaqları olan Həzrət Həsən və Həzrət Hüseynin nəslindən hər bir ləyaqətli şəxs xəlifə seçilə bilər; bu seçim başqalarının seçilməsindən daha yaxşıdır. Lakin başqa adam seçilsə də, onun hakimiyyəti qanuni olur.

Şiələrin bir qismi əhli-beytin günahsız (məsum) olmasına inanırlar. Lakin Zeydin bunu təsdiq etməsi haqqında heç bir məlumat yoxdur.

Zeyd bin Əli Qiyamət hadisələrindən öncə dünyanı xilas edən “gizli” imamın (qaimin) gəlişi haqqında da heç bir şey söyləməmişdir.

Zeyd İlahi qərarın (bədə) “dəyişməsini” də qəbul etməmişdir. Lakin bu da bir çox şiə qrupları arasında yayılmışdır. Onlar deyirdilər ki, əgər imam eyni şey haqqında fərqli qərar verirdisə, deməli onları ilhamlandıran Allah qərarını “dəyişdirmişdir”.

Zeyd bin Əli böyük günah etmiş müsəlmanların küfrlə iman arasında olduqları fikrini dəstəkləmiş, bununla da mötəzililərin mövqelərinə yaxınlaşmışdır. Amma mötəzililərdən fərqli olaraq o, tövbə etməyən günahkarların əbədi olaraq Cəhənnəmdə qalması inancını qəbul etməmişdir. İlahi tale və insanın iradə azadlığı probleminə gəldikdə, Zeydin fikrincə, hər kəs etdiyi əməllərə görə məsuliyyət daşımalıdır. İnsan isə öz əməllərini Allahın ona verdiyi qüdrət vasitəsə ilə reallaşdırır. Etdiyi yaxşı işləri Allah dəstəkləyir, pisləri isə dəstəkləmir.


Tural İrfan
İlahiyyatçı-yazar, AMEA – nın Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button