GündəmManşet

Azərbaycanın Peyvənd Sertifikatı Avropa Birliyində elektron sistem tərəfindən tanınmır və oxunmur

Vüqar Bayramov: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşmasına və onun Avropa Birliyinin elektron sisteminə inteqrasiyasına ehtiyac var""

2021-ci ilin ilk ayından sonra sərt karantin tədbirləri tətbiq etmədən yoluxma sayında kəskin artımın qarşısının alınması təqdirə layiqdir. Bununla yanaşı, Peyvənd Sertifikatının elektronlaşması və eləcə də onun regional qəbul edilməsi baxımdan təəssüf ki, problemlər qalmaqdadır. Belə ki, Azərbaycanda verilən Peyvənd Sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınmır və oxunmur. Bu isə Peyvənd Sertifikatı olan Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropda qapalı məkanlara daxil olmasını əngəlləyir. Çünki bizim vaksin sənəddə olan QR kodunu Avropada elektron sistem oxuya bilmir. Hətta “Pfizer” peyvəndindən istifadə edən vətəndaşlarımızın da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər.
Ötən həftə İtaliyada səfərdə olan zaman Avropa Birliyinin elektron bazasına inteqrasiya olunmamağın bizim vətəndaşlar üçün yaratdığı texniki problemləri müşahidə etdim. Bu baxımdan, bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşmasına və onun Avropa Birliyinin elektron sisteminə inteqrasiyasına ehtiyac var.
Qeyd edək ki, Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımdan hər hansı əngəl yoxdur. Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar. Yeri gəlmişkən, birliyə üzv dövlətlər ilə yanaşı Avropa İttifaqına daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub. Cənubi Qafqazda yerləşən digər iki ölkə, Türkiyə, Moldova, Ukraniya elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR kodları Avropada tanınır və oxunur. Bizim Peyvənd Sertifikatının QR kodu isə hələ də qədim qitə sərhədlərində tanınmır.

Vüqar Bayramov, millət vəkili

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button