AktualCəmiyyət

Azərbaycan dövləti öz vətəndaşlarına verdiyi üstün dəyəri bütün dünyaya göstərdi

Atalar yaxşı deyib, kədər paylaşdıqca azalır, sevinc paylaşdıqca artır. Bu günlərdə Azərbaycan dövlətinin imza atdığı növbəti diplomatik qələbə sözün əsl mənasında Azərbaycan xalqının hədsiz sevincinə səbəb oldu. Bütün azərbaycanlı ailələri Hüseyn Axundovla Aqşin Bəbirovun timsalında sanki öz oğullarını xilas olmuş kimi qəbul etdilər və onların ailələrinin sevincini bölüşdülər…
Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə olundu.
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəklədi. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid ifadə etdilər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədi.
Siyasi ekspertlər bunu Qafqazda sülhün yaradılması üçün mühim addım hesab edirlər. Çünki regionun iqtisadi inkişafı Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən asılıdır. Sülh olarsa, Orta Dəhliz inkişaf edəcək ki, bu da yeni iş yerləri, ölkələrin iqtisadiyyatının güclənməsi və regionun inkişafı deməkdir. Ümid edirik ki, baş verən xoşniyyətli addımlardan sonra mütləq sülh müqaviləsi imzalanmalıdır. Qafqaz ölkələrinin liderləri elə addım atmalıdırlar ki, regionda mütləq sülh olsun. Erməni xalqı üçün də bu çox vacibdir. Onlar da başa düşməlidirlər ki, başqasının ərazisinə göz dikmək lazım deyil. Təzyiqlərdən canlarını qurtarıb dərindən nəfəs alsınlar.
Bəzi politoloqlar hesab edirlər ki, Ermənistan və Azərbaycan arasında son razılaşmanın həyata keçirilməsində ABŞ diplomatı Obraynın ölkəmizə səfəri zamanı apardığı danışıqların rolu olub. Bu danışıqlarda ABŞ-ın Azərbaycana qarşı təzyiq siyasətindən geri çəkiləcəyi və Ermənistanı Azərbaycanla ikitərəfli danışıqlara başlamaq üçün sövq edəcəyi razılaşdırılıb. Azərbaycan da xoşməramlı və humanitar prinsipləri rəhbər tutaraq sülh müqaviləsi istiqamətində real irəliləyişlər üçün bu razılaşmaya gedib. Ermənistan Azərbaycanın tələbi əsasında ikitərəfli danışıqlara məcbur oldu. Bu, Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik üstünlüyüdür.
Ancaq əlbəttə ki, Azərbaycan dövlətinin bu növbəti diplomatik qələbəsinin mərkəzində Azərbaycan vətəndaşı durur. Əsirlikdən azad olmuş iki hərbçimizin özlərinin və ailələrinin sevincini ifadə etmək üçün söz çatışmır desək, yanılmarıq. Ona görə də bu sevinci ifadə etmək üçün məhz anaların dilindən qopmuş sözlər üstün tutulmalıdır. Hüseynin anası Şəlalə Axundova oğlunun erməni əsirliyindən azad ediləcəyi xəbərini eşidəndə sevincindən elə qışqırıb ki, qonşular səsinə gəliblər: “Elə bilmişdilər ki, oğlumdan bəd xəbər almışıq. Çünki bir gün əvvəl Hüseynin ömürlük həbs cəzasına məhkum olunması xəbərini eşitmişdik. Həqiqətən həmin gün ölümdən qayıtdım… Qızım gəldi, qapıdan girəndə dedi, ay ana, belə xəbər yayılıb. Mən sevincimdən qışqırdım, neyniyəcəyimi bilmədim. Ümumiyyətlə, səkkiz ayda ilk dəfə belə hisslər keçirdim. Oğlumun ömürlük həbs xəbərini alandan sonra bu xəbər mənə qeyri-adi gəldi. Cənab Prezidentimiz mənə, biz valideynlərə elə gözəl hiss yaşatdı ki… Oğlumun erməni əsirliyindən qurtarılması bizim üçün sürpriz oldu. Arxayın idim ki, cənab Prezidentimiz heç vaxt nə mənim övladımı, nə də Aqşini erməni əsirliyində buraxmaz. Bizim oğullarımızı qaytaracaq. Aqşinin anası ilə daim danışırdıq. Bir-birimizə təsəlli veridik. Sağ olsun Prezidentimiz, bizi bu iztirabdan qurtardı”.
Qardaşı əsir düşəndən sonra Qırmızı Xaç Komitəsinin nümayəndələri vasitəsilə danışdıqlarını bildirən bacısı Mətanət də qeyd edib ki, Hüseynin geri qaytarılacağına hər zaman inanıb: “Dünən xəstəxanada idim, yoldaşım əməliyyat olmuşdu. Kefimiz də yox idi. Yaxın rəfiqəm zəng elədi ki, belə bir xəbər eşitmişəm. İnanmadım. Axşam saat 9-10 arası olardı. Sonra teleqramda, mətbuatda oxudum. Sevincimdən tez taksiyə minib evə gəldim. Anam sevindiyindən bir yerdə dayana bilmirdi, güclə sakitləşdirdik. Sağ olsun Prezidentimiz, bizə bu sevinci yaşatdı. Həm ağlayırıq, həm sevinirik, qarışıq hisslərdir. Sevincimizin həddi-hüdudu yoxdur”.
Aqşin Bəbirovun anası Dürdanə Bəbirova sevinc hisslərini paylaşıb: “Yazın ki, ölü dirilib. Ölmüşdüm, bu gün dirilmişəm. Nə yerdəyəm, nə də göydə. Dünyaya yenidən gəlmişik. Övladlarımızı dünyaya yenidən gətirmişik. Cənab Prezident bizə Yeni il sürprizi etdi. Aqşin bizim Yeni il hədiyyəmizdir. Elə bir hədiyyədir ki, heç nə ilə əvəz olunmur. Hüeynlə Aqşinin gəldiyi yollara qurban olum. Sevinclə döyünən ürəklərinə qurban olum. Cənab Prezidentin qarşısında baş əyirəm. Əlindən öpürəm. Sonsuz təşəkkür edirəm. Sağlamlığımız tükənsə də, hər günümüz 8 ay acılar içində keçsə də, bu gün acımız şirinə döndü”.
Sosial şəbəkələri izləyəndə insanların bu hadisəyə münasibətini ifadə edən müxtəlif fikirləri görmək olur. Qürurla yazırlar ki, Azərbaycan dövləti, onun başçısı cənab İlham Əliyev bir Azərbaycan vətəndaşını on beş Ermənistan vətəndaşına bərabər tutur. Əlbəttə, belə müqayisə siyasi müstəvidə düzgün olmasa da, həqiqət payından da məhrum deyildir. Azərbaycan hərbçisi döyüş meydanında bacarığına görə erməni hərbçisini qat-qat üstələdiyi kimi, Azərbaycan dövləti də vətəndaşına verdiyi yüksək dəyəri bütün dünyaya göstərdi. Xalq da Hüseynlə Aqşinin Vətənə dönüşü, azadlığa qovuşması üçün gərəkən hər işi görən Prezidentini alqışladı.
Aqşinlə Hüseynin ailələrinə, onların timsalında xalqımıza gözaydınlığı veririk. Təxmin edirik ki, Ermənistana təhvil verilmiş erməni hərbçilər də bir daha sərhədimizi tapdalamağa cəsarət etməzlər. Qətiyyətlə deyirik ki, əsir düşmüş adi erməni hərbçilərdən fərqli olaraq, dinc azərbaycanlılara işgəncələr verən, qətlə yetirən şəxslərin kimliyindən asılı olmayaraq mütləq cəzası verilməlidir.

İsrafil Şükürov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button