İqtisadiyyatÖlkə

“Dollarla götürülmüş problemli kreditlər hələdə öz həllini tam şəkildə tapmayıb”-HÜQUQŞÜNAS

“Pandemiyaya görə ölkəmizdə tətbiq edilmiş karantin qaydalarının yumşaldılmasından sonra Məhkəmə orqanları fəaliyyətini bərpa edib. 2015-ci il məlum manatın devalvasiyasından sonra, dollarla olan kreditlərin və ümumiyyətlə kreditlərlə bağlı məhkəmə predmetinə çevrilmiş problemlər hələdə öz həllini tam şəkildə tapmayıb.

Təbii ki, məhkəmə orqanları mülki qanunvericiliyin tələblərinə uyğun olaraq dollarlarla bağlı kreditlərin məhkəmə predmetinə çevrilmiş çox hissəsinə prosessual qaydalara uyğun davam etdirmək məcburiyyətində qalıb. Daha doğrusu məsələnin qanun çərçivəsində həll edilməməsi Məhkəmə, icra və probasiya orqanlarını məcbur edir ki, mövcud qanunvericiliyə uyğun olaraq dollarla bağlı mülki işləri prosessual qaydada davam etdirsinlər.”

Vüqar Dadaşov
Hüquqşünas
Bildiyimiz kimi, 28.02.2019-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 551 saylı Fərman imzalamışdır. Bu Fərman 10000 (on min) ABŞ dolları və 17000 (on yeddi min) manat miqdarında olan kreditləri əhatə edib və həmin kreditlərlə bağlı problemlər öz həllini tapıb.

Onu da qeyd edim ki, müəyyən banklar 551 saylı Fərmanın icrasında müəyyən süni tələblərlə Fərmanın icrasından yayınmağa cəhd edirlər. Belə ki, banklar həmin Fərmanın təsir dairəsinə düşmüş vətəndaşlarla banklar arasında yeni müqavilənin bağlanma müddətini guya, 2019-cu ilin sonuna qədər imzalanmalı olduğunu göstərməklə, yeni müqavilə bağlamaqdan imtina edirlər. Banklardan, digər daha çox rast gəlinən əsasız tələb isə guya, həmin 551 saylı Fərmanın təsir dairəsində düşmüş müştəri bankla yeni müqaviləni 2019-cu ilin sonuna kimi imzalamayıbsa, həmin kredit borcu, həmin Fərmandan əvvəlki dövründəki miqdarında və dərhal ödənilməlidir. Hal-hazırda da Məhkəmələrdə müştərilərin banklara qarşı yeni kredit müqaviləsinin bağlanmasına dair iddia tələblərin sayı artmaqdadır.

2015-ci ilin məlum manatın devalvasiyasından sonra, 10000 (on min) ABŞ dolları və 17000
(on yeddi min) manat miqdarından yuxarı problemli kreditlərin həlli isə hələdə açıqdır.
Məlumdur ki, əksər belə problemli kreditlər ipoteka, daşınmaz əmlakın girovu ilə bağlı kredit müqavilələridir. Qısa desək, vətəndaşlar konkret olaraq yaşayış sahələrini girov qoymaqla dollarla kredit əldə ediblər daha doğrusu, banklar müştərilərə özlərinin tərtib etdiyi kredit müqaviləsi üzrə manatla deyil, dollarla kredit müqaviləsinə imza atdırıblar. Məlum devalvasiyadan sonra həm yaşayış sahələri xeyli ucuzlaşmış həmdə, müştərinin bank qarşısında borcu isə dəfələrlə artmışdır. Girovlar da belə kreditin təminatı kimi, yaranmış borcum heç yarısını belə ödəmək iqtidarında deyil. Yəni, devalvasiya nəticəsində manatın dollar qarşısında kəskin dəyərdən düşməsi kredit borcu olanları yaşayış yerlərindən məhrum edir, küçəyə atır və üstəlik vətəndaşın banka borcu da qalır. Hələ 2016-cı ilin əvvəlindən başlayaraq banklar fiziki şəxslərə qarşı 600 mindən çox mülki iddia qaldırmışdılar.

Ümidlər isə Konstitusiya məhkəməsinə idi. Bakı Apelyasiya Məhkəməsi Mülki Məcəllənin 422-ci maddəsinin şərhi üçün Konstitusiya Məhkəməsinə müraciət etdi. Qeyd edək ki, Mülki Məcəllənin 422-ci maddəsinin əsas hissəsinə göstərilmişdir:
Maddə 422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi
422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

Mülki Məcəllənin 422-ci maddəsini şərh edən Konstitusiya Məhkəməsi aşağıdakı qərarı verib:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.”

Sözün düzü Konstitusiya Məhkəməsinin qərarı şok effekti verdi. Bu qərarın hüquqi baxımdan əsasız və ədalətsiz olduğu haqqında həddin artıq şəxslər, mütəxəssislər, hüquqşünaslar fikir bildirdilər. Konstitusiya Məhkəməsinin bu qərarı hüquq normalarının təhrifi idi. Yeri gəlmişkən, həmin qərara elə Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov xüsusi rəyi ilə də etiraz etmişdi.

Ancaq, Konstitusiya Məhkəməsi öz anlaşılmaz qərarı ilə bank sahibləri oliqarx məmur və bankirlərin əsasız varlanmasına, devalvasiyanın qurbanlarının daha da soyulmasına, evsiz-eşiksiz qalmasına, küçələrə atılmasına “qanuni” əsas yaratdı. Bu da təbii ki, vətəndaşların dövlətimizə inamına mənfi təsir edən amilə çevrilib. Sözsüz ki, Konstitusiya Məhkəməsinin məlum qərarı hüquqa əsaslanmır.

Yaxşı, devalvasiya nəticəsində 0.78 qəpik dəyərində olan öhdəliyin 1.70 qəpik dəyərinə qədər qalxması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deyilsə-bəs nədir?

Əlavə bir məqam, kimin necə traxtovat etməsindən aşlı olmayaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439-cu maddəsindən qənaət budur: Azərbaycan Respublikası ərazisində pul öhdəliyi manatla ifadə edilməlidir.
Suallar çoxdur: niyə kreditlər dollarla verilib?, niyə müştəri yüksək riskli öhdəliklərə oturdulub?, niyə gəliri olmayan şəxsə yeganə yaşayış yeri müqabilində yüksək riskli xarici valyuta ilə kredit verilir?
Ölkə qanunvericiliyi qeyd edilən məqamları tənzimləyir, banklar isə qanunun normalarını
görməzlikdən gəlir.

Hətta banklar tabe olduqları Milli Bankın qaydalarına əməl etməyiblər.
Həmin ipoteka, girovlu kredit müqavilələri Milli Bankın “Kreditlərin verilməsi qaydaları”na belə ziddir belə ki, həmin qaydalara əsasən bank borclunun gəlirlərini təsdiq edən sənəd əsasında kredit verməlidir. Yəni, həmin sənəd əsasında bank yoxlamalıdır ki, borclu krediti banka qaytara bilər ya yox. Daha, bank vətəndaşın yaşayış yerini riskə atan kredit müqaviləsinə sürükləməməli idi, Bank vətəndaşın mənzilinə tələ qurmamalıdır…

Ancaq, belə anlaşılmaz, hüquqa zidd qərar qəbul edən, müqavilə imzalatdıranlar hörmətli yoldaşlar bilməlidir ki, Konstitusiyamıza görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır və Azərbaycan dövlətinin ali məqsədi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir.

Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizin Ali qanunu Konstantinamızdır. Cənab Prezidentimiz isə Konstantinamızın qarantıdır. Ümid həmişəki kimi, arxalandığımız Cənab Prezidentimiz İlham Əliyevədir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button