Ədəbiyyat

VÜQAR ƏHMƏDİN SATİRİK YARADICILIĞI

Satiranı yaradan, formalaşdıran və inkişafına münbit şərait yaradan cəmiyyətdir. Buna görə də satira ictimai hadisədir. Onun əsas məramı oxucunu güldürmək deyil, düşündürmək və nəticə çıxarmaqdır. Satira çoxçalarlığına, ifadə formasına görə böyük inkişaf yolu keçsə də, onun əsas hədəfləri, məqsədi və məramı o qədər də deformasiyaya uğramır, öz orijinallığını və poetik struktur əlamətlərini qoruyub saxlaya bilir. Satirik sənətkarlar tənqid obyektinə çevrilmiş bir hadisəyə və yaxud mənfi personajlara gülərkən alt qatda gizlənmiş səbəbləri görüb duymağı, hədəf seçməyi bacardığı zaman istədiyinə nail ola bilər.

Satirada yersiz, boş və məntiqsiz gülüş deyil, dərin fikir və məna yükü, düşündürmə və nəticə çıxarma gücü aparıcı olmalıdır. Bu gülüş satirik sənətkarın məqsəd və məramını gizlədib pərdələməyə deyil, onun təsir dairəsinin daha da kəsərli və əhəmiyyətli olmasına təkan verən, stimul yaradan bir gülüş olmalıdır. Satiradakı gülüş estetik mahiyyətindən, funksiyasından uzaqlaşaraq tənqid hədəfi seçdiyi mənfi personaja qarşı işlədilən kəsərli bir silaha, neştərə çevrilməlidir. Satira yaradıcısının gücü, qüdrəti bu neştərləri ən dərin qatlara qədər endirməyə müvəffəq olmasındadır. Əsl sənətkarlıq ilk baxışdan hamının görə biləcəyi nöqsanları deyil, daha böyük mətləbləri, taleyüklü məsələləri, alt qatda gizlənmiş neqativ halları görüb, duyub dərk edərək orijinal və diqqətçəkən bir tərzdə oxucuya çatdırmaqdadır.

Doğrudan da, əsrlərcə cəmiyyətdə kök salmış problemlərin aradan qaldırılmasında satiranın müstəsna rolu vardır. Məhz bu problemlərin çözülməsi çağdaş dövrdə də satiranın zəruriliyini gündəmə gətirir. Bir həqiqəti də inkar etməz olmaz ki, zəmanənin satiraya ehtiyacı duyulsa da, hazırkı mərhələdə satirik əsərlər çox yazılmır və yaxud da yazılır, ancaq mətbuat orqanlarında lazımınca yer ala bilmir. Bununla belə, demək olmaz ki, çağdaş ədəbiyyatımızda satira yoxdur. Əlbəttə, xeyli sayda var və bu, özünü ayrı-ayrı şair və yazıçıların dərc edilmiş əsərlərinin xronikasında da göstərir. Bu baxımdan Vüqar Əhmədin yaradıcılığı da diqqəti cəlb edir. Azərbaycan oxucularının istedadlı şair kimi şeirlərini sevə-sevə oxuduqları Vüqar Əhmədin yaradıcılığında onun satirik üslubda qələmə aldığı hekayə və pyesləri xüsusi yer tutur.

2019-cu ildə Vüqar Əhmədin birpərdəli “Dil pəhləvanı” (Moderator.az, 25 oktyabr, 2019) satirik pyesi çap olunmuşdur. Əsər ilk dəfə Tehranda nəşr edilən “Xudafərin” jurnalında işıq üzü görmüşdür. Çox aktual bir problemə- Qarabağ mövzusuna həsr olunan əsərdə iki obraz – Arvad və Kişi daha dinamik surət kimi təsvir edilmiş və hadisələrin əsas iştirakçılarına çevrilmişlər.

Dramın kompozisiyası, süjet xətti iki şəxsin dialoqu üzərində qurulub. Hadisələrin mərkəzində Qarabağ uğrunda döyüşlərə getməkdən boyun qaçıran kişinin- Dil pəhləvanının ifşası dayanır. Əsərin əvvəlində özünü qəhrəman, cəsur, igid, vətənpərvər kimi göstərən bu satirik obrazın bütün qəhrəmanlıqları elə sözdədir. Arvadın “ermənilər sarı köpəklərin köməyi ilə Qəcəristanı (şərti addır- G.B.) da aldılar” xəbəri hər bir azərbaycanlıya sarsıdıcı zərbə, ağır ittiham aktı kimi səslənir. Bu xəbəri ilk baxışdan narahatlıqla qarşılayan Kişi mən orda olsaydım avtomatla onların hamısını öldürərdim, “yüzünü birdən gəbərdərdim”- deyərək bu qorxaq və aciz şəxs özünü öyür, arvadına qəhrəman, vətənpərvər, millət, xalq, torpaq təəssübkeşi kimi təqdim edir. Hətta arvadı ilə söhbət əsnasında “ermənilər nə zibildi ki, onlara bizimkilərin gücü çatmayıb”- deyərək vətən uğrunda canını qurban verən şəhidlərin qəhrəmanlığına da şübhə ilə yanaşır. Sanki bu Dil pəhləvanı döyüş bölgəsində olsa mənfur ermənilərin hamısını qırıb məhv edəcək və torpaqlarımızdan qovub çıxaracaqmış. Əlbəttə, bu bütün azərbaycanlıların və türk dünyasının istəyi, ən böyük arzusudur. Bəs əsl reallıq necədir? Dil pəhləvanında bu cürət, milli təəssübkeşlik hissi, vicdanının səsinə qulaq asaraq doğma Qarabağımızı erməni mənfurlarının caynağından xilas etmək qüdrəti varmı? Yazıçı süjet xətti boyunca bu suallara cavab axtarır. Çox təəssüf ki, bu müqəddəs torpağımızın azad edilməsi məqamı gəlib çatdıqda o, qorxaqcasına cəbhəyə getməkdən boyun qaçırır. Baxmayaraq ki, əvvəlcə sinəsinə döyüb “Ax, bircə getsəydim ora, igidliklə vuruşub, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülərdim” deməklə riyakarlıq pərdəsi altında əsl xislətini, qorxaqlığını gizlədir.

Təəssüf ki, Qarabağda şiddətli döyüşlər getdiyi, xalqımızın ölüm-dirim savaşı ilə üz-üzə dayandığı o ağır sınaq dövründə bu əsərin mənfi personajı kimi “mən salim olum…” prinsipi ilə yaşayanlar, orda-burda gizlənərək mənəvi ucalığa yüksələ bilməyən fərarilər də olmuşdur. Belələrinin bu torpaq üzərində gəzməyə, onun havasını udub, suyunu içməyə belə haqqı yoxdur. Yazıçı əsər boyunca bu satirik tipin xarakterindəki mənfilikləri, daxili puçluğu, cılızlığı elə onun öz dili ilə açıb göstərir, tənqid hədəfinə çevirir və oxucunun ağır ittihamı ilə üz-üzə qoyur. Hətta arvadı deyəndə ki, səni tutub saxlayan var? Get vuruş, milli qəhrəman da ol”. O isə artıq yaşının 45-i ötdüyünü söyləyərək özünə haqq qazandırmağa çalışır. Dil pəhləvanının daxili aləminin çürüklüyü, mənəvi kasadlığı hadisələrin sonrakı inkişafında, xüsusilə əsgərin ona “sizi hərbi komissarlığa çağırırlar” xəbərdarlığından sonra aşkara çıxır və ikrah hissi doğurur. Bayaqdan qəhrəmanlıqdan dəm vuran bu qorxaq insan çağırış xəbərini eşidərkən tir-tir əsir. O, əsgərə gah yaşının çox olduğunu, gah gözlərinin zəif gördüyünü, gah da “niqodnu”luğunu bəhanə gətirərək kağıza imza atmaqdan imtina edir. Dil pəhləvanının əsgərə cavabında yazıçı obrazın bütün daxili eybəcərliyini, mənəviyyatsızlığını açıb göstərir: “Niyə mən qol çəkməliyəm? Niyə mən getməliyəm? Niyə bu minlərlə avaralanan, siqaret satan, çayxanalarda veyillənən nər kimi cavanları aparmırlar, mənim kimi qoca, xəstə, kor, şikəst bir adamı aparmaq istəyirlər?”. Əsərdə arvadının kəskin ittihamları, sərt tənqidləri ilə rastlaşan bu mənfi tipi islah etmək mümkün olmur. O, yanlış mövqeyindən, özünün subyektiv, bəsit düşüncələrindən əl çəkmir. Şəxsi mənafeyini xalqın, vətənin mənafeyindən üstün tutaraq mənfur əməllərinə haqq qazandırmağa çalışır. Təbii ki, yazıçı bu obrazı yaradarkən təəssüf ki, cəmiyyətimizdə hələ də belə insanların mövcudluğunu nəzərdən qaçırmamış, onu tənqid hədəfinə çevirmişdir.

Əsərdə Dil pəhləvanı ilə əks qütbdə dayanan qadın obrazı mərdliyi, cəsarəti, vətənpərvərliyi, doğruluğu və obyektivliyi ilə diqqəti cəlb edir. Kişi çağırışdan imtina edərkən qadın “Vaxsey, biabır olduq, bu lap dovşan ürəkliymiş ki. Amma danışanda elə bil bir dənə pələngdir” – deyərək onun yerinə xəcalət çəkir.

Əsgərin kişiyə söylədiyi “Sizin kimisi müharibəyə getməkdənsə, evdə otursa məsləhətdir. Yoxsa düşmənin qabağından qaçarsınız, bütün dünyada biabır olarıq” – fikri obrazın xarakterindəki ən satirik məqamları, daxili eybəcərlikləri üzə çıxaran ifşaedici situasiya kimi yazıçının məqsəd və məramını açıqlayır.

Əsər novellavari bir sonluqla tamamlanır. Məlum olur ki, hərbi komissarlığın çağırışı Dil pəhləvanına deyil, onun qonşusu Nazimə gəlib. Təəccüb doğuran məqamlardan biri də budur ki, Nazimin ayağı protezdir. Arvadı qonşunun cəbhəyə getməsinə etiraz edərkən Dil pəhləvanı deyir: “Bir qıçı yoxdur, amma nə olar, protezi var da. Bir də avtomatı əlləri ilə götürəcək də?” Doğrudan da, “insanı heyrətə gətirən bu cavab əsərin kulminasiya zirvəsi və sarkazma yüksələn sarsıdıcı bir zərbə kimi səslənir.

Əsərin uğurlu, müvəffəqiyyətli bədii həlli hər bir azərbaycanlıya böyük ibrət dərsi verir, yurd və vətən naminə birliyə səsləniş təlqin edir.

Vüqar Əhmədin “Plyus bədii yaradıcılıq” ədəbi almanaxında dərc edilən “Təzə zibil” və “Aktyorun dəfni” hekayələri də satirik üslubda qələmə alınmışdır. “Təzə zibil” hekayəsində iki fərqli obraz- ata və oğul bir-birilə qarşılaşdırılır. Xanbala taleyin həyatın dibinə enməyə məhkum etdiyi kasıb, yoxsul, yaşayışını zibillikdən tapdığı əşyaları satmaqla dolandıran, eyni zamanda məhdud dünyagörüşlü, savadsız bir obraz kimi təqdim olunur. Oğlu Orxan isə oxuduğu texniki peşə məktəbində təhsilini yarımçıq qoyan və bundan peşmançılıq hissi keçirən zavallı bir gəncdir. O, atasına xoşu gəlmədiyi bu işdə kömək edir. Lakin bir təsadüf nəticəsində keçmiş müəllim və sinif yoldaşları ilə zibillikdə rastlaşması onun həyatının ən dəhşətli səhnəsi kimi təsvir edilir. Rza müəllimin və dostlarının orada olmasına məhəl qoymayan Xanbalanın “Adə, Orxan, bura gəl, təzə zibil. Təzə zibil” sözləri Orxanı alçaldır, mənən məhv edir. Xəcalət çəkən Orxanın hıçqırıqları müəllimində və sinif yoldaşlarında acı təəssüf hissi doğurur və oradan uzaqlaşırlar. Çıxılmaz situasiya ilə üzləşən oğulla zibillikdə əşya axtarışında olan atanın qarşılaşdırılması cəmiyyətdəki təzadlı məqamları, iqtisadi, sosial problemlərin mövcudluğunu, maddi sıxıntıları göstərən real, acınacaqlı səhnələrdir.

Yazıçı yüksək sarkazmla hələ də bu cür həyat tərzi keçirən insanların faciəli taleyini lakonik, yığcam satirik hekayədə ustalıqla aça bilmişdir. O göstərmişdir ki, kimisinə xoşbəxt, firavan bir həyat vəd edən cəmiyyət kimisinə də ölümdən betər cəhənnəm əzabı yaşadır.

Hekayə təsirli bir sonluqla bitir: “Gecə yarısı Orxanın anası rayon mərkəzindən təcili yardım çağırmalı oldu. Orxanın halı pis idi. Qırx dərəcə qızdırma içində “- Mən zibil yığmıram, mən zibil yığmıram”- deyə sayıqlayırdı. Xanbala isə halsız dilləndi- “ax, təzə zibil, təzə zibil…”

Hekayədə Mirzə Cəlil və Ə.Haqverdiyev nəsri üçün xarakterik olan dil və ifadə tərzi,assosiativ üslub və sonluq yazıçının mollanəsrəddinçilərin satirik bədii nəsrindən təsirləndiyini təsdiqləyir.adalet.az

Gülbəniz Babayeva,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button