Siyasət

Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir-TƏHLİL

Tarixin müxtəlif dövrlərində mövcud olmuş türk dövlətlərinin coğrafiyası, sərhədləri müxtəlif olmuş və onlar arasında iqtisadi, mədəni əlaqələr güclü olmamışdır. XXI əsrdə isə bu vəziyyət tamamilə dəyişmişdir. Bildiyimiz kimi müasir dövrdə dünyada bir çox türk dövlətləri mövcuddur. Bu dövlətlərin iqtisadi imkanları, yerləşdikləri strateji-coğrafi mövqe bir-birindən fərqlənsə də onları birləşdirən ortaq dəyərlər vardır. Bu dəyərlərə etnlik kökün eyni olmasını, oxşar və yaxın mədəniyyətlərin mövcud olmasını misal göstərə bilərik.

Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 30 il ərzində erməni işğalında qalan ərazilərimizi işğaldan azad etməsi və beləliklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi regionda yeni reallıqların yaranmasına səbəb oldu. Tarixi Azərbaycan torpağı olan Zəngəzur vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə bir başa quru əlaqəsinin yaradılması isə türk dünyasının coğrafi birləşməsi istiqamətində mühüm bir addımdır.

Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması ilə nəticələnmişdi. Ancaq Azərbaycan yeni reallıqlar yaratdı və beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

Prezident İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.

Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirib ki, “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.

Artıq tarixi ədalət bərpa edilib. Azərbaycan haqq savaşından qalib çıxıb və tarixi ədaləti öz gücü hesabına bərpa edib. Düşmən tamamilə məhv edilib. 30 illik erməni mifi aradan qalxıb. Ermənistan regionda yaranan yeni reallıqlar ilə razılaşmalıdır əks halda inkişafdan geri qalacaq. Ermənistan revanş arzusu ilə yaşasa yaxın gələcəkdə bir dövlət kimi tamamilə dağılacaq və tarixin səhnəsindən bir dəfəlik çəkiləcək.

Anar Salehoğlu (Qarayev)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button