BannerÖlkə

Xalqın sevgisini və inamını qazanan Müzəffər Lider

“Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verdi, görülən işlərə səs verdi. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verdi. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”un seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.”

11 aprel 2018-ci il prezident seçkilərində xalqın 86,02 faizinin səsini qazanaraq Prezident seçilən Yeni Azərbaycan Partiyasının Sədri cənab  İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər seçki kampaniyasının demokratikliyinin, şəffaflığının aydın mənzərəsini yaratmaqla yanaşı, xalqımızın inkişafa, tərəqqiyə yol açan, uğurların davamlılığını təmin edən Heydər Əliyev siyasətinə səs verdiyini və Azərbaycanın gələcəyini bu yolun uğurlu davamında gördüyünü təsdiqləyir. Cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə andiçmə mərasimində bildirib ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidi. Son 18 ildən artıq dövr ərzində  dövlət başçısının  2008, 2013 və 2018-ci il prezident seçkilərində qələbəsini yenidən təkrarlaması, xalqın böyük əksəriyyətinin səsini qazanması hər bir vədini konkret əməli işdə təsdiqləməsinə, dövrün tələblərinə uyğun olaraq təkmil islahatlar nəticəsində Azərbaycanın inkişaf modelinin dünyaya nümunə göstərilməsinə əsaslanır.

Azərbaycanı bu gün necə görürük? Müstəqil müasir Azərbaycana beynəlxalq baxış hansı səviyyədədir? Tarixi Zəfər ölkəmizin qarşısında hansı perspektivləri açıb? Bu kimi çoxsaylı suallar ətrafında fikirlərimizi şərh edərək, keçilən yola bir daha nəzər salaq.

Nəzərə alsaq ki, seçkilərin nəticələri  ölkədə mövcud ab-havanın göstəricisidir, bu halda  sabitliyin, Xalq-Prezident birliyinin, həmrəyliyinin  yüksək səviyyədə olduğunu böyük inamla qeyd edə bilərik.  Sabitlik digər sahələrdə mühüm addımların atılmasına geniş imkanlar açır. Ümumilikdə son 18 ildən artıq dövr Azərbaycanın həyatında iqtisadi inkişaf dövrü kimi xarakterizə olunur. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirərək iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasına çağırışlar etməsi, “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək vətəndaş amilinin dövlət siyasətinin əsasında saxlaması və digər mühüm addımlar ölkəmizin iqtisadi gücünün artırılmasında əhəmiyyətli rol oynayır. Enerji sektorunda da bugünümüz və gələcəyimiz üçün əsas amillərdən olan siyasi müstəqilliyimizin möhkəmləndirilməsi üçün mühüm uğurlar əldə edilib. Təkcə son prezident seçkilərindən sonrakı dövrə nəzər yetirək. 2018-ci ilin mayında çoxtərəfli inkişafın başlanğıc nöqtəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, iyun ayında əsas tərkib hissəsi olan TANAP və 2020-ci ilin dekabr ayının 31-də TAP istifadəyə verildi.

Neft siyasətinin məntiqi davamı kimi qəbul edilən qeyri-neft sektorunun inkişafının prioritetliyini nəzərə alsaq bu məqsədlə regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə qəbul edilən Dövlət proqramlarının uğurla icra edilməsi əldə olunan sosial-iqtisadi göstəricilərdə özünü qabarıq şəkildə büruzə verir. Sayca dördüncü olan  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi və uğurla icra edilir. Bir məqamı xüsusi qeyd etməliyik ki, 2019-cu ilin sonlarından planeti koronovirus infeksiyasının cənginə alması dünya dövlətlərinin iqtisadiyyatında durğunluğun yaşanması ilə müşayiət olunur. Azərbaycanda tamamilə fərqli  mənzərə diqqəti çəkdi. Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirləri, irəli sürdüyü təşəbbüsləri ilə təqdir olunan Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu hədəflərə uyğun olaraq iqtisadi islahatları daha da dərinləşdirdi, heç bir sosial layihə təxirə salınmadı. İnsanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi imkanlarımızın artırılması da prioritet məsələ kimi öndə dayandı. Azərbaycan  COVİD-19-la mübarizə tədbirləri zamanı 30-dan artıq ölkəyə  maliyyə və humanitar yardım göstərib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü maliyyə töhfəsi edib. Bu addımlar da Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini həyata keçirdiyi vaxtlarda, eyni zamanda, 2020-ci il 27 sentyabr tarixindən 44 gün davam edən Vətən Müharibəsini yaşadı. Ermənistan silahlı qüvvələrinin ərazilərimizi müxtəlif istiqamətlərdən atəşə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu,  Azərbaycan ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə məğrur ordumuz qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı sarsıdıcı cavab tədbirləri həyata keçirdi, bütün istiqamətlərdən əks-hücuma keçərək düşmən mövqelərinə ağır zərbələr endirərək tarixi Zəfərə imza atdı. Şanlı Qələbəmiz ümumilikdə Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatı oldu. 44 gündə 30 ilin işğalına son qoymaq Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi oldu. Ölkəmiz bu illər ərzində münaqişənin sülh danışıqları əsasında həllinə səy göstərməklə yanaşı, hərb variantını da istisna etməyərək iqtisadi gücünü artırdı, ordunun maddi-texniki bazasını möhkəmləndirdi, döyüş ruhunu artırdı, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini əsas  məsələ kimi qarşıya qoydu. Məhz bu amillərin-dövlətin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında sıx birliyinin, torpaq, Vətən sevgisinin vəhdəti sayəsində torpaqlarımız öz tarixi sahibinə qovuşdu.

Bu illər ərzində Azərbaycanın xarici siyasət uğurları da davamlılığı ilə diqqət çəkdi. Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı göz önündədir. Postmünaqişə dövrünün reallıqları Azərbaycanın qalib ölkə kimi diktə edən tərəf roluna bir daha işıq salır. Hazırda ölkə və dünya mətbuatında əsas müzakirə mövzusu olan Brüssel sülh gündəliyi də Azərbaycanın diplomatik uğurudur.  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin iki dəfə görüşünün keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Aprelin 6-da keçirilən üçtərəfli Brüssel görüşündə qəbul olunan sənəddə Azərbaycanın mövqeyini əks etdirən bütün məqamlar yer alıb. Ədaləti və beynəlxalq hüququ əsas tutan Azərbaycanın diplomatik uğuru qaçılmazdır. O da məlumdur ki,   2019-cu ildə Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dövlət başçısı İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı  bir ildən sonra Vətən müharibəsinin rəmzinə çevrildi və reallıqda əksini tapdığı dünyaya nümayiş olundu.

Azərbaycan hazırda yaşadığı inkişaf mərhələsi  ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə keçirilən andiçmə mərasimində  gələcəklə bağlı söylədiyi  “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” tezisinin reallığa çevrildiyini təsdiqləyir. Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq yalnız işğaldan azad edilmiş ərazilərimizin deyil, bütün regionlarımızın sosial-iqtisadi inkişafının əsas olduğunu, vətəndaş məmnunluğunun artırılması üçün mühüm addımların atıldığını görərik. Təkcə bir faktı qeyd etmək kifayətdir. 2021-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin bölgələrə 47 səfəri olub. 32 səfər işğaldan azad edilmiş ərazilərədir. Bu torpaqlarda bərpa və quruculuq işlərini aparmaq, yurtdaşlarımızın Böyük Qayıdışını həyata keçirmək üçün səylər göstərilir. Qısa zamanda görülən işlərin ölçüyəgəlməz miqyası da Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir.  Bütün işlər Azərbaycanın öz daxili imkanları hesabına görülür.  Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı vaxtdan səsləndirdiyi çağırışlardan biri də “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” oldu. Son 18 ildə dövlət başçısı  davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illərin rəsmi statistikasına diqqət yetirsək bu mənzərəni aydın görərik. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.

2018-ci ildə keçirilən andiçmə mərasimində dövlət başçısı cənab İlham Əliyev bu əminliyi də ifadə edib: “Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olub. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik.” Ötən il Azərbaycan dövlət müstəqilliyinin yenidən bərpasının 30 illiyini qalibiyyət ruhunda qeyd etdi. 30 ildən sonra yaşanan  Zəfər harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır, Qarabağlı və Şərqi  Zəngəzurlu Azərbaycanın inkişafına töhfələr verməyə çağırır.

Müasir müstəqil Azərbaycanın hər uğurunda öz payı, yeri olan,  ulu öndər Heydər Əliyevin yaratdığı və hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının da Zəfərimizin və post münaqişə dövrünün reallıqları fonunda VII qurultayı keçirildi. Yeni tərkib formalaşdı, yeni qərarlar qəbul olundu. YAP – ın yeni Proqramı təsdiqləndi və sənəddə partiyanın gələcək fəaliyyəti ilə bağlı hədəfləri öz əksini tapıb. Atılan bütün addımların təməlində Azərbaycanın hərtərəfli inkişafı dayanır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə, soydaşlarımızın Böyük Qayıdışına töhfələr vermək əsas hədəflər sırasındadır.

Təbii ki, bir yazı çərçivəsində Azərbaycanın 11 aprel 2018-ci il prezident seçkilərindən sonra, ümumilikdə son 18 ildən artıq dövrdə qazandığı uğurları tam əhatə etmək mümkün deyil. Reallıq budur ki, bütün hədəflərə zamanında nail olunur. İslahatlar prosesi davamlı xarakter alıb. Arxada qalan hər gün Azərbaycanın Zəfər tarixinə yeni səhifələri yazır. Ölkəmiz qazandığı uğurlarla kifayətlənmir, daim irəliyə baxır.

Elməddin Quliyev

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button